“ÖMÜRLÜK” OMONÇUNUN ETİRAFLARI – Birillik AXC hakimiyyətində bu hadisələr baş veribbackend

"ÖMÜRLÜK" OMONÇUNUN ETİRAFLARI - Birillik AXC hakimiyyətində bu hadisələr baş verib

Fərəməz Novruzoğlu

2007-ci ilin dekabr ayında sağlıq durumumdakı ciddi problemlə əlaqədar cəza çəkdiyim 14 saylı CÇM-dən Penitensiar Xidmətin Mərkəzi xəstəxanasına etap olunmuşdum. Xəstəxanaya gəldiyimdə müalicə alan məhbuslar arasında bir nəfər diqqətimi çəkdi. Olduqca sakit təbiətli (sonradan məlum oldu ki, xaraktercə əsəbi biridi, heç şübhəsiz, uzun illərin həbs həyatı onun əsəblərini və psixikasını tamam pozmuşdu), heç kəsə qarışmayan, günün çox vaxtı “televizyonka”da bir küncdə oturub, televizor izləməklə keçirən bu 37-38 yaşlı gəncin saçlarına dən düşsə də, gözlərində sezdiyim parıltıdan hiss etdim ki, çox güclü yaşam eşqinə sahibdi. İlk dəfə baxışlarımız qarşılaşdığında anladım ki, mən də onun diqqətini çəkmişəm. Yanılmamışdım. Özümə yer axtaranda “mənim yanımdakı “koyka” boşdur, istərsən ora yerləşə bilərsən” deməsini mənimlə tanış olmaq istəyi kimi qəbul etdim. Sonrakı gedişat bu düşüncəmi doğruladı.

İlk gün sadəcə tanış olduq.

Mən:

– Fərəməz Allahverdiyev. Siyasi düşüncələrimə görə burdayam. Məni həbs etdirən Ramiz Mehdiyev, Ramil Usubov və Nazim İbrahimovdu. Bu üç yüksək çinli məmurun şikayəti əsasında həbs edilmişəm. – dedim.

– Bilirəm. Tanıyıram sizi. Qəzetlərdən oxumuşdum. Ağzınızı tikərək aclıq elan etmişdiniz.

Səs tonu və davranışlarından görünürdü ki, dərdləşmək üçün birini arayır və çox güman o adam olaraq məni seçmişdi. Bununla belə, ona kim olduğu barədə sual verməyə tələsmədim, heç adını da soruşmadım. Sanki içimdən bir hiss mənə təlqin edirdi ki, bu adam tamam fərqli biridi və onu əldən qaçırmamaq üçün sual yağışına tutmağa ehtiyac yoxdu, o, özü istərsə danışacaq. Buna görə də, “mən sabiq omonçuyam, Qobustan Qapalı Həbsxanasında ömürlük cəza çəkirəm” deməsiylə kifayətləndim. Bilirdim ki, bu adam tam olaraq mənə inanmasa, ondan bir kəlmə belə qopara bilmərəm. Davranışlarından, hətta mimikasından hər kəsdən, hər şeydən şübhə etdiyi açıq-aşkar ortada idi. Mən bu adamın iki gün adını belə bilmədim, ona “omonçu qardaş” deyə müraciət edirdim…

Tanışlığımızın 3-cü günü mənə yaxınlaşıb dedi:

– İsmayıl müəllimdən (rəisdən) icazə almışam. 2-3 saat həyətdə gəzib-dolaşacam. Mənimlə birlikdə həyətə düşməyə nə deyirsən?

– Problem yoxdu, istərsən sənə yoldaşlıq edərəm. – dedim.

Bir saat sonra “ömürlük” omonçu ilə xəstəxananın baxçasında dolaşırdıq. Mənə ilk sualı bu oldu:

– Nədən adımı soruşmursan?

– Adın nə önəmi var? Mən sənə “omonçu qardaş” deməkdən məmnunam. Bir də hesab edirəm ki, lazım bilsən özün söylərsən.

Güldü (onu ilk dəfə gülən görürdüm), “məni çox yaxşı analiz etmisən” dedi və əlavə etdi:

– Adım Dəyanətdir. Dəyanət Kərimov. Sabiq omonçuyam. Sumqayıtın Corat kəndində doğulmuşam. 1994-cü ildən həbsdəyəm, ömürlük almışam…

İlk əvvəl susmağından istifadə edib, sual vermək istədim, ancaq dərhal fikrimi dəyişdim. Gözlədim ki, özü danışsın. O isə susurdu…

Bir siqaret çıxarıb yandırdım. Ona da təklif etdim.

– Mən çəkən deyiləm, ancaq birini ver.

Dərhal bir siqaret çıxarıb ona uzatdım. Yandırmaq istədiyimdə “lazım deyil, sadəcə damağıma qoyacam” dedi. O, siqareti damağına qoydu, sonra barmaqları arasına alıb, həfifcə əzişdirdi və burnuna tutaraq dərindən nəfəs aldı, sanki tütünün iyini ciyərlərinə çəkmək istəyirdi.

Bir xeyli heç birimiz danışmadan ağacların arasında gəzişdik. Sonra o təklif etdi ki, bir ağacın altındakı skamyada oturaq. Elə bil məni gipnoz etmişdi. Nə deyirdisə, əməl edirdim. Bu, həm də ondan qaynaqlanırdı ki, “bu adam çox böyük sirlərə vaqifdir” fikri düşüncəmə hakim olmuşdu. 90-cı illərdə baş verən hadisələrin gizlinləri, çirkin siyasi oyunların pərdə arxası, konkret olaraq OMON hadisələrini, bəhs olunan sui-qəsdlər barədə bu adamdan çox şey öyrənə biləcəyimə əmin idim. Təlatümlü keçən o illər həmişə maraq dairəmdə olub, ötən əsrin 90-cı illərində cərəyan edən siyasi hadisələr barədə həqiqətləri bilmək istəmişəm. Lakin əfsuslar olsun ki, həmin dövr həbs həyatı yaşadığım üçün hadisələrin episentrindən uzaq və məlumatsız olmuşam. İndi Tanrı bu gənci mənə ərmağan olaraq göndərib. Mən ondan çox şeylər öyrənə bilərəm, həqiqətlər önümə sərilər… Bu düşüncə ilə Dəyanət nə deyirdisə əməl edirdim, onu əldən buraxa bilməzdim.

Sükutu yenə Dəyanət pozdu:

– Mənə tuta biləcəyin bir söz verə bilərsənmi?

– O baxır sənin nə deyəcəyinə. Əgər dediklərin məni qane edəcəksə, niyə söz verməyim? Söz verərəm və sözümü tutaram da.

– Bunu bilirəm. Səni çox incələmişəm, xarakterinə bələdəm, prinsipial adamsan. Elə bu keyfiyyətlərinə görə danışmaq üçün səni seçmişəm. Mənə söz ver ki, sənə danışacaqlarım barədə mən həbsdən çıxana qədər heç yerdə danışmayacaq, heç yerdə yazmayacaqsan! – bu sözləri deyən zaman Dəyanətin səsi titrəyirdi, sanki ağlamaq istəyir, ancaq bunu qüruruna sığışdırmırdı.

– Sən mənə dedin ki, ömürlük cəza çəkirsən. Deməli, azadlığa çıxacağın ehtimalı çox azdır. Bununla belə, mən sənə söz verirəm! Kişi sözü! Sən azadlığa çıxana qədər aramızda olan bu söhbəti heç kəsə danışmayacaq, heç yerdə yazmayacağam! Buna əmin ola bilərsən. Danış! Danış ki, sən yüngülləşəsən, mən də bütün düşüncələrimi alt-üst edən, nəyin doğru, nəyin yanlış olduğunu ayırd etməkdə çətinlik çəkdiyim və marağımı çəkən siyasi olaylar barədə az da olsa həqiqətləri bilim.

Dəyanət uzun çəkən söhbətinə belə başladı:

– Mən iddia etmirəm ki, günahsızam. Bəli, mən günahkaram! Mən acımasız qatil olmuşam! Ancaq mən həm də qurbanam, çox böyük adamların oynadığı çirkin siyasi oyunların bədəlini ödəyən qurban!..

Dəyanət İsmayıl rəisdən həyətdə gəzib-dolaşmağımız üçün 2-3 saatlığına izn alsa da, heç nə yeyib-içmədən axşama – “otboy”a qədər ağacların altındakı skamyada oturub söhbətləşdik. O, çox şeylərdən danışdı. Elə şeylərdən bəhs etdi ki, etiraf edim, ertəsi gün dodaqlarımın uçuqladığını hiss etdim. Mən ömrümboyu heç nədən qorxmamışam, hətta ölümdən belə. Ancaq Dəyanətin danışdıqlarından çox qorxdum. Sən demə, siyasi xaosun hakim olduğu bir illik hakimiyyət dönəmi barədə deyilən hər şey həqiqət imiş. Mən ilk dəfə Heydər Əliyevdən eşitmişdim: “Cəbhənin hakimiyyətdə olduğu vaxt insanlar qorxudan küçələrə çıxa bilmirdilər!” Sonra bu fikri bütün söz sahibi yapçılar təkrarlayırdılar. Mən bunu Dəyanətlə tanış olana qədər böhtan, siyasi qarayaxma kimi qəbul etsəm də, sonra əmin oldum ki, deyilənlər hələ azmış.

Bu deyilənlər barədə sabiq prezident, mərhum Əbülfəz Elçibəyin də bir fikrini burada xatırlatmaq yerinə düşər. Bəy çıxışlarının birində belə demişdi: “Heydər Əliyev və ətrafı deyir ki, bizim hakimiyyətimiz dönəmində insanları incidirmişlər, döyüb-öldürürmüşlər. Amma bütün bunlar hamısı yalandı. Əşi kim İsgəndərin qorxusundan səsini çıxara, meydanda at oynada bilərdi?”

Bəy İsgəndər deyəndə, heç şübhəsiz, dövrün polis şefi İsgəndər Həmidovu nəzərdə tuturdu. Amma çox böyük hörmət duyduğum, sevdiyim, hətta bir zamanlar idolum hesab etdiyim Elçibəy yanılırdı. Bəy millətini sevən, olduqca vətənpərvər biri idi. Ancaq o, bir siyasətçi üçün heç də yerində olmayan qədərindən artıq saf və humanist biriydi, böyük siyasətdə əsas kriteriyalardan biri olan şübhə hissinə sahib deyildi. Elə bu səbəbdən qaynaqlanırdı ki, saf qəlbli bu insan ətrafındakı siyasi monstrların hər sözünə inanır, hər şeyin yolunda olduğunu düşünür və qarşısına qoyduğu böyük məqsədə bu insanlarla çatacağına əmin idi. Halbuki “kim onun qorxusundan at oynada bilərdi” dediyi İsgəndər Həmidov ölkədəki siyasi xaosu yaradanların başında gəlirdi. Polis şefinin məsuliyyətsiz siyasi çıxışları, bir nazirə yaraşmayan reketyorluğu, ətrafındakı qatillərə meydan verməsi və sonradan bu qatil dəstəsinin girovuna çevrilməsi və çıxış yolunu vəzifədən istefa verərək meydandan qaçması həmin bir illik hakimiyyətin biabırçı sonunu gətirdi. Mən bütün bunları elə-belə havadan yox, hadisələrin birbaşa iştirakçısı olan Dəyanət Kərimovun söylədiklərindən, onunla bağlı cinayət işinin materiallarından və digər rəsmi sənədlərdən, eləcə də bu sənədlər üzərində apardığım təhqiqat sayəsində gəldiyim qənaətə əsasən deyirəm.

Mənim Dəyanətlə söhbətimdən sonra 15 ilə yaxın susmağımın bir tək səbəbi vardı: ona verdiyim sözü tuturdum. İndi bunun elə bir əhəmiyyəti qalmadı, çünki artıq Dəyanət azadlıqdadı və mən bildiklərimi, o dövrün siyasi hadisələri barədə təhlil və analizlərimi cəmiyyətlə bölüşmək məcburiyyətindəyəm. Azərbaycan xalqının yaxın keçmişimizin tarixiylə bağlı həqiqətləri bilməyə haqqı var. Mən də bunu bilən biri kimi bildiklərimi bölüşməyə məcburam. Elə bu səbəbdən də bu gündən etibarən bildiyim həqiqətləri “Bir illik AXC hakimiyyətinin fəsadları” başlığı altında yazıb paylaşacam. Bu yazı ilkdir və davamı gələcək…

P.S. Yazdıqlarımı oxumaq istəyənləri yormamaq üçün yazımı bütövlükdə yox, hissə-hissə, hər hissəyə uyğun yarımbaşlıqla paylaşmağı qərara aldım. Hər gün təxminən bu həcmdə bir hissəni paylaşacam.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*