Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin məhkəmə prosesi davam edir.
KONKRET.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Prokuror ittiham nitqi ilə çıxış edərək Vaqif Xaçatryana 15 il azadlıqdan məhrum etmə cəzası verilməsini məhkəməyə təklif edib.
Prokuror həmçinin, çıxışında niyə Meşəli soyqırımını törətməkdə təqsirləndirilənlərdən Vaqif Xaçatryana 15 il cəza tələb etməsinin səbəbini izah edib. Belə ki, onun ittiham olunduğu soyqırım, sülh və müharibə əlehinə olan cinayətlərə görə cəzanın ən yuxarı həddi ömürlük azadlıqdan məhrumetmə cəzasıdır.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hökm çıxarılanadək 65 yaşı tamam olan şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsi qadağandır.
V.Xaçatryanın 65 yaşı keçməsi səbəbindən ona ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsi mümkün deyil. Bundan başqa, hazırda Azərbaycan qanunvericiliyinə görə, 65 yaşından yuxarı şəxslərə ittiham olunduğu ağır cinayətlərə görə 20 il azadlıqdan məhrumetmə cəzası ən yuxarı hədd sayılır.
Lakin Vaqif Xaçatryan cinayət əməllərini 1991-ci ildə törədib. Azərbaycanın 2014-cü ilə qədər qüvvədə olan qanunvericiliyində sülh və müharibə əlehinə olan cinayətlərə görə cəza müddəti 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə olub. Azərbaycanın qoşulduğu Beynəlxalq Konvensiyalara da əsasən, şəxs hadisəni törətdiyi vaxta uyğun olan qanunvericiliyə görə cəzalanmalıdır. Yəni Vaqif Xaçatryan hazırki qanunvericilikdə olan sanksiya həddində yox, əməlin törədildiyi vaxtda mövcud olan qanunvericiliklə cəzalanması hüquqi baxımdan doğrudur. Bu səbəbdən prokuror çıxışında Meşəli qatilinə qanunvericiliyə əsasən ittiham olunduğu maddələr üzrə ən yuxarı həddə olan 15 il azadlıqdan məhrumetmə cəzası tələb edib.