Orduların reytinq cədvəli hansı kateqoriyalar üzrə aparılır? – Ekspertdən maraqlı açıqlamabackend

Orduların reytinq cədvəli hansı kateqoriyalar üzrə aparılır? - Ekspertdən maraqlı açıqlama

Dörd il əvvəl silahlı qüvvələrimiz Ermənistan ordusunu darmadağın etdikdən sonra Azərbaycan əsgərinin gücü hər kəsə bəlli oldu. O da bəlli oldu ki, müasir silahlarla təhciz edilən Azərbaycan ordusu istənilən döyüş tapşırığını yerinə yetirmək gücündədir. Elə buna görə də,  dünya reytinq cədvəlində Azərbaycan ordusu 29-cu yerə yüksəlib.  Bəs orduların reytinq cədvəli hansı kateqoriyalar üzrə aparılır?

KONKRET.az-ın suallarını cavablandıran  hərbi ekspert Səxavət Məmməd bildirdi ki, burada əsasən  ölkə əhalisinin sayı nəzərə alınır:

 “Daha sonra ehtiyat qüvvələr, xidmətdə olan personalın və xidmətə yararlıların sayı əsas götürülür.  Bundan sonra  ordunun tərkibindəki qoşun növlərinə görə reytinq müəyyən edilir. Həm  döyüş texnikalarının, həmçinin tankların, təyyarələrin, raketlərin sayı da önəmli rol oynayır. Bütün bunların hamısı hesablanaraq konkret reytinq çıxarılır”.

Daha sonra  Azərbaycan ordusunun reytnq cədvəlində irəlləməsindən danışan ekspert bildirib ki, buna səbəb ölkə rəhbərinin bəzi açıqlamaları və alınan yeni hərbi texnikalardır:

 “Prezident İlham Əliyev bir neçə dəfə açıqlama verdi ki, Azərbaycan ordusunun tərkibində xüsusi təyinatlılar, komando bölmələrinin sayı artırılır və ordu inkişaf edir. Bundan əlavə, Azərbaycan ordusu Çexiyadan “Tida” haubitsaları, Pakistandan JF-17C qırıcı təyyarələri alıb. Bunların hamısı Azərbaycan ordusunun reytinqinə təsir edir. Əslində bir çox insanlar elə düşünür ki, reytinq cədvəli ordunun həm də döyüş qabiliyyətini göstərir”.

Səxamət Məmməd əlavə edib ki, bəzən reytinqi izləyən insanlarda belə bir təəssürat yaranır ki, bəzi göstəricilərə görə filan ölkə başqasını yenə bilər. Onun sözlərinə görə əslində bu belə deyil:

“Bu reytinq cədvəli sadəcə olaraq saylara görə nəzərdə tutulur. Reytinq cədvəlində heç vaxt ordunun döyüş qabiliyyəti qətiyyən nəzərdə tutulmur. Məsələn ABŞ-nin döyüş qabiliyyətinə və ordunun reytinqinə fikir verin. Eyni zamanda Əfqanıstanın da  reytinqinə baxın.  Amerika Əfqanıstanda istədiyinə nail ola bilmədi və oranı tərk etdi. İndiki dönəmdə  Rusiyanın və Ukraynanın reytinqinə diqqət edin. Reytinqə görə Rusiya bir neçə dəfə Ukraynadan güclüdür. Amma müqavimət məsələsi tamamilə fərqlidir. Ümumiyyətlə kiçik dövlətlər həmişə çalışırlar ki, müharibələrdə böyük dövlətlərə daha çox zərər versinlər. Bu da həmişə böyük dövlətlər üçün problem yaradır”.

Daha sonra Azərbaycan ordusunun inkişafından danışan ekspert, Silahlı Qüvvələrin döyüş hazırlığına ciddi fikir verildiyini bildirib:

“ Azərbaycan ordusunun inkişafı, orduya  dövlətin yanaşması da göz qabağındadır. Azərbaycan maksimum ordunu inkişaf etdirməyə çalışır.  Hətta  parlamentdəki çıxışı zamanı Prezident İlham Əliyev  bildirdi ki, bizim bir nömrəli hədəfimiz ordunun inkişafıdır. Əvvəl Azərbaycanın  əlində silahlar və aviavasitələr var idi. İndi hərbi arsenalımıza Pakistandan alınan JF-17C-lər əlavə olunanda Azərbaycanın  reytinqinə təsir etdi və ölkəmizi bir neçə pillə qabağa atdı. Reytinq cədvəlində irəlləmə yaxşı göstəricidir. Amma reytinq cədvəli aldadıcı olmamalıdır”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*