Nəticə verməyən anti-Azərbaycan kampaniyası, havaya sovrulan milyonlar və ölkəmizin diqtə etdiyi reallıqlar – COP29 uğurla davam edirbackend

Nəticə verməyən anti-Azərbaycan kampaniyası, havaya sovrulan milyonlar və ölkəmizin diqtə etdiyi reallıqlar - COP29 uğurla davam edir

Cənubi Qafqazda baş verənlər, hadisələrin mərkəzində dayanan Azərbaycanın reallıqları diqtə etməsi Qərb dövlətlərinin ürəyincə deyil. 30 il ərzində Azərbaycanı işğalla barışmağa çalışan Qərb regionda güclü Azərbaycanı qəbul etmir və bütün platformalarda Azərbaycan əleyhinə təbliğat aparılır. Ermənistanı birmənalı dəstəkləyənlər Azərbaycanın uğurlarını həzm edə bilmir. Ona görə də ölkəmizin siyasi imicinə zərbə vurmaq üçün əllərindən gələni edirlər. Avropa İttifaqından tutmuş, ABŞ Konqrensinə qədər bütün siyasi təşkilatlarda anti-Azərbaycan təbliğatı aparılır və ölkəmiz “etnik təmizləmədə” ittiham olunur.

COP29 ərəfəsi Qərbin başladığı anti-Azərbaycan kampaniyası geniş vüsət alanda bunun arxasında kimlərin dayandığı hər kəsə aydın idi. Qərbin nüfuzlu təşkilatlarına təsir etməyi bacaran erməni lobbisi Azərbaycanda keçirilən COP29-u gözdən salmaq və tədbiri baykot etmək üçün geniş platforma yaratmağa çalışdı. Kampaniyaya əsasən Qərbin pensiyaner siyasətçiləri cəlb edildi və aparıcı informasiya vasitələrində qarayaxma kampaniyasına geniş yer verildi. Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru, argentinalı Okamponun başçılıq etdiyi böhtan kampaniyası əsasən sosial şəbəkələrdə aparıldı. Okampo ətrafına Avropanın və Amerikanın tanınmış adamlarını cəlb etməklə, Azərbaycanı gözdən salma kampaniyasını daha da genişləndirdi. Artıq Qərb mətbuatı hər gün anti-Azərbaycan yazıları dərc edir, əsasən ermənilərin “hüquqları” qabardılır və Bakıda həbsdə olan erməni cinayətkarlarını “süddən çıxmış ağ qaşıq” kimi təqdim edirdilər. Fransanın, Niderlandın, Almaniyanın və digər Avropa dövlətlərinin KİV-lərinin manşetini bəzəyən anti-Azərbaycan yazılarının hamısının məzmunu eyni idi: Azərbaycanda insan hüquqları pozulur, Qarabağda ermənilərin etnik təmizlənməsi baş verib, Azərbaycan Qarabağı işğal edib, rəsmi Bakı Ermənistanı müharibəylə hədələyir və tezliklə Ermənistana hücum olacaq və saiır.

Bu tezisləri Avropada tirajlamaqla onlar COP29-u boykota çağırırdılar. Hədəfləri Azərbaycanın siyasi imicini zəiflətmək və ölkəmizi gözdən salmaq idi. Erməni diasporunun milyonlar xərclədiyi anti-Azərbaycan kampaniyasını aparanlar arasında təəssüf ki, Avropada yaşayan azərbaycanlılar da yer alıb. Düşmən dəyirmanına su tökən bu yaramaz adamlar hər gün onlar üçün yaradılan imkanlardan istifadə edib, Azərbaycan əleyhinə kampaniyanın bir hissəsinə çevriliblər.

Bəzi internet resursları, YouTube kanalında yayımlanan verilişlərində erməniləri geridə qoyan “vətənpərvərlər” ölkəmiz haqqında böhtan xarakterli məlumatlar yaymaqla məşğul idilər. Tezisləri erməni diasporundan və Azərbaycana qənim kəsilən Fransadan alanlar gah Avropa Parlamenti, gah da Avropa Şurasının qapısı ağzında boyunlarını bükür, onları adam yerinə qoymayan avropalı deputatlara Azərbaycandan şikayətlər edirdilər. Üstəlik öz kanallarında COP29-un Bakıda keçirilməsinə ağız əyən, dövləti aşağılayan ifadələr işlədən “azərbaycanlılar” eynən “Noyan Tapan”nın aparıcısı Qayana Arakelyan kimi danışırdılar.

Əslində, bu adamların azərbaycanlı olduqları şübhə yaradır və damarlarında təmiz azərbaycanlı qanı axan heç bir kəs bu yaramazların etdiyini etməz. Hələ üstəlik, Ermənistanın təbliğat maşının bir hissəsinə çevrilən antimilli ünsürlər Azərbaycanın uğurlarından narahat olur, ölkəmizin beynəlxalq imcindən qıcıqlanırlar. Niyəsini deyə bilmərəm, ancaq onu bilirəm ki, vətəni satanlar, ona qarşı çıxanlar, Azərbaycana xain gözlə baxanlar bu xalqa aid deyil. Azərbaycanı etnik təmizləmədə ittiham edən “həmyerlilərimiz”ə ermənilərin nə qədər ödədiyini dəqiq deyə bilmərəm. Ancaq bir müddət əvvəl deputat olmaq istəyən birinin, Tbilisidə ermənilərin aksiyasında “erməni qaçqınlara ədalət” tələb etməsi yalnız təəssüf doğurur.

Artıq COP29 öz işini başa çatdırmaq üzrədir. Bu mötəbər tədbirə ev sahibliyi edən Azərbaycan bir daha sübut etdi ki, bizim iradəmizi heç bir qüvvə sarsıda bilməz. Qərbin anti-Azərbaycan kampaniyasına xərclədiyi milyonlar isə hədər getdi. Erməni diasporu, erməni kilsəsi və Ermənistanın yaratdığı şəbəkə də ifşa olundu. Bu şəbəkədə pay sahibi olanlar, oradan bəhrələnən bəzi “soydaşlarımız”ın “işi” də bir nəticə vermədi. Deməli, Azərbaycanın işi haqq işidir və heç bir qüvvə ölkəmizi bu yoldan döndərməyə qadir deyil.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*