ABŞ-ın sabiq prezidenti Barak Obama yadplanetlilərin mövcudluğu ilə bağlı son açıqlamasına münasibət bildirib və sözlərinə aydınlıq gətirib.
KONKRET.az xəbər verir ki, o, “Instaqram” səhifəsində yazıb ki, kainatın ölçülərini nəzərə alaraq başqa planetlərdə həyatın mövcud olma ehtimalı yüksəkdir.
Bununla belə, günəş sistemləri arasındakı məsafələrin olduqca böyük olduğunu vurğulayan Obama, Yer kürəsinin yadplanetlilər tərəfindən ziyarət edilməsi ehtimalının çox aşağı olduğunu qeyd edib.
“Statistik baxımdan kainat o qədər genişdir ki, haradasa həyatın mövcud olma ehtimalı böyükdür. Amma günəş sistemləri arasındakı məsafələr o qədər böyükdür ki, bizi yadplanetlilərin ziyarət etməsi şansı çox azdır.
Prezidentliyim dövründə Yerə gəlmiş və ya bizimlə əlaqə qurmuş hər hansı bir sivilizasiyaya dair sübut görməmişəm. Açığı, belə bir fakt yoxdur”, – deyə o bildirib.
Qeyd edək ki, Obama daha əvvəl aparıcı Brayan Tayler Koenin podkastında iştirak edib. Sürətli sual-cavab mərhələsində ona “Yadplanetlilər realdırmı?” sualı ünvanlanıb. O isə “Onlar realdır, amma mən onları görməmişəm. Onlar 51-ci Zonada saxlanılmır. Böyük bir sui-qəsd yoxdursa və bunu ABŞ prezidentindən gizlətməyiblərsə, heç bir yeraltı obyekt yoxdur”, – deyə cavab verib.
Bu açıqlamadan sonra Herald Sun və Time kimi bir sıra xarici KİV-lər Obamanın yadplanetlilərin mövcudluğuna inandığını yazıblar.
Xatırladaq ki, Obama 2021-ci ildə də bildirib ki, Pentaqonun məxfi arxivlərində hərəkət prinsipi izah olunmayan uçan obyektlərin görüntüləri saxlanılır.
Onun sözlərinə görə, ABŞ-da naməlum uçan obyektlərin (UFO) görüntüləri mövcuddur və onların hərəkət trayektoriyasını izah etmək mümkün deyil.
Müşviq Tofiqoğlu
KONKRET.az
