Dünya bazarında neft qiymətlərinin ucuzlaşması fonunda Azərbaycanda dollarlaşma meylinin artıb-artmayacağı sualı gündəmə gəlib.
Mövzu ilə bağlı iqtisadçı professor Elşad Məmmədov KONKRET.az-a açıqlamasında bildirib ki, neftin qiymətinin enməsi ölkəyə daxil olan valyuta axınında azalmalara səbəb ola bilər.

Professorun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının ixracında neftin xüsusi çəkisi böyük olduğundan, qiymətlərin düşməsi valyuta daxilolmalarını təbii olaraq azaldır. Lakin buna baxmayaraq, o, əhalinin dollara yönəlməsini rasional addım hesab etmir:
“Neft qiymətləri düşəcəyi halda ölkəyə daxil olan valyutanın həcminin azalması proqnozlaşdırıla bilər. Ancaq düşünürəm ki, hətta belə bir şəraitdə də əhali dolları prioritet investisiya istiqaməti kimi seçməməlidir. Son illər dolların alıcılıq qabiliyyəti xeyli zəifləyib. Bu səbəbdən dollar yatırımlarının böyük iqtisadi imkanlar yaradacağını gözləmək doğru olmaz,” – o, bildirib.
Məmmədov hesab edir ki, qlobal inflyasiya və dolların dəyərindəki nisbi geriləmə fonunda vətəndaşların investisiya qərarlarında daha çox diversifikasiya və risklərin ölçülməsi əsas götürülməlidir.
Aynurə İsmayıl
KONKRET.az
