Çox istədim yazmayım bu haqda. Ancaq bəzən ürəyindən keçəni deməlisən. Cəmiyyətdə bir stereotip var, “ölənin dalınca danışmazlar”.
Deməli, bir xalqın keçmişini, varlığını, kimliyini kor qoy məhv elə, təhrif et, onun başına hər cür oyunu aç, ancaq sən öləndən sonra sənin barəndə tənqidi fikir söyləməsin heç kim, çünki “ölüb axı”, “cəsarətin vardısa sağlığında deyəydin”, “ölənin dalınca danışmazlar”…
Cəmiyyət bu stereotipin əsiridir hələ də. Stalin ölüb, indi onun bu xalqa vurduğu zərbələri deməyəkmi? 20 Yanvar qırğınını törədən Yazov gəbərib, etdiklərini danışmayaqmı? Haçanacan bu təfəkkürün sahibi olacağıq?
Bu yazım da stereotiplərə əhəmiyyət verməyib, içimdən gələni söyləmək məqsədi daşıyır. Kim bunu ölünün arxasınca danışmaq kimi qəbul edirsə, özünü stereotiplərin təsirindən qurtarsın. Dünyasını dəyişən şəxslərin ünvanına təhqir qəbuledilməzdir, ancaq hər kəs sağlığında gördüyü işlərə görə obyektiv qiymətini almalıdır gec-tez. Hər kəs xalqa yönəlik fəaliyyət göstərəcək və elə yaşayacaq ki, öləndən sonra əmvatını mənfi tonla yad etməsinlər.
HAŞİYƏ: Ölkə Prezidenti cənab İlham Əliyev təxminən 6 il öncə Albanşünaslığın inkişafına dəstək məqsədilə 2 milyon manat vəsait ayırmışdı. 6 il keçdi. Dünən tarixçi Fəridə Məmmədovanın ölüm xəbərini eşidəndə beynimdə cövlan edən suallardan biri də bu oldu – hara getdi o 2 milyon? Nəyə xərcləndi? Bu vəsaitə hansı işlər görüldü? Neçə monoqrafiya, neçə elmi-tədqiqat əsəri ərsəyə gətirildi? Neçə albandilli yazılı qaynaq ölkəmizə gətirilərək elmi dövriyyəyə buraxıldı? Bəlkə, siz cavab verəsiniz bu suala, əziz dostlar? Şəxsən mən ortada bir dənə də olsun İŞ görmürəm.
İndi gəlin azacıq da olsa, yuxarıdakı stereotipin təsirindən çıxıb düşünək:
– 50 milyonluq bir xalqı min illərlə yaşadığı öz tarixi Vətənində “gəlmə” çıxarmaq nə deməkdir?
– Min illik bir dövlətçilik tarixini Moskvanın istəyi ilə adına kimi (ALBAN yoxsa ALPAN) təhrif etmək nə deməkdir?
– Ölkənin əsas etnosunun milli dövlətçilik tarixini və tarixi irsini ondan qopardıb “sənə aid deyil” deyərək hansısa mücərrəd “Qafqazdillilərə” aid etmək nə deməkdir?
Bunu işğalçı rus-sovet dövrü tarixşünaslığı yaxud erməni-hay tarixçiləri edəndə qəzəblə reaksiya verir, onların əməllərini açıq şəkildə söyləyirik. Yaxşı, bəs eyni şeyləri Azərbaycan sovet tarixçisi, dünənəcən Albanşünaslığın əsasını qoymuş biri kimi tanıtdırılan Fəridə Məmmədova edibsə necə? Yenə kimlərsə çıxıb ağzımızın üstündən vurmalıdır ki, “ölənin dalınca danışmazlar”?
Fəaliyyəti kiçik insanların kiçik, fəaliyyəti böyük olan insanlarınsa böyük səhvləri olur. Fəridə Məmmədova fəaliyyəti böyük olan bir insan olub. Bu səbəbdən tarix elmində yol verdiyi səhvlər və gəldiyi yanlış nəticələr də böyük görsənir. Açığı, mən özümü konyuktura xatirinə ya adətdəndir deyə hər dünyasını dəyişənə mədhiyyə oxumağa məcbur hesab etmirəm. Ələlxüsus da, anti-türkçü mövqeli hansısa bir tarixçi ilə bağlı. Bu gün hansı statusa baxırsan, F.Məmmədovanı Azərbaycan tarix elminin sütunlarından biri kimi qələmə verir, dürlü ifadələrlə bəzəyir, ruhuna rəhmət oxuyur. Səmimi olmağı bacarmırıqsa, heç olmasa susaq, cənablar və xanımlar.
Albanşünaslığa dair dərin məzmunlu tədqiqat işləri aparmaq üçün o dövrün dövlət arxivlərini ərsəyə gətirmək və bərpa etmək lazımdır, sonra həmin dövrün yazılı qaynaqlarını bir-bir oxuyub incələmək lazımdır. F.Məmmədova nə onu, nə də bunu edib. Alban əlyazmalarının mütləq əksəriyyəti Ermənistanda Matenadaranda xüsusi nəzarət altında saxlanılır və aydın məsələdir ki, F.Məmmədova heç vaxt Matenadaranda oturub hansısa əlyazmanı transliterasiya etməyib, surətini çxıararaq ölkəmizə gətirməyib, etsəydi, həmin əlyazmaların hər birini mühüm tarixi mənbə olaraq qeyd edər, əsərlər yazıb yaradardı.
Qafqaz Albanlarının etnik baxımdan bu günkü Udinlərlə (Kuştinlərlə) əlaqələndirilməsi də F.Məmmədovanın rus-sovet tarixşünaslığının hakim konsepsiyasına sidq-ürəkdən xidmət etdiyini göstərən faktdır. Əlində bir dənə də olsun udindilli yazılı qaynaq, daş kitabə olmadığı halda, bu günkü udinləri Qafqaz Albanlarına calaq edib, və etməklə də qalmayıb, bütövlükdə Qafqaz Albaniyasının tarixi irsini, dilini, etnoqrafiyasını aparıb hansısa “Qafqazdilli xalqlara” aid edib. Ona qarşı çıxış edən hər kəsi də savadsızlıqda ittiham edib. Soruşanda ki, nəyin əsasında Azərbaycan türklərinin min illik dövlətçilik irsini onun əlindən alıb Qafqazdillilərə aid etmisiniz, göz süzdürərək heç bir əsaslı və qaneedici cavab verməyib.
Qarabağda və qərbi Azərbaycanda qədim Alpanlara məxsus onlarla qədim monastır kompleksləri var, Erməni-Hay Qriqorian kilsəsinin heç vaxt monastırı olmayıb, onlarda kilsə sistemi idi və indi də belədir. Elə isə hansı Qafqazdilli xalqın – ləzginin, udinin, saxurun, avarın, xınalığın, haputun, qrızın yaşadığı bölgələrdə erkən orta əsrlərə aid monastır kompleksi var? F.Məmmədovanı sovet dövründə hansısa Qarabağ və ya qərbi Azərbaycan monastırlarında tədqiqat işləri apardığı yerdə görən olubmu? Hansı “qafqazdilli” hökmdar sülaləsini görmüşdü Fəridə Məmmədova ki, Albaniyanı “Qafqazdilli” bir cəmiyyət və dövlət hesab edirdi? Arranşahlar sülaləsi “qafqazdilli” idi ya Mehranilər? Bu, 50 milyonluq bir xalqın tarixinə balta çalmaq deyilsə, bunun adını Fəridəsevərlər qoysun o zaman.
Bəziləri F.Məmmədovanı “Biləcəridən o yana keçmiş” tək-tük tarixçilərdən hesab edir. Sadəlövh baxışdır. Elmi rəhbəri K.N.Yüzbaşyan, opponentləri də Yeremyan və Qukasyan olan Fəridə Məmmədova rusdilli mühitin yetirməsi və anti-türk Sumbatzadə-İqrar məktəbinin “məzunu” olduğuna görə monoqrafiyasını rus dilində yazıb, müdafiəsini rus dilində edib, təbii ki, rus dilində yazdığı monoqrafiya da rus dilinin yayılma arealı üzrə tanınacaqdı. Görəsən əsərlərinin “Biləcəridən o yana keçdiyi” iddia olunan anti-türkçü Fəridə Məmmədovanın ingilis dilində, fransız dilində, ispan dilində, alman dilində və s. hər hansı əsərini eşidib-bilən varmı? Yoxsa bəzilərinin gözündə “Biləcəridən o yana keçmək” ancaq təhsil aldığı dildə əsər yazıb çap etməyə deyilir?
Bu gün Fəridə Məmmədovaya ağı-mərsiyə oxumaq həvəsində olan bəzi soydaşlarımızdan fərqli olaraq, mən məhz bu qeyd etdiyim məqamlara görə dünən dünyasını dəyişən tarixçi-alimi Azərbaycanın qədim tarixini təhrif etmiş, işğalçı imperiyanın hakim konsepsiyasına canla-başla xidmət etmiş, onunla razılaşmayan tarixçilərə qarşı öz təfəkkürü ilə mübarizə aparmış və ömrünün sonunda taleyinə müstəqil Azərbaycanın bayrağı altında ölmək yazılmış anti-türkçü bir insan kimi qəbul edirəm. Allah məsləhət bilirsə, rəhmət eləsin! Cəmiyyətimizə də sözüm — Heç bir alim BÜT deyil. Fəaliyyətinə baxıb qiymət verəcəksiniz. Ədalət hissi ilə və obyektiv.