“Livanda yerləşən Hizbullah yaraqlıları ilə məsələni diplomatik yolla həll etməyə hazıram”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu bəyanatla İsrailin baş naziri Benyamin Netanyahu çıxış edib.
“Hizbullaha HƏMAS-a verdiyimiz dərsi öyrənməyi təklif edirəm: heç bir terrorçu təhlükəsiz deyil. Vətəndaşlarımızı qorumaq və sağ-salamat evlərinə qaytarmaq əzmindəyik. Əgər bu nəticə versə, biz bunu siyasi yollarla edəcəyik, yoxsa, başqa yollarla hərəkət edəcəyik”, – deyə Netanyahu hökumətin iclasında deyib.
İsrailin fövqəladə hallar hökuməti naziri Benni Qantz qeyd edib ki, Hizbullahın atdığı atəşə görə ölkənin şimalında yaşayan sakinlər evlərinə qayıda bilmirlər. O, həmçinin qeyd edib ki, İsrail diplomatik həll yolu tapmaqda maraqlıdır, lakin həll tapılmasa, ordu bu təhlükəni aradan qaldıracaq.
Qeyd edək ki, İsrail və Fələstinin Həmas hərəkatı arasında müharibə başlayandan bəri ordu ilə Hizbullah arasında atışmalar davam edir. Yanvarın 6-da İsrail Hərbi Hava Qüvvələri İsrail hərbi bazasına hücumlara cavab olaraq Livanın cənubundakı Hizbullah bazalarına hücum edib. Hizbullah lideri Həsən Nəsrullah Qəzza zolağında vəziyyət dəyişməsə, İsraillə genişmiqyaslı müharibəyə icazə verib.
Rəsmiyyə Şərifova,
KONKRET.az