Milli QHT Forumunda “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda tədbir keçirilib.
Konkret.az xəbər verir ki, tədbirdə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli və Qərbi Azərbaycanla bağlı fəaliyyət göstərən 30-a yaxın QHT nümayəndəsi iştirak edib.
Tədbiri giriş sözü ilə açan “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə QHT-lərin Qərbi Azərbaycana qayıdış prosesindəki əhəmiyyətindən, onların yerli və beynəlxalq səviyyədə gördüyü işlərdən və əməkdaşlıq imkanlarından danışıb.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Qarabağ” informasiya-kommunikasiya texnologiyaları gənclər ictimai birliyinin sədri Nurəddin Mehdiyev Qərbi Azərbaycana qayıdış məsələsində QHT-lərin oynayacağı rola toxunub, bu istiqamətdə vacib qərarların verilməsi və addımların atılmasının zəruri olduğunu qeyd edib.
O, QHT-lərin iştirakı ilə mövzunun hər zaman gündəmdə saxlanılmasının vacibliyini bildirdi və bu istiqamətdə Maraq klubunun yaradılmasını təklif etdi. Klub vasitəsilə Qərbi Azərbaycan mövzusunda müxtəlif tematik sessiyaların keçirilməsi nəzərdə tutula bilər. Bu tematik sessiyalarda Qərbi Azərbaycanın tarixi, mədəni irsi, ədəbi mühiti, təbiəti, Ermənistanın toponimik cinayətləri və digər mövzular barədə dinləmələr keçirilə bilər.