Hazırda həbsdə olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev haqqında maraqlı detallar üzə çıxıb.
KONKRET.az xəbər verir ki, bu barədə Əli Əliyevin ögey oğlu Kamran Cəfərov özünün facebook səhifəsində yazıb. O, Əli Əliyevin ona qarşı etdiyi düşmənçilik münasibətini və onun nə dərəcədə təhlükəli bir insan olduğunu qeyd edib.
“Uzun illər davam edən, bir çox insanların həyatını sındıran (mən daxil), insanları məhv edən düşmənçilik mövcuddur.
Mən açıq deyəcəm, Əli Əliyev mənim düşmənimdir və bu münasibətlərin uzun tarixi və dərin səbəbləri var. Qısa zaman ərzində hər şeyi açıqlamaq niyyətindəyəm, Əli Əliyevin kimliyini və nə dərəcədə təhlükəli insan olduğunu hər kəs bilməlidir, biləcək. Bu böyük pazldır (mozaika) və hər gün bir fraqmenti açıqlamaqla sonda ümumi mənzərəni sizə göstərəcəm. Əvvəldən yox, son hadisələrdən başlayacağam.
Sonda, hər şeyi aydın görəcəksiniz”, – o yazıb.
Daha sonra Kamran Cəfərov Əli Əliyevə bir neçə sual ünvanlayıb:
“İndi isə Əli Əliyevə bir neçə sualım var.
Yasamal Məhkəməsində mənim həbsimə nail olmaq üçün hansı addımlar atmısan? Məqsəd nə idi? Bu kimə lazım idi?
Şərh bölümündə sənəd yerləşdirdim, bu nə sənəddir? Bu sənəddən necə istifadə etmisən? Niyə?”
O, Əli Əliyevə görə onu tənqid edənlərə də cavab verib:
“Əli Əliyevlə açıqlamamla bağlı bəziləri mənə diplomatiya və demokratiya dərsi keçməyə çalışırlar. Halbuki prosesin içində olan insanlar danışmırlar, məsələnin nə dərəcədə ağır və dərin olduğunun fərqindədirlər.
Demokratiyaya gəlincə…
Mən nə yazdığımı çox gözəl bilirəm. Diqqətlə oxusanız görərsiniz ki, açıqlama 2 hissəyə bölünür: mənim Əliyə münasibətim və şəxsi suallar. Münasibətlərimiz və bir neçə şəxsi sual, bu qədər sadə”.
Əli Əliyevin həbsinə münasibət bildirən K.Cəfərov deyib ki, onun həbsi qanunsuzdur.
“Əli Əliyevin həbsi qanunsuzdur, bu müzakirə predmeti deyil. Hüquq müdafiəçiləri, siyasətçilər tərəfindən dəstək verilməlidir, verilir, belə də olmalıdır. Əlinin qanunsuz həbsi məni hamınızdan çox narahat edir. Onu həbsdə görmək mənim arzumdur, amma bu siyasi sifariş olmamalıdır, bu qanuni olmalıdır”, – deyə o fikrini tamamlayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az