Alimlər arıqlamağın niyə çətin olduğunu izah ediblər.
KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, “Cell” jurnalında dərc olunan araşdırmaya görə, insan beyninin əsas proqramı bədəni kök qalmağa təşviq edir, çünki bu, qədimdə sağ qalmaq üçün vacib olub.
Mütəxəssislərin sözlərinə görə, milyon illər əvvəl yağ insan üçün enerji ehtiyatı idi. Onun azalması aclıqdan ölüm riskini artırırdı, çoxluğu isə hərəkət qabiliyyətini azaldırdı. Buna görə də orqanizm təkamül ərzində yağ ehtiyatını qorumaq üçün mexanizmlər formalaşdırıb.
İndi isə qida hər yerdə əlçatan olduğu üçün həmin mexanizmlər arıqlamağa mane olur. İnsan çəki itirməyə başladıqda bədən bunu təhlükə kimi qəbul edir, aclıq hissini artırır və maddələr mübadiləsini ləngidir.
Alimlər qeyd ediblər ki, beyin əvvəlki çəkini “normal” səviyyə kimi yadda saxlayır və arıqladıqdan sonra bədəni yenidən o vəziyyətə qaytarmağa çalışır. Bu, iradəsizlik deyil, bioloji müdafiə mexanizmidir.
Hazırda istifadə olunan arıqlama dərmanları bu mexanizmləri müvəqqəti bloklayır, lakin onların təsiri hər kəsdə eyni olmur və dərman kəsildikdən sonra çəki çox vaxt geri qayıdır.
