O tarixi gündən BİR İL ÖTDÜbackend

O tarixi gündən BİR İL ÖTDÜ  

Ötən ilin fevral ayının 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrindən düz bir il keçir. Bu tədbir bir çox əlamətləri ilə yeni və maraqlı idi. Son 30 ildə münaqişə tərəflərinin liderləri ilk dəfə bağlı qapılar arxasında deyil, çox böyük auditoriya qarşısında üz-üzə əyləşmişdilər. Bu əslində sivilizasiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ilkin və ən etibarlı mənbədən məlumat alması üçün çox gözəl fürsət idi. Bu həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün də əla bir şans idi. Və Azərbaycan prezidenti bu şansdan lazımınca yararlandı və bir daha ölkəmizin cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsi haqqında sivilizasiyaya əhatəli məlumat verdi.

Prezident Əliyev tarixi faktlara əsaslanaraq bildirdi ki: ”Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Dağlıq Qarabağ bizim ölkənin ayrılmaz tərkib hissəsidir. Tarixi nöqteyi-nəzərdən, 1805-ci ildə Qarabağ xanı İbrahim xan Rusiya imperiyasının generalı Sisianovla saziş imzalayır. Bu sazişə əsasən, Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeçiliyinə keçir. Kürəkçay adlandırılan həmin sazişdə, – sazişin mətni internetdədir, – Qarabağın erməni əhalisi barədə heç nə deyilmir. 1813-cü və 1828-ci illərdə imzalanmış digər müqavilələr – GülüstanTürkmənçay müqavilələrinə əsasən Azərbaycanın qalan hissələri Rusiya imperiyasının tərkibinə keçir. Dağıstan, GürcüstanErmənistan da həmçinin. Beləliklə, bu, məsələnin tarixi tərəfidir. Daha sonra Rusiya imperiyasının süquta uğradığı, Gürcüstan və Azərbaycan Demokratik respublikaları yaradıldığı zamanlarda Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə verdiyi ilk fərmanlardan biri Yerevanın Azərbaycandan Ermənistana verilməsi və onun Ermənistanın paytaxtı elan edilməsi ilə bağlı idi. Bu da, həmçinin tarixi faktdır. Əgər siz kiməsə nəsə verirsinizsə, bu, o deməkdir ki, həmin o nə isə sizə məxsus olub”.

Cənab Prezidentin dəmir məntiqi qarşısında moderator, xanım Selest Volender məmnuncasına gülümsəsə də, Ermənistanın Baş naziri Nikol Paşinyan narahatcasına yerində qurdalandı. Ölkə başçısı çıxışına davam edərək bildirdi ki: ”1980-ci illərin sonunda Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, 300 min azərbaycanlı Ermənistan ərazisindən deportasiya olundu. Sonra Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində 1990-cı illərin əvvəlində bizim ərazilərimizin təxminən 20 faizi işğal altına düşdü və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi. Xalqımız etnik təmizləməyə məruz qalıb. 1992-ci ildə Ermənistanın əvvəlki rejimi müharibə cinayəti – Xocalı soyqırımını törətdi. Nəticədə aralarında 106 qadın, 63 uşaq olmaqla, 613 günahsız mülki şəxs vəhşicəsinə öldürüldü. Xocalı soyqırımını 10-dan artıq ölkə tanıyır”.

Söylənilən faktların görüş zalında əyləşən insanlar tərəfindən məmnunluqla qeydə alınması təbii ki, Nikol Paşinyanı narahat etməyə bilməzdi. Ona görə də dəmir məntiq qarşısında aciz qalan Nikol erməni sifətini göstərmək məcburiyyətində qaldı. O, faktlarla deyil, hay-küylə danışmağa başladı. Dedi ki:” Mən Prezident İlham Əliyevdən tarixin çox dərinliklərinə getməməyini xahiş edəcəyəm… Düşünürəm ki, çox uzağa getmək o qədər də düzgün deyil. Çünki mən daha uzağa gedə bilərdim və misal üçün, eramızdan əvvəlki 400-cü ildən başlaya bilərdim. Lakin mən bunu etməyəcəyəm. Çünki bunun düzgün yol olduğunu düşünmürəm…”

Göründüyü kimi, cənab İlham Əliyevin dəmir məntiqi qarşısında çaşıb qalan Paşinyan hazırlıqsız yaxalandı və bu məsələdə tarixə müraciət olunmasını düzgün hesab etmədiyini söylədi. Bu isə Nikol Paşinyanın və bütövlükdə erməni millətçilərinin tez-tez istifadə etdikləri priyomdur. Nəyisə sübut etmək əvəzinə cığal uşaq kimi “Yox, bu mənimdir, vermərəm”, – deyib ağlayırlar.

Həmin görüş əslində bir çox qaranlıq mətləblərə işıq saldı. Çünki bu debat Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirildiyi üçün bütün dünya tərəfindən izlənilirdi. Məhz buna görə də prezident İlham Əliyev dünya birliyini Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe nümayiş etdirməyə çağırdı. Bir daha bəyan etdi ki, münaqişənin sülh yolu ilə həllində Azərbaycan çox maraqlıdır. ATƏT-in Minsk qrupu çərçivəsində səmərəli müzakirələrə Bakı hər zaman hazırdır. Amma müharibə yolu da istisna edilmir. Çünki münaqişənin həllinin beynəlxalq təşkilatlar tərəfindən məqsədli şəkildə 30 ilə qədər uzadılması Azərbaycan üçün artıq qəbul edilməzdir. Azərbaycan xalqı beynəlxalq aləmin seyrçi və Ermənistanın isə işğalçı mövqeyi ilə daha uzun müddətə barışmaq niyyətində deyil: ”Beynəlxalq ictimaiyyətin nə etməli olduğu məsələsinə gəlincə, düşünürəm ki, ən vacib olan odur ki, beynəlxalq ictimaiyyət, – biz beynəlxalq ictimaiyyətdən danışan zaman əsasən ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini nəzərdə tuturuq, – onlar, nəhayət, Ermənistan tərəfinə çox aydın şəkildə izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ müstəqil ölkə deyil!”.

Bəli, bu debatda cənab prezident bir daha ATƏT Minsk qrupunun həmsədrlərinə çağırış etdi. Amma bu çağırış növbəti dəfə cavabsız qaldı. Ona görə də bu debatdan cəmi 7 ay sonra Azərbaycan əks-hücum əməliyyatlarına başladı. Təsadüfi deyil ki, 44 günlük müharibədə istər BMT, istərsə ATƏT Minsk qrupunun həmsədr ölkələri, istərsə də digər böyük dövlətlər Azərbaycan əleyhinə hər hansı bir sənəd qəbul etmədi və müzəffər Azərbaycan Ordusunu durdurmaq üçün hansısa ciddi addım atmadı. Çünki Azərbaycan xalqının və Azərbaycan prezidentinin adı çəkilən qurumlara və dövlətlərə verdiyi vaxt bitmişdi. 25 ildən artıq müddətdə nə BMT özünün 4 qətnaməsinin icrası, nə də ki Minsk qrupunun həmsədr ölkələri öz öhdəliklərinin yerinə yetirilməsi üçün heç bir addım atmadı. Ona görə də 6 həftəlik müharibə müddətində Azərbaycan reallıqları qarşısında bütün dünya günahkarcasına səssiz qaldı. Bu da Azərbaycan diplomatiyasının çox böyük uğuru idi. Bu uğurun bir səhifəsi də məhz 15 fevralda – Münhendə yazıldı.

Münhen debatında yadda qalan məqamlardan biri də Nikol Paşinyanın münaqişənin həllində hər vasitə ilə müharibə variantını istisna etməsi idi. O zaman Nikol Paşinyan çıxışında dedi ki: “Bu məsələdə beynəlxalq ictimaiyyətin bilməli olduğu çox konkret bir məqam var. Bir məsələ aydındır ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Hərbi yolla həll yoxdur…Çünki biz deyirik ki, münaqişə artıq həll edilib”.

O zaman öz ağalarının kölgəsində yatan Nikol Paşinyan bilmədi ki, cəmi 7 ay sonra yüksək tribunadan dediyi bu pafoslu sözlər üçün peşman olacaq. Düşəcəyi çarəsiz durumda ağalarına deyil, Azərbaycan Prezidentinə yalvaracaq. Ermənistanın Baş naziri öz aləmində düşünürdü ki, İlham Əliyevin dediyi sözlər yalnız müəyyən siyasi məqsədlər üçündür. Amma yanılırdı. Paşinyan da, onun kimi sərsəm digər erməni siyasətçiləri də qanmalı idilər ki, Azərbaycan xalqının, Azərbaycan Prezidentinin müqəddəs torpaqların daha uzun müddətdə işğal altında qalmasına dözmək fikri yoxdur. Və Münhendən səsləndirilən fikirlər beynəlxalq aləmə və Ermənistan hakimiyyətinə Azərbaycan prezidentinin son xəbərdarlığıdır. Çünki prezident İlham Əliyevin 17 il prezident kreslosunda oturmasının tək səbəbi sözü ilə əməlinin üst-üstə düşməsidir.

Azərbaycan xalqı kimə səs verdiyini və kiminlə müqəddəs vəzifələr uğrunda yola çıxdığını çox gözəl bilir. Və hadisələrin son inkişafı Azərbaycan xalqının yanılmadığını bir daha sübut etdi. Bir də o sübut olundu ki, İlham Əliyev istənilən auditoriyada dediyi sözün arxasındadır, onun icrasında sona qədər mübarizə aparmaq qüdrətindədir. Məhz 15 fevralda Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin söylədiyi fikirlərin hamısı çox qısa zamanda hərfiyən yerinə yetirildi. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, BMT-nin 4 qətnaməsinin icrasına çox qısa zamanda nail olundu, ATƏT Minsk qrupunun həmsədrlik institutunun lazımsız bir qurum olduğu dünyaya sübut edildi.

Surxay Atakişiyev,

KONKRET.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*