Nəsrullah, Haniyə və Sinvar məhv edildi – İsrailin növbəti hədəfi kimdir? – Qəzza ilə bağlı ŞOK PROQNOZbackend

Nəsrullah, Haniyə və Sinvar məhv edildi - İsrailin növbəti hədəfi kimdir? - Qəzza ilə bağlı ŞOK PROQNOZ

İrana bağlı proksi qüvvələrin liderlərinin bir-bir aradan qaldırılması İsrailin Qəzzada öz hədəflərinə çatdığını deməyə əsas verir. Artıq bu mübarizədə İsrailin qalib gəldiyini və bölgəyə nəzarəti tam şəkildə ələ aldığını deyənlər də var. Bəs görəsən, Qəzzanı bundan sonra hansı aqibət gözləyir. Orada proseslər necə cərəyan edəcək və İsrailin növbəti hədəfləri nədən ibarət olacaq?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Asif Nərimanlı bildirib ki, sözügedən prosesdə Qəzza ilə İsrailin əməliyyatlar apardığı digər bölgələri ayırmaq lazımdır:

“Düşünürəm ki, Qəzzada fərqli, digər bölgələrdə isə başqa ssenarilər yaşana bilər. Qəzzada İsrailin mübarizə apardığı HƏMAS-ın dövrü artıq bitmək üzrədir. İsmayıl Haniyənin öldürülməsindən sonra Yəhya Sinvar əsas liderlərdən biri idi. İndi onun məhv edilməsi ilə HƏMAs-ın daxilində lider ola biləcək ciddi fiqur qalmayıb. Təbii ki, bu gün HƏMAs-ın siyasi bürosu Qəzzadan kənarda fəaliyyət göstərir. Onlar arasında yeni bir liderin çıxması və ya təyin olunması mümkündür. Amma bu şəxs, əvvəlkilər kimi nüfuzlu olmayacaq. Digər tərəfdən, HƏMAs qruplaşması ciddi dərəcədə zəifləyib. Bütün bunların fonunda Qəzzanın yerli əhalisi də atəşkəsin əldə olunmasının tərəfdarıdır. Bunun fonunda İsraildə girovların qaytarılması üçün atəşkəsin imzalanması ilə bağlı tələblər mövcuddur. O cümlədən, ABŞ-ın özü də müəyyən bir razılaşma istəyir. Ona görə də, biz Yəhya Sinvarın öldürülməsi fonunda İsrailin HƏMAS üzərində yekun qələbə qazanacağını deyə bilərik. Təbii ki, lokal əməliyyatlar davam edəcək. Amma bundan sonrakı dövrdə HƏMAs-ın daxilində daha çox parçalanma və gərginlik müşahidə oluna bilər. Artıq Qəzza məsələsi böyük ölçüdə həll edilmiş sayıla bilər. Bundan sonra isə idarəetmə məsələsi əsas müzakirə mövzusu olacaq”.

Politoloqun sözlərinə görə, indiyədək burada iki dövlət prinsipi irəli sürülüb:

“Ancaq İsrail bunu qəbul etmir. Düşünürəm ki, beynəlxalq nəzarət funksiyasını həyata keçirməklə Qəzzada müəyyən bir idarəetmə mexanizmi qurulacaq. Bu, həm ikili dövlət prinsiplərinə, həm də yerli idarəetmə funksiyasına uyğun ola bilər. Amma Fələstinə daxa çox səlahiyyətlərin verilməsi məsələsi arxa plana keçəcək. İsrail bu prosesdə daha çox nəzarətçi kimi qalmağa çalışacaq. Eyni zamanda qlobal güclərin iştirak edəcəyi Qəzzanın bərpası məsələsi də gündəmdədir. Amma Qəzzada baş verənlərlə İranın digər proksi qüvvələrinə qarşı aparılan mübarizə (Hizbullah, husilər) bir qədər fərqlidir. İndi İsrailin əsas məqsədi Hizbullahı Livanın şimal sərhədlərindən uzaqlaşdırmaqdır. Amma İsril bununla da kifayətlənməyəcək və Hizbullah-ın maksimum kiçik və zərərsiz təşkilata çevrilməsi üçün əlindən gələni edəcək. Digər hədəf isə yaxın vaxtlarda Husilərin zəiflədilməsi olacaq. Hətta Sinvarın öldürülməsindən sonra İsrail husilərin liderinin məhv edilməsini qarşıya məqsəd qoya bilər. Eyni zamanda Suriyadakı Həşdü-Şabi qüvvələrinin məhv edilməsi də İsrailin məqsədləri sırasında yer alıb”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*