Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 1990-cı il 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.
KONKRET.az xəbər verir ki bəyanatda deyilir:
“31 il əvvəl SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı qeyri-insani və xəyanətkar siyasəti nəticəsində insanlığa qarşı törədilmiş qatı cinayət hadisəsi olan 20 Yanvar faciəsi xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunmuşdur. Bu həm də öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirən bir tarixdir.
Həmin zaman xalq SSRİ rəhbərliyinin qərəzli siyasətinə etiraz edir, azərbaycanlılara qarşı Ermənistanda, habelə separatçılar tərəfindən Dağlıq Qarabağda törədilmiş bəşəri cinayətlərin araşdırılmasını və cinayətkarların cəzalandırılmasını tələb edirdi. Məhz xalqımızın etiraz səsini boğmaq, Azərbaycanın müstəqilliyə gedən yolunun qarşısını almaq məqsədilə o vaxtkı SSRİ rəhbərliyi tərəfindən 20 Yanvar qırğını törədildi.
Planlaşdırılan hadisə barədə məlumatın əhalidən və ümumiyyətlə, dünya ictimaiyyətindən gizlədilməsi məqsədilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təşkil etdiyi təxribat nəticəsində hadisədən bir gün əvvəl Azərbaycan Dövlət Televiziyasının enerji bloku partladılmışdır.
1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusunun qoşunları əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin digər şəhər və rayonlarına yeridilmiş, dinc əhalini müxtəlif növ silahlardan atəşə məruz qoymuşdur. Silahlı qoşun birləşmələri milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 150 nəfər silahsız mülki şəxsi, o cümlədən uşaqları, qadınları və yaşlıları amansızcasına öldürmüş, Bakı şəhərində və başqa ərazilərdə 744 dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz olaraq həbs edilmişdir. Həmin hadisələr zamanı hətta yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılmış, nəticədə tibb işçiləri şəhid olmuş, yaralanmışlar. Eyni zamanda yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra daha 21 nəfər öldürülmüşdü.
Bununla beynəlxalq hüquq normaları, fundamental insan hüquqları kobudcasına pozulmuş, doğma yurdunun azadlığının və öz hüquqlarının müdafiəsinə qalxmış çoxmillətli xalqımıza qarşı insanlıq əleyhinə qatı cinayət törədilmişdir.
1990-cı il yanvarın 21-də Ümummilli Liderimiz Heydər Əliyev bu qanlı hadisələrlə bağlı Moskva şəhərində Azərbaycan xalqı adından sərt bəyanat vermiş, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etmişdir.
İnsanlıq əleyhinə törədilmiş bu dəhşətli cinayət əməli BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulmasıdır. Beynəlxalq hüquqa əsasən, 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir.
Sovet ordusunun xalqımıza qarşı törətdiyi 20 Yanvar faciəsi xalqımızın iradəsini qıra bilmədi və azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi ilə nəticələndi.
1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi xüsusi sessiya keçirmiş və bu qanlı hadisəyə siyasi-hüquqi qiymət verilmiş, 20 Yanvar tarixi “Ümumxalq Hüzn günü” elan edilmişdir. Hər il həmin tarixdə şəhidlərin xatirəsi yüz minlərlə insan tərəfindən ehtiramla yad edilir.
Bu qanlı hadisələr zamanı həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən “20 Yanvar şəhidi” fəxri adı verilmişdir, habelə 1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısı davam etdirilir.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, o dövrdə Sovet dövlətinin rəhbərliyi tərəfindən Ermənistana dəstək verilməsi nəticəsində Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı törədilmiş, torpaqlarımızın 20 faizi zəbt edilmiş, Ermənistan ərazisindən, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf yeddi rayondan yerli azərbaycanlı əhali zorla qovulmuş, bir milyona yaxın dinc əhalinin fundamental hüquqları pozulmuşdur. Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsindən imtina edən və yeni ərazilər işğal etmək istəyində olan Ermənistan 2020-ci il iyul və avqust aylarında ordumuzun mövqeləri istiqamətində təxribatlar törətmiş, sentyabr ayının sonlarında atəşkəsi pozaraq, Azərbaycan Ordusunun mövqelərini və mülki yaşayış məntəqələrini atəşə tutmuşdur. Nəticədə çoxsaylı hərbçi və mülki şəxslər həlak olmuş, yaralanmış, mülki obyektlərə, o cümlədən yaşayış binalarına ciddi ziyan dəymişdir. Buna cavab olaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabr tarixində əks-hücum əməliyyatına başlayaraq qısa müddətdə ərazilərimizin çox hissəsini işğaldan azad etmiş, noyabrın 10-da Ermənistan dövlətinin tam məğlubiyyətini rəsmiləşdirən tarixi sənəd imzalanmışdır. İşğal altında olan torpaqlarımızın azad edilməsi və yüz minlərlə dinc əhalinin öz dədə-baba torpaqlarına qayıtmaq imkanının yaradılması ilə onların fundamental hüquqları bərpa edilmişdir.
Lakin təəssüflə qeyd etmək istərdik ki, insanlıq əleyhinə törədilmiş dəhşətli əməl nəticəsində beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulsa da, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan 20 Yanvar faciəsinə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb.
20 Yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi, bu vəhşilikləri törətmiş hərbi qulluqçuların və onların icrasına əmr verənlərin, ən əvvəl isə o vaxtkı sovet dövləti rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə hüquqi əsaslar vardır.
İnanırıq ki, tezliklə 1990-cı il 20 Yanvar faciəsinə beynəlxalq səviyyədə hüquqi qiymət verilərək bu qanlı cinayəti törədənlər məsuliyyətə cəlb olunacaqdır.
Biz beynəlxalq qurumları və bütövlükdə dünya ictimaiyyətini insan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən, eləcə də beynəlxalq hüquq normalarına zidd olan bu cinayət hadisəsinə hüquqi qiymət verməyə çağırırıq”.
Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.