Nikol Paşinyan yenidən Baş Nazir seçiləcəyinə niyə bu qədər əmindir?backend

Nikol Paşinyan yenidən Baş Nazir seçiləcəyinə niyə bu qədər əmindir?

Makron ikinci dəfə Ermənistana gəlir; Paşinyanın qəfil Avropa səfərində məkrli hədəflər; onun payızadək öz postunu saxlayacağına əminliyi haradandır?..

Ermənistan adlı baş tutmamış saxta dövlətin baş nazir əvəzi Nikol Paşinyanın iki günlük Avropa turnesi davam edir. Fransa səfərini bitirən Paşinyan dünən Belçikanın paytaxtı Brüsseldə olub – NATO və Avropa Birliyinin mənzil-qərargahlarının yerləşdiyi Avropa paytaxtında.

Gizli qərbçi, “sorosçu” kimi tanınan Nikol Vovayeviçin bu dar macalda – Ermənistanda parlament seçkilərinə sayılı həftələr qalmış, həm də öz ad günündə Qərb dövlətlərinə üz tutması təbii ki, ən əvvəl özünə qarşı “qoca qitə”nin siyasi dəstəyinə əmin olmaq, özünü “əvəzolunmaz lider” kimi göstərmək niyyəti güdür. Görünür, Paşinyan 20 iyun seçkilərində əzici fərqlə qalib gələcəyinə və təzədən baş nazir postu tutacağına əmindir. Əks halda, hakimiyyətinin son günlərini yaşadığına əmin olan bir rəhbər seçki ərəfəsi xaricə işgüzar səfərə çıxmaz, ciddi danışıqlar aparmaz.

Şübhə yox ki, Qərbdə də bununla bağlı sual aktual olaraq qalır. Əlbəttə, Fransaya, bütövlükdə Qərbə Paşinyanın iqtidarda qalması sərf edir. Hər necə olmasa, o, Rusiya ilə müqayisədə “bir köynək” yaxındır, “öz uşaqlarıdır” və ilk fürsətdəcə onun Rusiyanı Qərbə satacağına inanırlar.

Parisdə olarkən Nikol Paşinyanın Fransanı Ermənistanın “1 nömrəli dostu” adlandırması da bu xüsusda çox şey deyir və yalnızca Kremlin bostanına daş atmaq kimi qiymətləndirilə bilməz. Bu, daha uzağa gedən bir məqsəddən xəbər verir. Halbuki son 44 günlük müharibədə Ermənistanı tam darmadağından xilas edən tək ölkə Rusiyadır, Fransa yox. İndinin özündə də Moskva ermənilərin əsas xilaskarı olaraq qalır…

*****

Qayıdaq Paşinyanın Rusiyaya (təkcə Rusiyayamı?) qarşı Avropa demarşına. Bu ziyarət çərçivəsində o, böhran içində çabalayan Ermənistana hansısa sanballı maliyyə və maddi dəstək ayrılmasına nail ola bilməyib. Hər necə olmasa, Avropada “beyin mərkəzləri” pis işləmir və yəqin ki, 20 iyun seçkilərinin nəticələrini gözləyəcəklər.

Başqa yandan, dünya okeanına çıxışdan məhrum, blokadada inildəyən Ermənistanın iqtisadi dirçəlişi xaricdən edilən maliyyə “inyeksiyalarına” yox, öncəliklə İrəvanın öz əsas qonşuları Azərbaycan və Türkiyə ilə əlaqələri qaydaya salmasına bağlıdır. Bunu da Avropada, Parisdə, Brüsseldə bilməmiş deyillər.

Yəni rəsmi İrəvan hələ də erməni xalqının xoşbəxtliyini uzaqlarda – Fransada, ABŞ-da, lap elə Rusiyada axtarırsa, altdan-altdan Türkə nifrəti körükləməkdə, Fransa və ABŞ-ın köməyi ilə bölgədə Türkiyəni sıxışdırmaqda, yekun etibarilə konflikti təzədən qızışdırıb köhnə status-kvonu bərpa eləməkdə görürsə, kobud şəkildə yanılır. Belə şey olmayacaq. Lap Makronun özü şəxsən İrəvana təşrif buyursa belə.

Yeri gəlmişkən, qarşıdakı payızda Fransa prezidentinin Ermənistana səfəri gözlənilir. Bu barədə Paşinyan Makronla görüş sonrası brifinqdə elan edib. Onun sözlərinə görə, pandemiya səbəbindən təxirə düşən keçənilki səfər bu il reallaşacaq. “Payızda sizi gözləyirik,” – deyə Nikol üzünü Fransa prezidentinə tutaraq, sanki o vaxtadək də baş nazir olacaq kimi əminliklə bildirib.

*****

Ancaq bu səfər nəyi dəyişəcək ki. Aydındır ki, qatı ermənipərəst bir dövlətin lideri əsla bölgədə sülhə töhfə verməkdən ötrü Ermənistana gəlməyəcək. Əksinə, “qaşınmayan yerdən yara düzəltməyə” çalışacaq. Makronun bu günədək Azərbaycanla, qardaş Türkiyə ilə bağlı verdiyi təxribatçı və sinik bəyanatlar, eləcə də Fransa parlamentinin tutduğu məlum təxribatçı mövqe ayrı qənaətə yer qoymur. Az qala coğrafiya xəritəsindən bixəbər olan Fransa başçısının Paşinyanla görüşdə yenə də Azərbaycanı öz hərbçilərini Ermənistan ərazisindən çəkməyə çağırması isə ümumiyyətlə, nonsensdir. Öz qanuni torpaqlamızdan biz niyə çıxmalıyıq ki?

Diqqət edin, ermənilərlə “sülh” naminə bizdən yenə torpaq güzəşti tələb olunur. Fransanın Qarabağla bağlı 23 illik (1997) vasitəçilik səylərinin qayəsində də elə bu məram dururdu: tarixi torpaqlarımızda ikinci qondarma erməni “dövləti”nin yaradılmasına Bakını məcbur eləmək!

Lakin artıq “arsax” qatarı gedib, “status” da gorbagor olub. Makronun dediyinin əksinə olaraq, “Dağlıq Qarabağ” inzibati bölgüsü də daha mövcud deyil. Yəni İrəvana payız səfəri olsa-olsa, Fransanın atacağı son “patron”, ermənilərin isə yapışacağı son “saman çöpü” olacaq və üstəgəl, 3 paytaxtda – Bakı, Ankara və Moskvada yalnızca əlavə qıcıq yaradacaq. Ermənistanın zərrəcə xeyrinə işləməyəcək bir qıcıq. Həm də o səbəbə ki, böyük ehtimalla, Makron İrəvandan sonra nə Bakıya dəyəcək, nə də Ankara və ya Moskvaya.

KONKRET.az yada salır ki, Makron prezident qismində artıq bir dəfə İrəvanda olub. 2018-ci ilin oktyabrında o, İrəvanda keçirilən Frankofoniya sammitinə qatılmaq üçün Ermənistana gəlmiş, hətta Nikol Paşinyanla ermənilərin oğurladığı musiqimizin sədaları altında rəqs də eləmişdi. Şuşadakı “Yallı” da daxil, bu rəqslərin İrəvana və Parisə neçəyə oturduğu artıq məlumdur: Paşinyan indi oynamaq hayında deyil, rəsmi Paris isə Azərbaycanda olan-qalan hörmətini və neytral vasitəçi imicini də itirib.

Ancaq o zaman Fransa prezidenti azacıq uzaqgörənlik edib ATƏT-in Minsk Qrupunun “qərəzsiz həmsədri” kimi, formallıq xətrinə Bakıya da gələ bilərdi. Gəlmədi. Halbuki onun sələfi – Fransua Olland 2015-ci ildə saxta “erməni soyqırımı” iddiasının 100-cü ildönümü ilə bağlı İrəvanda olarkən xala xətrinə bir gecəlik Bakıda olmuş, öz vətəninə buradan yola düşmüşdü, İrəvandan yox…/musavat.com/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*