“Paşinyanın Rusiyanın Ermənistana silah verməməsi ilə bağlı açıqlamaları birinci sinif şagirdinin bəhanələrinə bənzəyir. Əgər mən dövlət başçısıyamsa və müttəfiqim mənə silah vermirsə, hamıya əl uzadıb özümü təmin etmək üçün əlimdən gələni etməliyəm. Bizə silah verilmədiyi üçün bacarıqlı ordumuz yoxdur deyə qorxutmaq lazım deyil. Rusiya vermir – Hindistandan, Amerikadan, Avropadan al. Bəli, hətta Türkiyə də satarsa, al. Bu, Vətəni qorumaq məsələsidir!
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyan Civilitas TV-yə müsahibəsində bildirib:
“2018-ci ildən Ermənistanda baş verən hadisələr Rusiyaya qarşı deyil, Ermənistana və bütün erməni xalqına qarşı yönəlib”, – deyən Ara Abramyan qeyd edib ki, “Əgər bu proses indi dayandırılmasa, onda daha bir soyqırım olacaq, Qarabağda adam qalmayacaq!”
O, müsahibəsində Qarabağ məsələsinin çox önəmli olduğunu vurğulayıb: “Hər hansı bir sənədi imzalayarkən çox diqqətli olmalıyıq, hər vergülünə diqqət yetirməliyik. Söhbət sənəddən, kağız parçasından getmir. Söhbət insanların həyatından gedir”.
“Biz, ümumiyyətlə, nə baş verdiyini bilmirik, etibarlı məlumatımız yoxdur. Bir şeyi deyirlər, bir müddət sonra tamam başqa məsələ ilə üzləşirik. Bunu da onunla əsaslandırırlar ki, şərait bu cür inkişaf edib, vəziyyət dəyişib. Niyə vəziyyət bizim üçün daim yalnız pisə doğru dəyişir? Hiss olunur ki, Ermənistan-Qarabağ-Diaspor məsələlərində kimsə hansısa qərarlar qəbul edir ki, bu da vəziyyətimizi daha da pisləşdirir. Baş nazir bizi davamlı olaraq qorxudur, bunu etməsək, daha pis olacağını deyir, Əliyevin etməyə çalışdığından daha çox qorxudur.
Bizim təşkilat (Rusiya Erməniləri İttifaqı) həmişə müxtəlif müzakirələrdə iştirak edib, hətta Levon Ter-Petrosyanın, Köçəryanın, Serj Sarkisyanın dövründə də, ekspertlərimiz danışıqlar prosesinə öz töhfələrini veriblər.
Hərdən mənə deyirlər ki, açıqlamalarımda çox aqressivəm. Amma fakt budur ki, bu gün elə şeylərdən danışırıq ki, emosiyalarsız danışmaq mümkün deyil. Ölən əsgərin anasının həbs olunmasını, “biz bunu edə bilmirik, ordumuz bacarmır, müqavimət göstərə bilmirik” kimi ifadələrlə ordumuzu dəyərdən salmasını necə emosiyasız qəbul etmək olar?
Bu gün Ermənistan-diaspor əlaqəsi itib, sadəcə olaraq yoxdur. Ermənistan hakimiyyəti, Diasporla İş üzrə Müvəkkil Aparatı mövcud əlaqələri metodik şəkildə məhv edir.
Ermənistana güclü ordu lazımdır. İndiki hakimiyyət elə vəziyyətə gətirib ki, Türkiyə və Azərbaycan hamı üçün Ermənistandan daha önəmli olub. Mən çox istərdim ki, Rusiya müdaxilə edib ordu göndərsin, lakin biz bütün bunları başa düşməliyik ki, bu gün Rusiya üç cəbhədə döyüşmək iqtidarında deyil və ona görə də alternativ axtarın”, – deyə Ara Abramyan bildirib.
Sevinc Paşayeva,
KONKRET.az