Xəbər verdiyimiz kimi, Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanunsuz siqaret yüklərinin aşkarlanması ilə əlaqədar həbslər başladıqdan sonra DGK-nın iki əməkdaşı – Tahir Tahiri və Əvəz adlı gömrük işçiləri məsuliyyətdən yayınmaq üçün İrana qaçdıqları bildirilir.
KONKRET.az Bakupost.az-a istinadla xəbər verir ki, DGK-nın İrana qaçan əməkdaşı Tahir Tahirinin xalq şairi Söhrab Tahirin oğludur.
Xatırladaq ki, Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanunsuz siqaret yüklərinin aşkarlanması ilə əlaqədar Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Hövsan Məntəqəsinin rəisi Fərid Usubov, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov, İdarənin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə həbs ediliblər.
Fərid Usubov, uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini işləmiş general-leytenant Cəbrayıl Usubovun oğludur.
Ona qarşı 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham elan olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, istintaq tədbirləri davam edir və əlavə məlumat veriləcək.

