Xalq artisti Rasim Balayevin 75 illik yubileyi müzakirəsiz ötüşmədi. Qocaman aktyorun yubiley günlərində müxtəlif KİVlərə verdiyi açıqlamalar onu hədəfə gətirdi.
Bəzi sosial şəbəkə istifadəçiləri R.Balayevi xalqın problemlərini dilə gətirməməklə suçladılar.
Bəs bir sənət adamını siyasi motivlərlə ittiham etmək nə dərəcədə doğrudur?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Nurəddin Mehdixanlı son həftədə diplom və orden alan bütün sənət adamlarını ürəkdən təbrik edib:
“Mən Rasim Balayevi də, Akif İslamzadəni də, Ramiz Məliki də aldıqları orden və fəxri diplomları münasibətilə təbrik edirəm. Onlara can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm. Onlar bu mükafatlara ömürlərini verdikləri sənətlərinə görə layiq görülüblər. Həmin şəxslər Azərbaycan musiqi mədəniyyətinin, teatr və kinonun inkişafında xüsusi xidmətlərinə görə mükafat alıblar və buna görə böyük sənətçilərimizi qiymətləndirən dövlət başçımıza bir sənət adamı olaraq təşəkkür edirəm. Qalan bütün söz-söhbətlər bu məqamdan, verilən diqqət və dəyərdən çox aşağıda dayanır, bu məsələni heç müzakirə mövzusuna çevirməyə belə dəyməz. Ona görə də düşünürəm ki, bu haqda danışmağa gərək yoxdur”.
Aktyorun sözlərinə görə, gənc nəsil böyük sənətkarlara mütləq hörmət etməli və onlara qiymət verməyi bacarmalıdır:
“Rasim Balayev, Akif İslamzadə, Ramiz Məlik bütün ömürləri boyu mənsub olduqları millətə, ölkəyə, dövlətə sədaqətli olublar və bu gün də xidmətlərini davam etdirirlər.
Biz böyüklərimizə qiymət verməyi bacarmalıyıq. Çünki bu gün böyüklərə qarşı hörməti unutmamalısınız ki, sabah da müəyyən məqama çatdıqda sizə hörmət olunsun. Biz nəsillər arasında sevgi və barış körpüsü yaratmağa çalışmalıyıq, nifrət körpüsü yox!
Mən bir azərbaycanlı olaraq fəxr edirəm ki, ölkəmin kino mədəniyyətinin Rasim Balayev kimi böyük bir zirvəsi var, musiqi mədəniyyətinin Akif İslamzadə kimi dəyəri var və fəxr edirəm ki, Azərbaycan teatrının Ramiz Məlik kimi böyük bir zirvəsi var. Ramiz Məliklə mən teatrda uzun illərdir ki, birgə çalışıram və bir daha dövlətimizin başçısına təşəkkür edirəm ki, Azərbaycan mədəniyyətinə və onun bugünkü yaradıcılarına bu şəkildə böyük diqqət və hörmət göstərir”.