“Neftçi” azarkeşləri İlham Əliyevə müraciət ünvanlayıb – TAM MƏTNbackend

"Neftçi" azarkeşləri İlham Əliyevə müraciət ünvanlayıb - TAM MƏTN

“Neftçi” Peşəkar Futbol Klubunun bir qrup azarkeşi komandanın uğursuz çıxışı ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb.

KONKRET.az həmin müraciətin mətnini təqdim edir:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına!

Hörmətli Prezidentimiz, biz “Neftçi” PFK-nın azarkeşləri olaraq, klubumuzun acınacaqlı durumu ilə əlaqədar Sizə müraciət edirik. 100 minlərlə azarkeşin sevimli komandası, Azərbaycan futbolunun mayakı olan, xalqın komandası sayılan “Neftçi” klubu qeyri-peşəkar, futbolla heç bir əlaqəsi olmayan şəxslər tərəfindən idarə olunduğu üçün rəzalət içərisindədir. Klubda bir nəfər də olsun savadlı, futbolun incəliklərini dərindən bilən yerli funksioner yoxdur. Bunlar azmış kimi, idman direktoru vəzifəsinə ilinə 1 milyon xarici valyuta ilə maaş ödənilən isveçlinin təyin edilməsindən sonra klubdan yerli, istedadlı gənc futbolcularımızın uzaqlaşdırılması siyasəti aparılır.

Son iki ildə rəhbərliklə bərabər, idman direktoru, seleksiya işlərini həyata keçirən şəxslər qısa müddət ərzində 15-16 nəfər əcnəbi futbolçunu böyük məbləğ qarşılığında komandaya gətirir, onlarla 2-3-4 illik müqavillələr imzalanır, 6 ay keçəndən sonra müəyyən təzminatlar qarşılıgında sözləşmələrinə xitam verilir. “Neftçi adına layiq olmayan səviyyəsiz futbolçular cəlb edilərək, dovlətimizin büdcəsinə ziyan vurulur.

“Neftçi” klubu xalq komandası kimi daim dövlət budcəsindən maliyyələşir. Sponsor Dövlət Neft Sirkəti olduğuna görə klubumuz həm də dövlətimizin komandası hesab edilir. Bu klub həm də minlərlə neft sənayesində gecə-gündüz çalışan qəhraman neftçilərin komandasıdır. Sevimli “Neftçi”miz müstəqililik dönəmində – 2012-ci ildə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edən ilk Azərbaycan klubu olub. 2010-2015 ci-illər ərzində “Neftçi” qazanılmış 3 çempionluq, 2 ölkə kubokunu da yerli futbol funksionerlərin rəhbərliyi altında əldə edib.

Hörmətli Prezident! “Neftçi” tarixi boyu bütün uğurlarını yerli futbol funksionerlərin və yerli baş məşqçilərin rəhbərliyi altında qazanıb. Ancaq son 1,5 ildə klubda 4 əcnəbi məşqçi çalışib. Hər birinin uzunmüddətli müqavilələri olmalarına rəğmən, anlaşmalara təzminatlar qarşılığında vaxtından əvvəl xitam verilib.

Bu gün də “Neftçi”ni ukraynalı əcnəbi məşqçi çalışdırır. Bu məşqçinin də işi nəticəsində doğma “Neftçi”miz, tarixinin ən qara günlərini yaşayır və 6 oyundan sonra turnir cədvəlində, 10 klublu çempionatda 9-cu sıradadır. Məşqçilər “əlcək kimi” dəyişdirilir. Edilən əcnəbi transferlər klubun strategiyasına, fəlsəfəsinə uyğun gəlməyən zəif və karyeralarının sonlarına doğru gedən yaşlı futbolçulardan ibarətdir. Bunun da müqabilində xarici valyuta ilə milyonlar havaya sovurulur.

Bütün bunların səbəbi isə klub rəhbərliyində və Müşahidə Şurasında futboldan anlayışı olmayan şəxslərin yer almasıdır. Ölkəmizin ən strateji əhəmiyyətli qurumu Dövlət Neft Şirkəti tərəfindən maliyyələşdirilən və 20-30 milyon manat arasında büdcəyə malik olan, yüz minlərlə insanın sevimlisi “Neftçi” komandası bərbad idarəçiliyə görə acınacaqlı duruma düşüb. Ölkə çempionatının yüksək liqasını tərk etmək qaçılmaz reallığa çevrilib. Klub rəhbərliyində Azərbaycan futbolunun mentalitetini bilən, ona bələd olan yerli mütəxəssislərimizin olmaması biz azarkeşləri, eləcə də futbol ictimaiyyətini çox üzür.

Möhtərəm Ali Baş Komandan, hər bir Azərbaycan vətəndaşının Prezidenti, sevimli İlham Əliyev, biz “Neftçi” azarkeşlərinin yeganə ümidi Sizsiniz. Azərbaycan futbolunun tarixi klubunun rəzalətdən, uçurumdan qurtarılması naminə, biz azarkeşlərin Sizin köməyinizə böyük ehtiyacı var. Ümid edirik ki, müraciətimiz diqqətsiz qalmayacaq və Sizin sayənizdə “Neftçi” peşəkarcasına idarə edilərək, layiq olduğu yerlərə qayıdacaq. Var olasınız! Allah Sizi qorusun!

Elxan Xəlilov

Ramin Həmidzadə

Tofiq Mustafayev

Səbuhi Qasım

Fazil Dadaşov

Ədalət Məmmədli

Elnur Quliyev

Fərid Zeynalov və digərləri

Məlik,

KONKRET.az

  • Toni
    Sentyabr 18, 2024 - 02:55

    Qullar ozunu taxta oturmus şexse muraciyyet edirler helede sebebleri tehll ede bilmeyibler ezilmis yaziq kutle

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*