Saxta polkovniklə fotoları yayılan Roza Zərgərli DANIŞDI – ÖZƏLbackend

Saxta polkovniklə fotoları yayılan Roza Zərgərli DANIŞDI - ÖZƏL

Özünü FHN polkovniki kimi təqdim edərək Türkiyədə Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktayla görüşən Rasim Əhmədlinin ötən gün Bakıda görüntülənməsi haqda xəbərlər media manşetlərində yer alıb.

Yayılan məlumatlara görə, Rasim Əhmədli guya dünən – 20 Yanvar günü Şəhidlər Xiyabanını ziyarət edib. Məsələnin digər maraqlı cəhəti isə onun tanınmış müğənni Roza Zərgərli ilə fotolarının yayılması olub. Bəzi yerli saytların yazdığına görə, Roza Zərgərli guya bu fotoların ötən gün çəkildiyi haqda açıqlama da verib.

Bu haqda xəbərlərin yayılması hər kəsdə bir sual doğurub. Necə olub ki, beynəlxalq axtarışda olan bir şəxs Bakıya gəlib və hətta ictimaiyyət arasında görünməkdən və şəkil çəkdirməkdən çəkinməyib?

KONKRET.az mövzunun aktuallığını nəzərə alaraq tanınmış müğənni Roza Zərgərli ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bunları deyib: “Saytlar yanlış məlumat yayıblar. Mən bu il 20 Yanvar faciəsinin ildönümündə Şəhidlər Xiyabanını ziyarət edə bilməmişəm. Çünki xəstəyəm. Bu fotolar keçən ilə aiddir. O vaxt mənə bir qrup adam yaxınlaşaraq Birinci Qarabağ müharibəsinin qaziləri olduqlarını bildirdilər və şəkil çəkdirmək üçün icazə istədilər. Mən də onlarla şəkil çəkdirdim. Mən bu fotoları bu il Şəhidlər xiyabanına gedə bilməyəcəyim üçün yanvarın 19-u axşam İnstagram hesabımda paylaşmışam. Bir çox insanlar hətta niyə tez foto paylaşmağımın səbəbini soruşdular. Onlara cavab verdim ki, bu fotolar ötən il çəkilib. Və mən vətəndaşlıq borcumu yerinə yetirib bu il xiyabana gedə bilmədiyim üçün ötənilki şəkillərimi paylaşdım”.

Qeyd edək ki, apardığımız araşdırmalar zamanı da fotoların ötən il çəkildiyi məlum olub. Belə ki, Rasim Əhmədli keçən ilin noyabr ayında axtarışa verilib. Şəkillər isə ötən ilin yanvarın 20-də, yəni hələ onun barəsində axtarış elan edilmədən öncə çəkilib. Digər tərəfdən, Roza xanımın da vurğuladığı kimi, ötən ildən fərqli olaraq bu il havanın qarlı keçməsi də şəkillərin köhnəliyini sübut edir.

Müşviq Tofiqoğlu,

Sevinc Paşayeva

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*