“Bir yaşlı uşaqdan PCR testi istəmək qəddarlıqdır” – Deputatbackend

"Bir yaşlı uşaqdan PCR testi istəmək qəddarlıqdır" - Deputat

“Dünən İstanbuldan Bakıya uçan zaman (artıq minik başlamışdı) bir xanım 3 yaşlı uşağı ilə ağlaya-ağlaya mənə yaxınlaşdı ki, 3 yaşlı uşağının PCR testi olmadığına görə onları təyyarəyə buraxmırlar. Özü Azərbaycan vətəndaşı, uşağı isə Kanada vətəndaşı idi. Xanım bilməmişdi ki, sən demə, 1 yaşlı uşağa da (mən də bilmirdim) PCR testi lazım imiş. Vaxt yox idi ki, elə hava limanda test verib gəlsin. Mən bir neçə yerə zəng etdim, amma çox gec idi, artıq təyyarəyə minməli idim.

KONKRET.az xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib. Millət vəkili bir vətəndaşın məhz bu səbəblə hava limanında qaldığını bildirib:

“O xanım hava limanında gözüyaşlı qaldı. Nə qədər danışdımsa da pasport kontrolu edənlər icazə vermədi. Dedilər ki, Bakı icazə verməsə mümkün deyil, bəzən onlara icazə verdiklərinə görə böyük cərimələr də yazıla bilər.

Açığı qanunların bu şəkildə qəddarcasına tətbiqinin lehinə deyiləm. Axı, bu avtomobil deyil, qatar deyil, ölkə daxili deyil, min km-lərlə uzaq bir ölkədə Azərbaycan vətəndaşı gözüyaşlı qaldı. Heç doğru olmadı. O xanım təbii ki, növbəti reyslə gələcək, bir az əziyyət çəkəcək,bir az daha çox xərci çıxacaq”.

Millət vəkili PCR testi ilə bağlı qaydaların yumşaldılmalı olduğunu diqqətə çatdırıb:

“Bir yaşlı uşağa da PCR testi qərarı qəbul etmək bütün dünya üçün acınaqcaqlı durumdur. Yaxşı olsun, amma qərarlarda bir əlyeri də qoyun ki, çarəsiz durumda olanlara bir kömək əli uzatmaq mümkün olsun. Əgər ana PCR testi veribsə, xəstə deyilsə, uşaq da qucağında gəzirsə, anasının boynunda, anasının üzünə üzünü söykəyərək yatırsa, anası onu yedizdirirsə, məntiq haradadır ki, anası sağlamdır, uşaq isə koronavirus.

Bu məsələlərdə mütləq şəkildə yumşalmalara getmək lazımdır. Azərbaycan vətəndaşı dünyanın harasında olursa olsun, problemlə üzləşirsə, dövləti, konsulluğu, səfirliyi, dövlət qurumları həmin an onun yanında olmalıdır, əlçatan olmalıdır. Bir çox yerlərdə çarəsiz Azərbaycan vətəndaşları görəndə özüm belə öz gözümdə hörmətdən düşürəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*