Niyə Azərbaycan telekanalları, xüsusən AzTV cəbhə bölgəsindən dolğun reportajlar hazırlaya bilmirdi? – SƏBƏBbackend

Niyə Azərbaycan telekanalları, xüsusən AzTV cəbhə bölgəsindən dolğun reportajlar hazırlaya bilmirdi? - SƏBƏB

Xarici ekspertlər İkinci Qarabağ savaşında Azərbaycanın parlaq qələbəsini müharibəyə tam və hərtərəfli hazır olması ilə izah edirlər. Bu zaman güclü ordunun yaradılması ilə bərabər xalqın birliyi və informasiya müharibəsində üstünlük kimi cəhətlər də mütləq nəzərə çatdırılır.

Əslində, informasiya müharibəsində üstünlük əldə etməyimizin başlıca səbəbi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dünyanın nüfuzlu telekanallarına və agentliklərinə verdiyi müsahibələrlə əlaqədar idi. Həmin müsahibələrdə ermənilərin xalqımıza qarşı törətdikləri işğalçı, təcavüzkar, terrorçu, beynəlxalq hüquq və normalara, bütün demokratik və bəşəri dəyərlərə zidd siyasəti ustalıqla ifşa edildiyindən ölkəmizin informasiya blokadasına alınması, dünyanın erməni yalanlarına uyması qeyri-mümkün oldu.

Amma torpaqlarımızın taleyinin həll olunduğu çox vacib dövrdə ölkə telekanalları yenə də cəmiyyəti məyus etdi. Müharibənin gedişində bu mövzunu dilə gətirməyin  zamanı deyildi, ən əsası isə faydası yox idi. Hərçənd, sosial media şəbəkələrində “Niyə biz cəbhədəki durum, Gəncədə, Bərdədə baş verən terror aktları ilə bağlı ilk xəbəri Türkiyə telekanallarından alırıq” kimi suallar vaxtaşırı ortaya çıxırdı. Bu cür haqlı suala “İMKAN VERİN İŞLƏYƏK” kimi cəfəng, cılız, əqidəsiz cavabın verilməsi vəzifəsi doğru, qərəzsiz xəbər yaymaq, cəmiyyəti məlumatlandırmaq olanların hansı zehniyyət sahibi olduqlarını göstərirdi.

Halbuki, Birinci Qarabağ müharibəsində durum tamamilə fərqli idi. 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi qığılcımlananda və 1994-cü ilə qədər davam edən döyüşlərin gedişində azərbaycanlı jurnalistlər hadisələrin işıqlandırılmasında nəinki böyük rol oynayırdılar, hətta canlarından keçməli olurdular. O zaman AzTV-nin əməkdaşları Alı Mustafayev, Nadejda İsmayılova, Seyidağa Mövsümov, “215 KL”in reportyoru Çingiz Mustafayev, çox populyar “Azərbaycan” qəzetinin aparıcı yazarı Aydın Sadiq, “Молодёжь Азербайджана” qəzetinin müxbiri Salatın Əsgərova, ANS-in rəhbəri Vahid Mustafayev, ORT-nin xüsusi müxbiri Mais Məmmədov və başqaları Qarabağdan, cəbhə bölgələrindən reportajlar hazırlayırdılar. Məhz onların çəkdikləri kadrlar, yazdıqları məqalələr sayəsində Qarabağda baş verənlər barədə dəqiq məlumat əldə edilirdi, həyəcan təbili çalınırdı. Təəssüf, onlardan kim isə sonradan erməninin odlu gülləsinə, kimisi Əli Həsənovun soyuq siyasətinə tuş gəldi…

Azərbaycanlı ailənin Qazaxın Bağanıs-Ayrım kəndində diri-diri yandırılması, Xankəndidə erməni ləçər qadınların Nadejda İsmayılovanın üstünə hücum çəkməsi, Çingiz Mustafayevin hönkürtü ilə Xocalı soyqırımının qurbanlarını video lentinə yazması, Allahverdi Bağırovun əsirlərimizi və girovlarımızı erməni əsirliyindən qurtarması, Qarakənd üzərində yüksək vəzifəli şəxslərin olduğu helikopterimizin vurulması və sair faktlar, hadisələr həmin reportajlar vasitəsilə tamaşaçılara və oxuculara çatdırılırdı. Nəticədə, soydaşlarımıza qarşı ermənilərin törətdikləri soyqırımı, vandallıq aktları, müharibə cinayətləri və vəhşiliklərə hər kəs şahid olurdu. Təsadüfi deyil ki, öz peşələrini vicdanla yerinə yetirən Alı Mustafayev, Fəxrəddin Şahbazov, Salatın Əsgərova və Çingiz Mustafayev Qarabağ bölgəsinə ezamiyyət zamanı həlak oldular, şəhidlik zirvəsinə ucaldılar.

Bəs 44 günlük İkinci Qarabağ müharibəsinin media qəhrəmanı kim oldu? “CNN-Türk“ün müxbiri Fulya Öztürk və operator Halil Kahraman.

Fulya Öztürk elə fədakarlıqla, böyük ürəklə və səmimiyyətlə reportajlar hazırlayırdı ki, Türkiyə telekanallarının studiyasında ermənilərin Tərtərə atdıqları bombaların səsi eşidilirdi. Ermənilərin oktyabrın 11-də Gəncədə törətdikləri dəhşətli terror aktının ilk xəbərçisi də Fulya Öztürk və Halil Kahraman idi. Gecəyarısı canlı yayım zamanı cəsədi dağıntılar altından çıxarılan körpə uşağı göstərərək “əlinə toxundum” hayqıran Fulyanın fəryadı indiyədək qulaqlarda səslənir, eşidənlərin bağrını yarır. Bərdədə törədilən qanlı terror aktı zamanı saatlarla 7 cəsədin yanında dayanaraq reportaj verdikdən sonra hönkürtü ilə ağlayan Fulyanın xəstəxanalarda yaralılarımızla necə şəfqətlə danışmasını, canı ağrıyan qardaş və oğullarımızın nə qədər cəsur, qorxmaz olduqlarını tamaşaçılara çatdırmasını hər kəs görürdü.

Şuşanın işğaldan azad olunduğu, Ermənistanın kapitulyasiya etdiyi sevincli anlarımızda Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti başa çatan kimi Fulya Öztürk artıq Gəncə şəhərinin küçələrindən canlı yayıma çıxan ilk reportyordu. 44 günlük müharibə zamanı cəbhə bölgəsində və arxa cəbhədə baş verənləri peşəkarlıqla, böyük ürəklə işıqlandırdığı üçün Fulya Öztürk xalqımızın sevimlisinə və media qəhrəmanına çevrildi. Ondan və digər türk jurnalistlərdən bir dəfə də olsa “imkan verin işləyək” kimi eybəcər bəhanə eşidilmədi. Çünki Fulya işləyirdi. Çünki işləyən elə o idi…

Noyabrın 1-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Prezident İlham Əliyev “Türkiyənin media nümayəndələri də gecə-gündüz döyüş meydanlarında öz həyatlarını risk altına atırlar və bu görüntüləri dünya daha çox Türkiyə mediası vasitəsilə görür” deyərək, türkiyəli jurnalistlərə təşəkkürünü bildirmişdi.

Məhz bu səbəbdən təkcə ölkəmizdə deyil, xaricdə yaşayan azərbaycanlılar internetin məhdudlaşdırıldığı günlərdə informasiyanı Türkiyə telekanallarından almağa üstünlük verirdilər. Burada istisnanı yalnız Prezident İlham Əliyevin müsahibələri və xalqa müraciətləri təşkil edirdi. Xalq öz Prezidentini dinləmək üçün Azərbaycan telekanallarına baxmağa məcbur olurdu.

Nəzərə alsaq ki, Azərbaycanın ilk televiziyası Türkiyədən 6 il öncə fəaliyyətə başlayıb, üzləşdiyimiz mövcud durum ürəkağrıdıcıdır.

Nədən Azərbaycan telekanalları Prezident İlham Əliyevin yürütdüyü güclü siyasətin fonunda bu qədər zəifdir və qalib dövlətimizin adına layiq deyil?

 Niyə Azərbaycan telekanallarının xəbərlər, ictimai-siyasi proqramları cəbhə bölgəsindən dolğun reportajlar hazırlaya bilmirdilər?

  Nəyə görə Azərbaycan telekanallarının bölgələr üzrə xüsusi müxbirlərinin səviyyəsi peşəkarlıqdan bu qədər çox uzaqdır?

Onların ədəbi dil normalarından kənar, ləhcəli danışıqları, zahiri görkəmləri təəccüb və anlaşılmazlıq doğururdu. 44 gün ərzində dağılmış evləri, ələ keçirilmiş texnikaları göstərməklə və yerli sakinlərə şablon fikirlər söylətməklə kifayətlənirdilər. Əgər həmin dağıntıya ermənilərin evləri məruz qalsaydı, erməni jurnalistləri bütün dünyanı ayağa qaldırardılar. Bizim əksər reportyorlar isə yalnız bir əlində mikrofon tutmaq, digər əlini isə lüzumsuz şəkildə yelləməklə, onsuz da efirdə görünənləri sadalamaqla məşğul idilər. Hadisə yerindən “reportaj” adətən bir ifadəsiz fon önündə monoloqdan ibarət idi. O sözləri demək üçün vergi ödəyicilərinin hesabına rayona getmək, texnika, cihaz, aparat daşımaq, peyk rabitəsini işlətmək lazım deyil. Bu cür “reportaj”ı Bakıdan çıxmadan, istənilən binanın iki kvadratmetrlik divarı qarşısında, lap elə teleşirkətin darvazası önündə çəkmək olar. Yaxşı, vaxtını almayaq, ay mikrofontutan! Deyirdin ki, işləməyə qoyaq? Qoyuruq, get işlə!

Bir vaxt Kəlbəcər və Laçındakı azərbaycanlı evlərinə soxulan ermənilər isə indi foto və televiziya kameraları qarşısında göz yaşı tökür, məcburi köçkünə çevrildiklərini, evsiz qaldıqlarını bütün dünyanın gözünə dürtürdülər.

Gəncədə, Bərdədə terror aktları baş verəndə “jurnalist”lərimiz evi xaraba qalmış yerli sakinlərə “biz qorxmuruq, buradan qaçmayacağıq” dedirtməklə, necə dəhşətli faciənin baş verdiyini, ermənilərin xalqımıza qarşı necə böyük hərbi cinayət törətdiklərini doğru-düzgün çatdıra bilmirdilər. Danışdırılanların əhvalında nə nifrət, nə qəzəb vardı. Sanki deyirdilər: “Qoldur da, nə olsun, oyunun axırına hələ 70 dəqiqə var…”.

Ölkənin əsas telekanalı sayılan AzTV-nin yalnız bölgə müxbirləri sarıdan deyil, ümumən böhran keçirdiyi göz qarşısındadır. Bu kanalın “Xəbərlər” proqramı isə telejurnalistika sahəsindən tamamilə uzaq düşüb. “Xəbərlər”in əyləncəli məkanı xatırladan abırsızcasına böyük studiyasından ötürülən süjetlər, işıqları sayrışan, durmadan hərəkət edən döşəmə və divarlar arasında sanki parkda gəzən kimi var-gəl etməklə məşğul olan aparıcıların təqdimatları nağıl mətnlərini xatırladır. Görəsən, xəbər mətnlərini necə hazırlanmağı və təqdim etməyi bu kanalda bilən varmı?

AzTV-nin baş verən hadisələrə çevik reaksiya verə bilməməsi bu müharibə dönəmində bütün çılpaqlığı ilə üzə çıxdı. Gəncədəki 11 oktyabr terror aktı zamanı İTV və CBC telekanalları səhər erkəndən proqramı dəyişib hadisə yerindən canlı yayıma başlasalar da, AzTV heç nəyə məhəl qoymayaraq “TeleSəhər” proqramını davam etdirdi. Gəncəlilərin dağıntılar altından çıxarıldığı ağır anlarda proqrama dəvət olunmuş üzügülər qonaqlarla  müxtəlif mövzular üzrə söhbətlər aparılırdı.

Bərdədən dəhşətli kadrların – yanmış maşınların, külə dönmüş insan cəsədlərinin fonunda isə AzTV-nin “Əsas məsələ” proqramında azad edilmiş torpaqlarda turizm potensialından danışılırdı. Proqram azərbaycanca yayımlanmasaydı, adama elə gələrdi ki, düşmən televiziyasına baxırsan. Çünki bu cür anti-insani yanaşmanı başqa çür izah etmək qeyri-mümkündür?

Nədən AzTV-nin Qərb ölkələrində olan xüsusi müxbirləri həmin ölkələrin siyasi elitası ilə əməkdaşlıq əlaqələri qura bilməyib? Bu məqamın dünyanı bürümüş qlobal pandemiya ilə heç bir əlaqəsi yoxdur. Əgər xüsusi müxbirlər ABŞ-ın konqresmenləri, Avropa Birliyinin parlamentariləri, hökumət üzvləri ilə müsahibələr edə bilmirlərsə, o zaman onların rəsmi qurum binalarının qarşısında dayanıb xarici mediadan oxuduqlarımızı bizə çatdırmaqlarına lüzum varmı? Məgər onlar ABŞ konqresmenlərindən və ya Dövlət Departamentinin əməkdaşlarından müsahibələr, açıqlamalar alan “Turan” agentliyinin xüsusi müxbiri, “Alex” imzası ilə tanınan Ələkbər Raufoğlu qədər bacarıqlı deyillər? ANS-in ingilis dilində rüsvayçı sınıq-salxaq tərzdə danışan bədnam müxbiri Qənirə Ataşova Ağ evin brifinqlərinə qatıla bilirdi… Bəs AzTV-nin xüsusi müxbirini orada görən olubmu?

AzTV-nin bölgə müxbirlərinin ötürdükləri xəbərlər, çəkdikləri reportajlar nəinki Fulya Öztürkün, heç türkiyəli bloger Ruhi Çenetin işğaldan azad olunan Talış kəndindən çəkdiyi bircə reportajla belə müqayisə oluna bilməz. İzləyicilər gördülər ki, ermənilərin qoyub qaçdıqları mövqeləri və döyüşə yaxın bölgədəki vəziyyəti çəkərkən Ruhi yaxınlığa düşən top mərmisindən qorxmadı və çəkilişini davam etdirdi. AzTV-nin yerli müxbiri isə top atəşi olarkən təkcə səsdən elə panikaya düşdü ki, kənd sakininin köməyi ilə evdən “dördayaqlı” şığıdı və sürücünü dayanmadan “tez elə, sür”  deyə bağıraraq həmin yerdən uzaqlaşmağa tələsdirdi. Can şirindir və heç kimi qorxu hissinə görə qınamaq olmaz. Amma evi dağılmış insanlara “heç vecimizə deyil” dedirdənlərin panikaya düşməsinin “müxbirinin necə təhlükəli yerdə işləməsi” təəssüratını yaratmaq məqsədilə efirə verilməsi ucuz təbliğat, özünütərifdir.

Ona görə də, Ruhinin çəkdiyi videonun paylaşılmasının üzərindən 24 saat keçməmiş izlənmə sayı təxminən 881 minə çatdı, AzTV isə belə baxış sayını bu gedişlə yalnız arzulaya bilər.

Maraqlıdır, Azərbaycanın ilk televiziyası olan AzTV-nin cəmiyyətin tələblərinə cavab vermədiyini bu sahəyə cavabdeh olan dövlət məmurları görmürlərmi? Axı televiziyanın rəhbəri aparıcılıq edib, özünü ekranda göstərməklə deyil, peşəkar kollektivin formalaşdırılması ilə məşğul olmalıdır. Nədən bu kanala Prezidentin komandasına uyğun gələn, peşəkar fəaliyyəti və təvazökar davranışı ilə hakimiyyətə hörmət qazandıracaq, xalqa vicdan və peşəkarlıqla xidmət edəcək rəhbər şəxs təyin olunmur? Axı, Azərbaycan Televiziyası, böyük öndər Heydər Əliyevin təbirincə desək, milli sərvətdir. Azərbaycanın vizual tarixini lentə alan əsas televiziyanın bu səviyyəyə düşməsinə yol vermək olarmı?

Səid CƏFƏROĞLU,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*