“İndiki vaxtda istinin təsiri ilə hamımız suyun əhəmiyyətini daha çox anlayırıq. Şübhəsiz ki, yaxın gələcəkdə su təkcə fərdlər üçün deyil, həm də ölkələr üçün daha vacib elementə çevriləcək. Bu vəziyyət türk dünyası üçün də keçərlidir. Əslində, su ilə bağlı məsələlərin Orta Asiya Respublikalarının gələcəyinə mənfi təsirinin yüksək olduğu ekspertlər tərəfindən bildirilir”.
KONKRET.az xəbər verir ki, bu fikirləri özünün məqaləsində professor Abdulvahab Kara vurğulayıb.
Onun sözlərinə görə, “Regionun su və enerji ehtiyatları qeyri-bərabər paylanıb. Qazaxıstan, Özbəkistan və Türkmənistan enerji ehtiyatları ilə zəngin olsalar da, su ehtiyatlarına görə qonşularından asılıdırlar. Tacikistan və Qırğızıstan su ehtiyatları ilə zəngindir, lakin neft və təbii qaz kimi enerji resursları baxımından əziyyət çəkirlər”.
Professor öz məqaləsində daha sonar yazır: “Bu səbəbdən də ölkələr arasında bəzi mühüm problemlər yaranır. Məsələn, Qırğızıstanın yayda bəndlərdə topladığı və qışda enerji istehsal etmək üçün buraxdığı çay suları Qazaxıstanda həm quraqlığa, həm də daşqınlara səbəb olur.
Proffessor Dr. Giray Saynur Derman Mərkəzi Asiya ölkələri arasında vahid əməkdaşlığın qurulmamasına diqqət çəkir və hər bir ölkənin çay sahili dövlətlərin maraqlarını nəzərə almadan su problemini birtərəfli qaydada həll etməyi hədəflədiyinə diqqət çəkir. Bu ölkələrin hər biri ümumi həll yollarını axtarmaqdansa, öz problemlərini həll etməyə meyllidir.
Tacikistan və Qırğızıstan xroniki enerji problemlərini həll etmək üçün öz SES layihələrini həyata keçirməyə üstünlük verirlər. Bununla bağlı Tacikistanın cənubunda Roqun SES və Qırğızıstanda Kambarata elektrik stansiyasının tam reallaşdırılması üçün səylər göstərir. Burak Çalışkan “Orta Asiyada su problemi: Həll mümkündürmü?” sərlövhəli məqaləsində ciddi maliyyə sərmayəsi tələb edən bu layihələrin tam gücü ilə fəaliyyətə başlayacağı təqdirdə regionun digər ölkələrinin də bu vəziyyətdən mənfi təsirlənəcəyinə diqqət çəkir.
Orta Asiyada su problemləri yeni deyil. Sovet dövründə də bu problemlər var idi, lakin Moskvanın razılığı ilə həll olunurdu. Sovet İttifaqının dağılmasından sonra yaranan su problemini həll etmək üçün 1992-ci ildən region ölkələri bir araya gələrək müxtəlif müqavilələr imzalamışlar. Ancaq 30 ildən çox vaxt keçməsinə baxmayaraq, bu razılaşmalarla heç bir problem daimi həllini tapmadı.
Problemin həlli üçün region ölkələri də beynəlxalq müqavilələrdə iştirak ediblər. Məsələn, Özbəkistan, Türkmənistan və Qazaxıstan 1992-ci ildə Transsərhəd Ehtiyatların və Beynəlxalq Göllərin Qorunması və İstifadəsi üzrə Helsinki Konvensiyasını imzaladılar. Sənəddəki aşağıdakı ifadələr ibrətamizdir: “…Transsərhəd çaylara malik olan tərəflər razılaşdırılmış siyasət, proqram və strategiyalar çərçivəsində bərabər və qarşılıqlı faydalı əsasda ikitərəfli və ya çoxtərəfli sazişlər bağlayaraq əməkdaşlıq edəcəklər”.
Bundan əlavə, qlobal konsensus bütün dövlətlərin beynəlxalq çaylara çıxış üçün bərabər hüquqlara malik olduğunu vurğulayır. Bütün bunlara baxmayaraq, ölkələr müxtəlif səbəblərdən bağladıqları müqavilələrdəki öhdəlikləri yerinə yetirmirlər.
Ekspertlər qeyd edirlər ki, Transsərhəd Çaylar Sazişi yerinə yetirilməsə və mübahisələr davam edərsə, region ölkələrini böyük problemlər, xüsusilə ekologiya və təhlükəsizlik məsələləri gözləyir.
Ən faciəvi ekoloji problem bəzi göllərin quruması ehtimalıdır. Məsələn, kifayət qədər su almazsa, Balxaş gölünün böyük bir hissəsi quruya və yalnız üçdə biri qala bilər. Rusiyadan gələn Ural və Volqa çaylarının suları çəkilsə, Xəzər də Aral dənizi kimi quruya bilər.
Digər tərəfdən, Çin Xalq Respublikasının hər il İrtış çayından su istehlakını artırması da narahatlıq doğurur. Belə davam edərsə, ekspertlər 2050-ci ilə qədər İrtişin daralacağını, Qazaxıstandakı Zaysan və Bukturma göllərinin də Aral dənizi ilə eyni aqibəti yaşayacağını proqnozlaşdırırlar. Odur ki, regionda ekoloji problemlərin qarşısının alınması üçün ölkələrin bağlanmış razılaşmalara əməl etməsini təmin etmək üçün təxirə salınmadan hərəkətə keçmək vacibdir.
Digər tərəfdən, Mərkəzi Asiyada su problemi həm də regional sabitliyə təhlükə yaradacaq potensial alət kimi qiymətləndirilir. Regionun təhlükəsizliyi üçün bu risk hökmranlıq iddialarından və həm ölkələr arasında, həm də ölkə daxilində mübahisələri həll etmək üçün hərbi tədbirlərə əl atmaq meylindən irəli gəlir. Bu məsələnin uzun müddət həllini tapmaması region ölkələri arasında əməkdaşlığa mane olan və dövlətlərin sosial-iqtisadi və siyasi tərəqqisini potensial olaraq pozan mühüm nəticələrə gətirib çıxara bilər.
Prof. Dermanın “Orta Asiyada Su Problemi və Ətraf Mühitin Təhlükəsizliyi” adlı məqaləsində bölgəyə təsir etmək istəyən güclü beynəlxalq aktorlar regiona nəzarət etmək, eləcə də Rusiya və Çindən tələb olunan digər layihələrlə dizayn etmək istəyindədir. Bölgədə əhəmiyyətli miqdarda enerjinin mövcudluğu nəzərə alınarsa, bölgə böyük güclərin oyun meydanına çevrilə bilər və Yaxın Şərqdə şahidi olduğumuz münaqişələrə bənzər ssenarilər yarana bilər.
Digər təhlükə odur ki, region ölkələri sülh və diplomatik yollardan kənar həll yolları axtara və öz aralarında düşmənçiliklə nəticələnən fikir ayrılığına düşə bilərlər.
Bütün bunları nəzərə alaraq gündən-günə aktuallaşan su probleminin tez bir zamanda həllini tapması vacibdir. Həll yolu tapmağın birinci yolu Mərkəzi Asiya dövlətlərinin öz infrastrukturlarını nəzərdən keçirmələri və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq problemlərin həllinə üstünlük vermələridir. Demək olar ki, daha qalıcı və effektiv olanı öz aralarında regional əməkdaşlığı gücləndirmək yollarını axtarmaqdır.
Professor Dermanın fikrincə, Türküstan ölkələri su yolları kimi dini və mədəni kökləri eyni mənbədən qidalandığı üçün qarşılıqlı faydalı ticarət əlaqələri və bir-birinə bağlılığı gücləndirərək layihələri birlikdə inkişaf etdirməli və kənar müdaxilələrin qarşısını almağa çalışmalıdır.
Sovet dövründə Türküstanın müstəqilliyi uğrunda mübarizə aparan böyük dövlət xadimi Mustafa Çokay da bir əsr əvvəl Orta Asiya ölkələrinin regional problemləri və xarici təhlükələri aradan qaldırmaq üçün Türküstan İttifaqının yaradılmasına ehtiyac olduğunu vurğulamışdı. Region ölkələri arasında möhkəm ittifaqın yaradılması müxtəlif problemlərin, xüsusilə də su probleminin, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrin həllində mühüm addım olacaq.
Nuran Faiqoğlu,
KONKRET.az