Sosial şəbəkələrin platformaları faktların əleyhinə kökləniblər və bütün demokratiyaları təhdid edən “yalan virusu” yaradırlar. “Guardian” qəzetinin məlumatına görə, Nobel Sülh mükafatı laureatı jurnalist Mariya Ressa belə deyib.
KONKRET.az xəbər verir ki, Filippinin ən məşhur jurnalistlərindən biri olan xanım Ressa sosial şəbəkələrin platformasının alternativ reallıqlar yaradaraq məkrli şəkildə bizim dərrakəmizlə manipurlyasiya etdiyini, düşünməyimizə imkan vermədiyini bildirib. Onun sözlərinə görə, diqqətin yalnız sosial şəbəkələrin kontentinin moderasiyasında təmərküzləşməsi insanları yayındırır. Məhz kontentin təşviqi üçün onların istifadə etdikləri platformaların və alqoritmlərin dizaynlarının “kapital təmirə” ehtiyacı var.
Xanım jurnalist sosial şəbəkələri arqumentləri söz azadlığının xeyrinə düzgün istifadə etməməkdə günahlandırıb. “Bu əlçatanlıq azadlığıdır, söz azadlığı məsələsi deyil. Bizim informasiya ekosistemimizdə nə isə kökündən düz deyil. Çünki faktları təqdim edən platformalar əslində həqiqətə uyğun deyil”, – xəbərlərin çatdırılması üzrə dünyada nəhəng platforma olan “Facebook”u nümunə gətirən Mariya Ressa vurğulayıb.
Belə kəskin mövqe sərgiləyən xanım Ressanın 2012-ci ildə həmtəsisçi kimi yaratdığı “Rappler” xəbər veb-saytı Filippində ən məşhur xəbərlər agentliyindən birinə çevrilib.
Ötən ayın əvvəllərində isə “demokratiya və möhkəm sülhün müqəddiməsi olan fikir azadlığı uğrunda cəsarətli mübarizəyə görə” Mariya Ressa rusiyalı jurnalist Dmitri Muratovla birgə Nobel Sülh mükafatına layiq görülüb./AzVision.az