backend

Ölkədə gedən islahatlarda Mehriban Əliyevanın rolu danılmazdır

Böyük azərbaycanlılar

Nəcib və qüdrətli Mehriban xanım

Son illərdə ölkəmizin ictimai-siyasi və mədəni həyatına gətirilən müsbət dəyişikliklərin əksəriyyəti Prezident İlham Əliyevlə yanaşı, məhz onun ismi və çoxşaxəli fəaliyyəti ilə bağlıdır. Onun haqqında ölkə və dünya mətbuatında çox məqalə yazılıb, malik olduğu fəxri adlar, əldə etdiyi uğurlar da dəfələrlə sadalanıb. Zahiri görünüşü, daxili zənginliyi, xarizması, intellekti, düşünülmüş səlis nitqi, incə zövqü, nəcibliyi, zəhmətkeşliyi və mütəvazi davranışı ilə xalqımızın hörmət və sevgisini qazanıb.

Ölkəmizdə Birinci xanım və Birinci vitse-prezident institutlarının yaradılması, Azərbaycan Mədəniyyət Fondu və Heydər Əliyev Fondu kimi güclü qeyri-hökumət təşkilatlarının formalaşdırılması, “Eurovision” mahnı müsabiqəsinə Azərbaycanın qatılmasının təşəbbüskarı,  gənc estrada ifaçılarımızın bu mötəbər musiqi yarışında qələbə qazanması, “Eurovision” mahnı müsabiqəsinə, Bakı–2015 I Avropa Oyunlarına, 4-cü İslam Həmrəylik Oyunlarına, bədii gimnastika üzrə Dünya, Avropa çempionatlarına, beynəlxalq turnirlərə ölkəmizin ev sahibliyi etməsi məhz Mehriban xanım Əliyevanın heyrətamiz və misilsiz xidmətləri ilə bağlıdır.

Onun kübar davranışını izlədikdə bir daha “hər şey ailədən gəlir” deyiminin həqiqəti əks etdiyinə əmin olursan. Mehriban Əliyevanın dünyanın birinci xanımları sırasında tutduğu yer tamamilə fərqlidir. Çünki hər birinci xanımın taleyinə elm, mədəniyyət və siyasət xadimlərinin mühitində formalaşmaq nəsib olmur. Paşayevlər və İmanquliyevlər kimi tanınmış nəsillərin övladı olan Mehriban xanım Prezident İlham Əliyevlə bərabər Heydər Əliyev kimi güclü dövlət başçısının məktəbini keçib. Onun siyasi təcrübəsindən bəhrələnib, Prezident İlham Əliyevlə çiyin-çiyinə Azərbaycanın inkişaf etməsi üçün bütün çətinliklərin öhdəsindən birlikdə gəliblər, həyat yoldaşının əsl dayağına çevrilib.

Etiraf etməliyik ki, dünyanın birinci xanımlarının heç biri Mehriban xanım Əliyeva qədər fədakarlıqla və böyük enerji ilə çalışmır. Prezident İlham Əliyevlə birlikdə nümayiş etdirdiyi iş tempi ilə hər dövlət məmuru da ayaqlaşa bilmir. Təsadüfi deyil ki, bütün həyatları və fəaliyyətləri boyu bir-birilərini tamamlayan İlham Əliyev və Mehriban Əliyevanın siyasi çevikliyi arxaik qaydalarla çalışmağa üstünlük verən hakim komandanın tərkibində islahatların aparılmasını zərurətə çevirdi.

Rəhbərlik etdiyi Heydər Əliyev Fondu 16 illik fəaliyyəti ərzində həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda böyük hörmət qazanıb. Fond irimiqyaslı layihələri reallaşdırmaqla bərabər, yüzlərlə məktəb, uşaq bağçası, Beynəlxalq Muğam Mərkəzi, Xalça muzeyi inşa edib, onlarla kitabxana, muzey, məscid və ziyarətgahın təmiri, bərpası, yolların çəkilməsi, bulaqların tikintisi və sair işlər həyata keçirib. Tarixi abidələrin təkcə Azərbaycanda deyil, Fransada, İtaliyada və digər ölkələrdə bərpa edilməsi ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsinə rəhbərlik edib.

Rusiyanın TASS informasiya agentliyi direktorunun birinci müavini həmyerlimiz Mixail Qusmana müsahibəsində Mehriban xanım özü bunu belə izah edirdi: “Biz həmişə bir məqamı unutmamağa çalışırıq ki, bütün bu işlər ölkəmizdə insanların daha yaxşı yaşamasına yönəlib, biz konkret vətəndaşı görməyə və eşitməyə çalışırıq. Ona görə Fondun hamıya məlum olan, yaxşı işıqlandırılan işindən əlavə, bizim elan etmədiyimiz işlər də var. Yəni bu gün Azərbaycanda bizim vətəndaşlarımız bilirlər ki, onlar Fonda müraciət etdikdə mümkün olan hər cür kömək edilməsi üçün maksimum səy göstəriləcək. Mən fəxr edirəm ki, Fondda bu cür vətənpərvər, yaxşı təhsil görmüş, artıq müstəqil Azərbaycanda böyümüş gənclər komandası var və bizim uğurlarımız, əlbəttə ki, komanda şəklində işin uğurudur. Buna görə, mənim fikrimcə, Heydər Əliyev Fondunun əsas nailiyyəti ondan ibarətdir ki, o, Azərbaycan xalqının bu cür hörmətini və sevgisini qazanıb”.

O, yüksək təşkilatçılıq qabiliyyətilə hələ görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin dönəmində – 1995-ci ildə – Azərbaycan Mədəniyyətinin Dostları Fondunu (sonradan Azərbaycan Mədəniyyəti Fondu adlandırıldı) təsis etməklə fərqlənmişdi. 1988-ci ildən ölkəmizin başını alan fəlakətli hadisələrin milli mədəniyyətimizə və incəsənətimizə vurduğu zərbələrdən hər kəs şikayətlənərkən Mehriban xanım əməli fəaliyyətə keçməyi önəmli hesab etdi. Onun 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan – İrs” jurnalını təsis etməsi isə mədəni sərvətimizin bədxah düşmənlər tərəfindən mənimsəmək cəhdlərinin heçə endirilməsinin başlanğıcını qoydu və biz neçə ildir ki, bu istiqamətdə əldə olunan bir çox uğurun şahidiyik.

Vətənpərvərdir. 20 Yanvar hadisələrinin növbəti ildönümlərinin birində rəsmi şəxslərlə deyil, qızları ilə birgə insan selinə qoşulub mütəvazi şəkildə Şəhidlər Xiyabanını ziyarət edirdi. Aprel döyüşlərindən sonra şəhid hərbçilərin ailə üzvləri ilə birlikdə yas tuturdu, göz yaşlarını gizlətmirdi, hər bir ananın kədərinə şərik idi. Döyüşlər zamanı əlil qalmış hərbçilərimizin tez bir zamanda ən müasir protezlərlə təmin olunması üçün komandasını səfərbər etmişdi. Onun hərbçilərimizlə görüşdə “Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq” bəyanatını qətiyyətlə söyləməsi bütün xalqımızın ürəyindən xəbər verdi.

2005-ci ildən 2017-ci ilin 21 fevralına qədər Milli Məclisdə Xəzər rayonu seçicilərinin səsinə, millətin vəkilinə çevrildi. Milli Məclisdəki fəaliyyətinə görə dəfələrlə “ən fəal” millət vəkili adlandırıldı.

Gərgin durumların yumşaldılmasında maraqlıdır, ictimai rəyə həssaslıqla yanaşır. 2005-ci il iyunun 8-də metronun “Bakı Soveti” (indiki “İçərişəhər”) stansiyasında müəmmalı şəkildə baş vermiş qəza zamanı Mehriban xanım bəzi məmurlara etibar etməyərək, dərhal bu işi Heydər Əliyev Fondunun nəzarətinə götürmüşdü. Xəsarət almış sakinlərə özü baş çəkərək, onların hər birinin durumu və müalicəsi ilə şəxsən maraqlanmışdı.

Onun təşəbbüsü ilə hazırlanan 4 “Amnistiya aktı haqqında” qanun layihəsi nəticəsində minlərlə məhbus, o cümlədən özlərini siyasi məhbus adlandıranlar azadlığa çıxıb. Hazırda mühacirətdə yaşayan Leyla Yunus və Rauf Mirqədirov məhz Mehriban xanımın təşəbbüsü ilə azadlığa buraxılaraq, xaricdəki ailələrinə qovuşdular. Məhz Mehriban Əliyevanın sayəsində görkəmli yazıçı-dramaturq və kinossenarist Rüstəm İbrahimbəyovla hakimiyyət arasında qəsdən yaradılmış böhran çözüldü, onun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı fəaliyyətini bərpa etdi, “Ayna–Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı yenidən jurnalistikaya qayıda bildi.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində kafe və restoranların yenidən qurulması zamanı qala divarlarına təhlükə yarandığı barədə sosial şəbəkələrdə xəbər yayılan kimi Mehriban xanım özü şəxsən ora yollandı, məsələləri yerində yoxladı və açıqlamaları ilə insanları sakitləşdirdi.

Pandemiya ilə bağlı sərt karantin dönəmində xalqımıza dəfələrlə müraciət edərək, hər kəsi qaydalara riayət etməklə özünü qorumağa çağırdı. ŞHK əfsanəsi, Əməkdar artist Bəhram Bağırzadənin ölümün cəngindən alınması üçün səhiyyəmizin bütün imkanlarını səfərbər etdi və onun normal həyata dönməsinə nail oldu.

Mehriban xanımın dövlətimizin xarici siyasətinə bəxş etdiyi töhfələr, dünyadakı erməni lobbisinə qarşı mübarizədə nail olduğu uğurlar misilsizdir. Parisdə, Vatikanda, Londonda, Vaşinqtonda, Romada, Moskvada keçirdiyi rəsmi görüşlər, apardığı danışıqlar, həyat verdiyi layihələr Azərbaycanın siyasi mövqeyini daha da gücləndirir və erməni maraqlarına böyük zərbələr vurur. Bu gün Fransanın Paris şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi, Nant şəhərində “Qarabağ” adını daşıyan Azərbaycan həftəsonu məktəbi onun təşəbbüsü və göstərişi ilə açılıb. 1987-ci ildə ermənilər məhz Parisdən start götürərək Qarabağ müsibətini başımıza gətirəndə xəyalımıza belə gəlməzdi ki, illər keçəcək, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva mədəniyyət və incəsənət layihələri ilə ölkəmizin siyasətinin Fransanın siyasi elitasına qəbul etdirilməsinə, fransız deputatlarla dostluq və əməkdaşlıq əlaqələrinin yaradılmasına nail olacaq.

Məhz Birinci vitse-prezidentin məqsədyönlü və ardıcıl fəaliyyəti sayəsində ermənilərin xalqımızın başına gətirdiyi Xocalı soyqırımı, Dağlıq Qarabağın və ona bitişik 7 rayonun işğal olunması faktları bütün vasitələrlə dünya ictimaiyyətinə daha ətraflı şəkildə çatdırılır. Bu gün Nyu-Yorkun, Vaşinqtonun, London və  digər Avropa şəhərlərinin küçələrində led ekranlarının quraşdırıldığı iri avtomobillər şütüyür. Həmin ekranlarda Ermənistanın işğalçı siyasətindən, Azərbaycan həqiqətlərindən, Xocalı soyqırımından, Tovuz təxribatından bəhs edən məlumatlar və şəkillər əks olunur. Mehriban xanımın tapşırıq və tövsiyələri dövlətin diaspor siyasətinə dinamiklik gətirib.

Gözəl və qayğıkeş övlad, həyat yoldaşı, ana və nənədir. Avqustun 26-sı hamının sevimlisinə çevrilmiş Mehriban xanım Əliyevanın həyatında özəl bir gündür.

Onu bu münasibətlə KONKRET.az saytının adından səmimi-qəlbdən təbrik edir, cansağlığı, xoşbəxtlik və Müstəqil Azərbaycan Dövlətinin inkişafında böyük uğurlar arzulayırıq!

Xatirə SADİQ,

KONKRET.az

  • Günel
    Avqust 26, 2020 - 18:42

    Əziz və hörmətli müəllif, Mehriban Əliyeva haqqında yazdığınız məqalədə incə nüanslara toxunmağınız, məndə sizə qarşı vətənpərvərlik ideyalarının, bu ruhda olan baxışlarınızın olması təzahürünü özündə əks etdirdi. Həqiqətən də Nant şəhərində “Qarabag” adlanan Azərbaycan həftəsonu məktəbin olması xəbərini ilk dəfə eşitdiyim üçün xüsusilə, məni cəlb etdi.. Fransada tikilən Mədəniyyət mərkəzinin olması, xüsusən də Erməni lobbisinin yayıldığı bir məkanda Mehriban xanımın gördüyü işlərin sizin tərəfdən ustalıqla qeyd edilməsi, bir daha sizin daxilinizdə vətənpərvərlik hislərinizin olmasının bariz nümunəsidir… Hər bir incəlikləri oxudum, izlədim və qürurlandım.. Yazan əlləriniz var olsun! Allah ölkəmizi mənfur düşmənlərdən, dünyamızı xoşagəlməz bəlalardan hifz etsin və belə vətənpərvər jurnalistlərimizi qorusun!!! Amin…!!!

  • Günel Əhmədova
    Avqust 26, 2020 - 21:06

    Azərbaycan gənclərinə, müxtəlif idman növlərinin inkişafına, onların nəinki Respublika, eləcə də, dünya üzrə tanınmasında, perspektiv xeyriyyəçilik tədbirlərinin həyata keçirilməsində müstəsna xidmətləri olan Azərbaycanıın Birinci Xanımı, Heydər Əliyev Fondunun Vitse Prezidenti, daha neçə idman və mədəniyyət tədbirlərinin təşkilatçısı olmuş, sadə adamlar arasında olaraq onların problemləri ilə maraqlanan, onlara xüsusi diqqət ayıran sayılan Mehriban xanım Əliyevanın doğum gününü təbrik edir, ona sağlamlıq, ailə səadəti, görəcək işlərində uğurlar diləyirik. Xatirə xanım, sizin isə bugünkü gündə belə bir məqaləni paylaşmağınız xüsusi olaraq təqdirəlayiqdir. Var olun!

    • Fadil Paşayev
      Avqust 26, 2020 - 22:50

      Məqaləni oxuduğunuza və verdiyiniz dəyərə görə təşəkkür edirəm!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*