Dünənki buraxılışımızda ABŞ-ın 35-ci prezidenti Con Kennedinin 39 yaşındaykın aviaqəzada ölən oğlu Con Kennedidən bəhs etmişdik.
Bu gün isə 35-ci prezidentin özünün barəsində yazmaq lazım gəlir. Çünki dünyanın və bütün zamanların ən qalmaqallı, ən mübhəm, ən mübahisəli qətlinin üstündən 56 il keçməsinə baxmayaraq, bir çox sirləri, bəlkə də ən əsas sirri hələ də açılmayıb.
İndiyədək minlərlə “Kennedini kim öldürdü” başlıqlı və məzmunlu kitab, məqalə, araşdırma yazısı yazılıb, filmlər çəkilib, ancaq bu suala birmənalı, konkret və inandırıcı cavab verilməyib.
Xatırladaq ki, bu dəhşətli sui-qəsd və qətl hadisəsi 1963-cü ilin noyabr ayının 22-də baş verib. Həmin gün prezident Kennedi arvadı Jaklinlə birlikdə Texas ştatının Dallas şəhərində, ştatın qubernatoru ilə birlikdə üstü açıq limuzində gedərkən snayper tərəfindən vurulub. Bütün rəsmi qaynaqlarda qatilin keçmiş dəniz piyadası Li Harvi Osvald olduğu bildirilir.
Li Harvi Osvald
Ancaq o dövrün skeptikləri də, ondan sonrakılar da qatilin Osvald olduğuna ciddi şəkildə şübhə edir, ortaya qatilin o olduğunu təksib edən ciddi dəlil-sübutlar qoyurlar.
1.İddia olunduğu kimi, qatil Osvalddırsa, o prezidenti arxadan atəş açıb, amma videokadrlardan görünür ki, Kennedi güllə yarası alanda başı geri atılır. Fizika qanunlarına görə, bu mümkün deyil.
-
Qatilin 5 saniyə ərzində 3 güllə atdığı iddia olunur, ancaq cinayət aləti kimi götürülən snayper tüfəngi ilə bunu etmək mümkün deyil. Gülləni hər dəfə ayağa verib atəş açmaq üçün daha çox vaxt lazım ola bilərdi. Sonradan ən mahir snayperlər belə həmin tüfənglə 5 saniyədə 3 güllə atmaq rekordunu qıra bilməyiblər.
-
Qətlin istintaqı başdansovdu aparılıb. Qətlə yetirilən qardaşı Robert Kennedi ədliyyə naziri və baş prokuror vəzifələrini daşısa da, istintaq hərtərəfli aparılmayıb və qətlin ört-basdır edilməsi səciyyəsi daşıyıb.
-
Qətldə günahlandırılan Li Harvi Osvald heç bir etirafedici ifadə verməyib və cəmi iki gündən sonra bir əhlikef barmen (Cek Rubi – Rubinşteyn) tərəfindən güllələnib. Onun hərəkətinin izahatı belə olub ki, guya o, Kennedini çox sevirmiş, ona görə də onun qatilini sağ qoymaq istəməyib
-
Tamam yad bir adamın – Cek Rubinin silahlı halda ABŞ boyda bir dövlətin rəhbərinin qətlində günahlandırılan şəxsin iki metrliyinə qədər yaxınlaşması və heç bir maneəyə rast gəlmədən onu güllələməsi olduqca nadir və absurd hadisədir.
-
Bir neçə ildən sonra Cek Rubinin heç bir əlavə açıqlama vermədən həbsxanada ölməsi və bütün sirləri özüylə aparması da maraqlıdır.
-
Kennedinin başına dəyən güllə işin materialları arasında olmayıb. Bu barədə verilən rəsmi açıqlamaya görə, “güllə prezidentin bədənində dağılıb”. Sanki həmin güllə isti çaya salınmış qənd parçasıymış.
-
Həlak olanın ekspertiza tərəfindən götürülmüş beyin materialı sirli şəkildə yoxa çıxıb.
-
Bu işlə əlaqəsi olan 50-dən artıq adam müəmmalı şəkildə ölüblər: prezidentin cəsədini yaran cərrah öz evində özünü güllələmiş halda tapılıb, Osvaldı hadisə yerinə gətirən taksi sürücüsü qəzada ölüb, qətlin şahidlərin biri, “hasarın arxasından atəş açan iki kişi gördüyünü” deyən şəxs də eyni aqibəti yaşayıb, Osvaldın evində olan polismen və jurnalist güllələnib.
-
Bu hadisədən 5 il sonra prezident seçkilərinə qatılan və ilk praymerizdə inamlı qələbə qazanan Robert Kennedi də təsadüfi bir adam tərəfindən güllələnib. Onun əslində öz cangüdəni tərəfindən qətlə yetirildiyi versiyası mövcuddur.
-
1979-cu ildə ABŞ Konqresinin təhqiqat komissiyasının hesabatında “sui qəsd sözləşməsi” ifadəsi keçsə də, xüsusi xidmət orqanlarının tələbi ilə bu ifadə dəyişdirilib.
-
Qətli SSRİ tərəfinin, Kuba emiqrantlarının, yerli mafiya bosslarını üstünə atmaq üçün saysız-hesabsız cəhdlər olub, bu istiqamətdə “informasiya kirliliyi” yaradıblar.
-
Li Harvi Osvaldın prezidenti öldürmək üçün hər hansı bir əsaslı motivi olmayıb. Açıq şəkildə nəzərə çarpır ki, bu adamı bu işdə iz azdırmaq üçün xüsusi seçiblər, onun vaxtilə SSRİ-də olduğu, Minskdə yaşadığı, Mariya adlı nelarus qadınla evlənməsi və sair kimi detallar onun “kommunist qatil” obrazı üçün ideal namizədə çevirib.
Bu qədər ciddi hadisələr olub, sui-qəsd baş verib, sonra qətlin üstü tələsik və naşıcasına ört-basdır edilib, amma heç kəs nə vitse-prezident Lindon Consonun, nə Federal Təhqiqat Bürosunun rəhbərinin, nə də Mərkəzi Kəşfiyyat İdarəsinin başçısının adını çəkməyib.
Rubinin Osvaldı güllələdiyi an
Onların bilgisi olmadan bütün bu işlər baş verə bilərdimi? Xeyr. Heç kəs bilməsə də, bu üçü cəmi bir saatdan sonra əsl qatilin də, sifarişçinin də kimliyini, qətlin isə gerçək motivini bilməliydilər. Güman ki, onları bunu qətldən də əvvəl bilirmişlər.
Fəqət ABŞ-ın “dərin dövləti”, xüsusi xidmət orqanları öz sirlərini qorumağı, hifz etməyi yaxşı bacarırlar.