Bu günlərdə Fransa ilə aramız gərgindir deyə bu ölkədə baş verən iğtişaşları məmnunluqla qarşılaya, “Fransaya əcəb olur”, “Fransaya bu da azdır”, “Paris daha betər olsun”, “Marsel odlara qalansın”, “Lion viran olsun”, “Tuluzada salamat palaz (eləcə də palace) qalmasın”, “fransızlara nə edirlər, düz edirlər” deyə bilmərik.
Çünki ortada düz edilən şey yoxdur.
KONKRET.az xəbər verir ki, Fransanın paytaxtında və başqa şəhərlərində tam bir xaos, anarxiya hökm sürür, silsilə vandalizm aktları törədilir. İnsan oğlunun ağır zəhmət, üzücü əmək, böyük məsrəflər hesabına başa gətirdiyi tikililər, daşınan və daşınmayan əmlaklar bir dəqiqənin içində odlara qalanır, məhv edilir.
Ortada yüz minlərlə orta təbəqəyə mənsub olan zərərçəkən, normal fransızlar var. Yelisey sarayının xarici və daxili siyasətindən qaynaqlanan problemlərin günah bədəlini onlara yükləmək olmaz. Hətta axırda araşdırma aparılsa, məlum olacaq ki, Fransanı idarə edən siyasətçilər, oliqarxlar bütün bu olaylardan zərrə qədər də ziyan çəkməyiblər və olan başqalarına olub.
17 yaşlı gəncin polis məmuru tərəfindən öldürülməsinə görə etiraz aksiyasına qalxanlar haqlı ola bilərlər, amma ortadakı etiraz olsa da, aksiya deyil. Bu, sadəcə, məxməri vətəndaş müharibəsidir. Bu müharibədə adam öldürmürlər, amma olayların dağıdıcılığı müharibələrdə olduğu qədərdir.
Vaxtilə Fransanın çoxsaylı müstəmləkələrindən (onların ümumi sayı dünya üzrə 225-dən çox olub), əsasən də Afrikanın şimal-qərbində yerləşən ölkələrdən – Əlcəzair, Mərakeş və Tunisdən bu ölkəyə gələn mühacirlərin üçüncü-dördüncü nəslinə aid olan gənclər hazırda Fransa üçün başağrısına çevriliblər.
Onların çoxunun nəinki özləri, hətta ata-babaları belə Afrika üzü görməyiblər, Fransada doğulub-böyüyüblər, ancaq hələ də fransız cəmiyyətinə inteqrasiya ola bilməyiblər və hər hansı bir adaptasiya haqqında da düşünmürlər. Onlar Avropanın göbəyində, Fransanın bağrında yaşayan afrikalı ərəb olaraq qalmaq istəyirlər və bunu bacarırlar. Onların Fransaya aidiyyatları yalnız fransızca bilmələridir.
Belə görünür ki, bu şəxslər özləri də özlərini fransız cəmiyyətində ikinci sort insan sayırlar, elə fransızlar da hər addımda onaıar fransız olmadıqlarını anladırlar. Fransada irqçi, millətçi fransızlar da çoxdur və ildən-ilə artırlar.
“Gəlmə” müğənnilər Co Dassen və Dalida, “gəlmə” futbolçular – Zidan və Benzema
Hamı erməni şanson Şarl Aznavur, İran əsilli Səmərqənd azərbaycanlısı Əmrulla Hüseynovun rejissor oğlu Robert Osseyn, yəhudi əsilli müğənni Co Dassen, italyan əsilli müğənni Dalida, Əlcəzair əsilli futbolçular Zinəddin Zidan və Kərim Benzema, Kamerun əsilli Kilian Mbappe deyil ki, dünyanın o başından olsalar da Fransada yaşadıqları üçün bütün fransız xalqı onları sevsin, onlarla qürur duysun və hər yerdə onları “fransız” adlandırsın. Küçələrdə avara-avara gəzən, müxtəlif cinayətlər törədən, Parisətrafı qəsəbələrdə özlərinin əmələ gətirdiyi milli gettolarda yaşayan və öz qanunlarını tətbiq edən yüz minlərlə qeyri-fransız var və onlar vaxtaşırı hansısa səbəb və ya bəhanədən şəhərləri odlara qalayırlar. Həbsxanalarda “gəlmə” canilərin xüsusi çəkisi köklü Avropa xalqlarından olan cinayətkarlardan qat-qat ağırdır.
Bir sözlə, Fransa cəmiyyətində ciddi milli və irqi uyuşmazlıq problemi var. Buraya hətta sosial sinif, zümrə amilini də əlavə etmək olar. “Gəlmələr” daha kasıbdır, yerlilər daha firavandır.
İndi iğtişaşçılar əmindirlər ki, 17 yaşlı əlcəzairli gəncin yerində fransız Mişel olsaydı və eyni cür əmrə tabe olmasaydı, polislər onun dərisinin rənginə hörmət edəcək, onu güllələməyəcəkdilər. Amma gəncin ərəb olduğu gendən sezilib və onu əfv etməyiblər. Bu, adi səhlənkarlıq, vəzifə səlahiyyətini aşmaq hadisəsi deyil. Ortada nifrət dolu yanaşma da olub və iğrişaşçıları tətikləyən, müharibə ovqatına kökləyən də məhz budur.
Doğrudan da hər dəfə əmrə tabe olmaq istəməyən sürücü, xuliqan və ya cibgir yerindəcə güllələnsə, meqapolislərdə nə baş verər? Qan su yerinə axar. O əmrə tabe olmayan gəncin xətası bəlkə də 15 sutkalıq inzibati cəzaydı və ya 1-2 il həbs cəzası verilə bilərdi, amma polis məmuru ona məhkəməsiz-filansız edam hökmü çıxarıb və özü də hökmü icra edib.
Bunun özü vəhşilik və qanunsuzluqdur. O şəxs dövlət məmuru vəzifəsi və polis poqonları daşımasına baxmayaraq, qatil kimi məhkum olunmalıdır. Çiynində poqon daşıyanların istədikləri vaxt adam güllələmək kimi ixtiyarları olsaydı, ölkələr qədim Roma dövründəki satraplıqlara dönərdi.
Ancaq bir cinayətin cəzasının verilməsi başqa və kütləvi cinayətlər törətməklə tələb edilə bilməz. O zaman şəhərlər, yaşayış massivləri yaşanmaz hala gələr, ölkə xaosa girər, yüz illərlə əldə edilən nailiyyətlər bir andaca məhv olar.
Düzdür, 1789-cu ildə Bastiliya qalasının inqilabçı kütlələr tərəfindən ələ keçirilməsindən üzü bəri Fransa dəfələrlə inqilablar yaşayıb, saysız-hesabsız iğtişaşlar, talanlar, yağmalamalar görüb, amma bu, o demək deyil ki, bu ölkə bu prosesləri vaxtaşırı yaşamalıdır. Deyəsən, belə hadisələr Fransada ənənəvi xarakter alıb, amma bu ənənə pozula, qırıla bilməzmi?
Təbii ki, xoşumuz gəlməyən prezident Nikola Sarkozinin dönəmində baş verən kütləvi iğtişaş və talanlar kimi, üzrlü səbəbdən zəhləmiz gedən Makronun zamanındakı iğtişaşlar da səngiyəcək, iğtişaşçılar zərərsizləşdiriləcək, şəhərlər bərpa olunacaq, hər şey öz yerinə oturacaq.
Amma bu, o demək deyil ki, Fransa, klassik yazıçımız M.F.Axundovun “Müsyo Jordan” pyesində deyildiyi kimi, Mərrix ulduzunun altından sivişə biləcək, daha heç zaman hansısa “dərviş”in fitvası ilə yenidən alovlara bürünməyəcək.
Bu ölkədə ciddi problemlər var və onun həlli çox çətindir. Fransa əsrlər boyu yeritdiyi işğalçılıq, xalqları əsarətdə saxlamaq, istismar etmək, repressiyaya məruz qoymaq siyasətinin cəzasını çəkir. Sadəcə, o cinayətləri törədənlər başqa fransızlar idi, bugünkü iztirabları yaşayanlar isə başqa fransızlardır. Amma fransızlara bu günü göstərənlər dəyişməyib – onlar əzilmiş xalqların müasir züryətləridir və özlərini hələ də təzyiq altında hiss edirlər.//Musavat