Neftin “su qiymətinə” düşməsi: Putinlə Salman tezliklə anlaşmasa, fəlakət olacaqbackend

Neftin “su qiymətinə” düşməsi: Putinlə Salman tezliklə anlaşmasa, fəlakət olacaq

Dünya birjalarında neftin qiymətinin birdən birə 30 faizdən çox aşağı düşməsi yeni qlobal iqtisadi böhran təhlükəsi yaradıb. KONKRET.az xatırladır ki, neftin qiymətinin bu cür kəskin aşağı düşməsi gözlənilən idi. Çünki dünyada tüğyan edən koronavirus epidemiyası və nəticədə tələbatın kəskin azalması fonunda hasilatın azaldılmasına dair anlaşmanın uzadılmasına dair OPEC+ formatında aparılan danışıqlar Rusiyanın qarşı çıxması ilə iflasa uğradı. Üstəlik Səudiyyə Ərəbistanı bunun ardınca elan etdi ki, hasilatı kəskin artırıb sutkada indiki 9.3 milyon barreldən 12 milyon barrelə çatdırmaq niyyətindədir. Burada məqsəd Rusiyanı Avropa neft bazarında sıxışdırmaqdır.

Bu cür olduqca pessimist xəbərlərin fonunda martın 9-da London birjasında hərraclar başlayan kimi neftin qiyməti kəskin aşağı düşüb, “Brent” markalı neftin 1 barrelinin qiyməti 45 dollardan 31 dollara qədər enib. WTI markalı neft isə 29 dollara qədər ucuzlaşıb.

Bu xəbərlərlə bağlı Rusiya rublu da kəskin dəyər itirib, “Forex” bazarında günün birinci yarısında 1 ABŞ dolları 75 rubla satılırdı. Sonuncu dəfə dollar Rusiyada 2016-cı ildə bu cür bahalaşıb.

Honkonq fond birjasında da hərrac həftəsi səhmlərin 4 faizə qədər ucuzlaşması ilə başlayıb. Yaponiyanın Nikkei fond birjasında isə indekslər 5.3 faiz aşağı düşüb. Martın 9-u Rusiyada qeyri-iş günü olduğundan Moskva birjasında hərraclar keçirilmir, amma gözlənilir ki, sabah Moskva birjası da çökəcək.

Doğrudur, günün birinci yarısında London birjasında neft itirdiyi dəyərin bir qismini geri qaytarıb və “Brent” markalı neftin 1 barreli 36 dollara qədər qalxıb. Lakin analitiklər bunun müvəqqəti olduğunu, neftin hətta 20 dollara qədər ucuzlaşa biləcəyini proqnozlaşdırırlar.

“Bloomberg” yazır ki, sonuncu dəfə neft Fars körfəzində müharibənin başa çatdığı 1991-ci ildə bu cür kəskin ucuzlaşmışdı. Qərb nəşrləri yazırlar ki, Rusiya ilə Səudiyyə Ərəbistanı öz aralarında kompromis əldə edə bilərlər, ancaq neftin qiymətinin çökməsi bundan sonra da davam edərsə o zaman prosesi heç kim dayandıra bilməz, ən azından növbəti beş il ərzində. Bu isə dünyada bütün neft hasilatçılarına güclü zərbə olacaq.

“The Times” qeyd edir ki, Səudiyyə Ərəbistanının hasilatı kəskin artırmaq qərarı Rusiyaya qarşı “neft müharibəsinin” elan edilməsidir.

Qeyd edək ki, “Brent” markalı neftin qiyməti ucuzlaşaraq bir barrelə görə 32,28 dollar olub. “Qara qızıl”ın may fyuçerslərinin qiyməti 28,69% azalıb. WTI markalı neft isə 31,35% ucuzlaşma ilə bir barrelə görə 28,33 dollar olub.

Görünən odur ki, neftin qiymətində minimum göstərici 2016-cı ilin yanvarında müşahidə olunub. “Blumberq” nəşri bu göstəricini 1991-ci ildə Fars körfəzindəki müharibədən sonra kəskin azalma adlandırıb. “Goldman Sachs” bankının proqnozuna görə, neft bazarında yaranan təşviş yanacağın qiymətinin bir barrelə görə 20 dollaradək düşməsinə səbəb ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*