Müəllimlərin işə qəbul imtahanlarında yüksək nəticə göstərən müəllimlərin şəhər, daha aşağı bal toplayanların isə kənd məktəblərinə göndərilməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Kimisi bu qərarı məqsədəuyğun hesab etsə də, bir çoxları mövcud vəziyyəti ədalətdən kənar hal kimi qiymətləndirməkdən çəkinmir. Buradan belə nəticə çıxır ki, kəndlərdə təhsil alan şagirdlərə daha az nəticə göstərən (məntiqlə yanaşsaq daha aşağı savadlı) müəllimlər dərs keçə bilər. Şəhərdə təhsil alanlara isə əksinə daha savadlı pedaqoqlar təhsil verməlidir.
Bəs görəsən MİQ imtahanlarında yüksək nəticə göstərən müəllimlərin şəhər, az bal toplayanların isə kənd məktəblərinə düşməsi nə dərəcədə məntiqlidir.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, bu, haqlı iraddır və ciddi problemdir: “İllərdir Azərbaycanda kənd, şəhər, region məktəbləri deyə bölgü aparılıb. Ölkənin bir regionundan digərinə cəmi 3 saatlıq maşın yolu məsafəsi var. Amma biz hər şeyi, hətta müəllim ordusunu da bölmüşük. Bu isə doğru deyil. Elə bir sistem hazırlanmalıdır ki, məktəblərin reytinq cədvəlinə uyğun bölgü aparılsın. Yəni daha yaxşı nəticə göstərən məktəblərdə işləmək istəyən müəllimlərin balı da yüksək olmalıdır. Amma indiki halda şəhər məktəblərinin balı daha üstündür və bu da ora sənəd verən müəllimlərin sayının çoxluğu ilə bağlıdır. Bunun əsas səbəbi isə şəhər yerlərində repetitorluğun və kölgə təhsilinin geniş yayılmasıdır. Hər kəs istəyir ki, şəhər məktəblərinə düşsün və burada repetitorluqla məşğul olsun. Çünki repetitorların kənd məktəblərində perspektivləri yoxdur”.
Təhsil ekspertinin sözlərinə görə, yüksək bal toplayan müəllimlərin şəhər, aşağı nəticə göstərənlərin isə kənd məktəblərinə müəllim kimi göndərilməsi təəssüfedicidir: “Düşünürəm ki, məktəblərin reytinq cədvəli hazırlanmalıdır. Nəticələri daha yüksək olan məktəblərdə işləmək üçün müəllimlər qarşısında ayrıca tələb qoyulmalıdır. Bu zaman daha yüksək bal göstəricisi əsas götürülə bilər. Amma sadəcə şəhər məktəbi olduğu üçün bura yuxarı bal yığan müəllimlərin göndərilməsi yolverilməzdir. Odur ki, Müəllimlərin İşə Qəbul (MİQ) müsabiqəsində yeni mexanizm işlənib hazırlanmalıdır. Bunun üçünsə məktəblərin reytinq cədvəli tutulmalıdır. Daha sonra isə yuxarı reytinqli məktəblərə qəbulda yüksək tələblər qoyula bilər”.
Müşviq Tofiqoğlu,
KONKRET.az