Orta Asiyada növbəti SİLAHLI MÜNAQİŞƏ?: “Bir qarış da doğma torpağımızdan əl çəkməyəcəyik”backend

Orta Asiyada növbəti SİLAHLI MÜNAQİŞƏ?: “Bir qarış da doğma torpağımızdan əl çəkməyəcəyik”

Keçmiş Sovet İttifaqında uzun müddətdir davam edən ərazi münaqişələrindən birinin həll olunması mümkün görünür. Belə ki, Qırğızıstan və Özbəkistan ərazilərin mübadiləsi barədə razılığa gəliblər. Bununla belə bölgədə daha bir dondurulmuş münaqişə hər an alovlana bilər.

KONKRET.az söhbətin hansı tərəflərdən getdiyi və münaqişənin kim tərəfindən alovlandırıldığı haqda maraqlı analiz təqdim edir:

1991-ci ildə müstəqillik əldə etdikdən sonra Qırğızıstanın bütün qonşuları ilə sərhəd problemi yaranıb. Eks-prezident Əsgər Akayev Çin və Qazaxıstanla razılığa gələ bilsə də, bu günə kimi Özbəkistan və Tacikistanla sərhədi müəyyən etmək mümkün olmayıb. Ən uzun sərhəd Qırğızıstan-Özbəkistan arasındadır və uzunluğu 1314 kilometrdir. Sərhədin hər iki tərəfində qırğız və özbək əhali yaşayır. Hətta milli anklavlar da formalaşıb. İndi də iki ölkə arasında xüsusi saziş imzalanıb. Saziş artıq Qırğızıstan parlamenti tərəfindən təsdiqlənib. Sənədin yaxın vaxtlarda Qırğızıstan və Özbəkistan prezidentləri tərəfindən imzalanacağı gözlənilir. Razılaşmaya əsasən, Özbəkistandakı yeganə Qırğızıstan anklavı, 208 hektar ərazisi olan Barak kəndi ləğv ediləcək.

“Biz Barakı Qara-Su rayonu yaxınlığındakı torpaq sahəsinə dəyişdik. 208 hektar suvarılan torpaq sahəsi almışıq. İndi demarkasiya işləri başlayacaq, Barakdan olanlar Qırğızıstana köçəcək. Sakinlərə təzminat ödəyəcəyik və evlər tikəcəyik”, – Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DQNB) sədri Kamçıbek Taşiyev bildirib. Təbii ki, bu, gərginlik ocaqlarından birini aradan qaldırmağa imkan verən çox müsbət məqamdır. Çünki kiçik bir kəndin sakinləri hər gün Özbəkistan sərhədini keçməli, o qədər də mehriban olmayan sərhədçilərlə qarşılaşmalı olurdular.

Bununla belə, ən kəskin problem qərbdən Özbəkistana bitişik olan, lakin əksər hissəsi Qırğızıstanda yerləşən Kempir-Abad (Əndican) su anbarının mülkiyyəti ətrafında yaranıb. Müqaviləyə əsasən, su anbarının ərazisi Özbəkistan tərəfinə keçir. Bunun müqabilində Qırğızıstan əvvəllər mübahisəli olan bütün ərazilər də daxil olmaqla 19 min hektardan çox torpaq alacaq. Qırğızıstan prezidenti Sadır Japarovun sözlərinə görə, indi ölkənin ərazisi 199 min kvadratkilometrdən 210 min km qədər artacaq. Görünür, saziş Qırğızıstan üçün faydalıdır. Bununla belə, ölkədə narazı olanların sayı da az deyil. Özbəkistan-Qırğızıstan sərhədinin demarkasiyasına dair saziş layihəsinin ilk dəfə təqdim olunduğu keçən ildən bəri Qırğızıstanda çoxsaylı mitinqlər keçirilib. Qərbyönlü media resursları da etirazlara fəal qoşulub və etirazçılara informasiya dəstəyi verib. Beləliklə, sərhəd məsələləri qısa zamanda daxili siyasətin bir hissəsinə çevrilib, mövcud hakimiyyətin dəyişdirilməsinə çağırışlar olub. “Azadlıq” radiosunun Qırğızıstan bölməsi vəziyyəti gərginləşdirmək üçün o qədər canfəşanlıq edib ki, sonda onun saytının fəaliyyətinə blok qoyulub. İstənilən güzəştə qarşı çıxan onlarla fəal, QHT təmsilçisi və bəzi siyasətçilər həbs edilib. Ancaq Qırğızıstandan fərqli olaraq Özbəkistanda heç kim milli maraqlara xəyanətdən danışmır. Baxmayaraq ki, əslində Daşkənd bütün mübahisəli əraziləri verməli, bununla da nəzərəçarpacaq güzəştlərə getməli idi.

Bəs görəsən, Qırğızıstan və Özbəkistanın bu məsələyə münasibəti niyə fərqlidir?

“Qırğızıstan cəmiyyətində yüksək səviyyədə etno-ərazi millətçiliyi var. “Bir qarış da doğma torpağımızdan əl çəkməyəcəyik” şüarı orada çox aktualdır”, – Mərkəzi Asiya üzrə ekspert, Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi Aleksandr Knyazev belə deyir. 2005-ci ildə Qırğızıstanda prezident Akayevin devrilməsi ilə nəticələnən ilk rəngli inqilabın səbəblərindən biri də məhz ərazi məsələsi idi. Qırğızıstan digər ərazilər müqabilində Üzəngi-Kuş hissəsini verdi. Bu, əhalinin kəskin narazılığına səbəb oldu və müxalifət bundan öz xeyrinə istifadə etdi”.

Eyni şey indi də baş verir. Məsələn, tanınmış müxalifətçi, Qırğızıstan siyasətçisi Adaxan Madumarov reqlamentin pozulmasını əsas gətirərək sərhədlə bağlı sazişin ratifikasiyasının qanunsuz olduğunu bildirib. Bu, o deməkdir ki, mövcud hökumətdə dəyişiklik olarsa, yeni rəhbərlər (əgər istəsələr) bu müqaviləni hüquqi cəhətdən etibarsız saya bilərlər. Knyazevin sözlərinə görə, Özbəkistan sərhəd məsələlərində səbr strategiyasını seçib. Daşkənd Qırğızıstan-Özbəkistan sərhədində müəyyən güzəştlərə getdi və eyni şeyi Özbəkistan-Tacikistan sərhədindəki qəsəbədə də müşahidə etmək olar. Bununla da Özbəkistan qonşularla çəkişmələrdən yayınaraq özünün gələcək inkişafına mane olan problemləri aradan qaldırır.

Qeyd edək ki, Qırğızıstanla Tacikistan arasında sonuncu böyük silahlı toqquşma sentyabrın 14-də baş verib. Bu münaqişə Qırğızıstan-Tacikistan sərhədindəki bütün qarşıdurmaların ən böyüyü idi (silahlı insidentlərin ümumi sayı yüzlərlədir). Hər iki tərəf tanklar da daxil olmaqla, əllərində olan ağır silahların tam çeşidindən istifadə edib. Nəticədə onlarla insan həlak olub, yüzlərlə ev dağılıb. Daim artan əhali daha çox suvarılan torpaqlara və otlaqlara ehtiyac duyur. Bununla belə, bu ərazidə suvarılan torpaq və su mənbələri son dərəcə azdır. Batken (Qırğızıstan) və Suqd vilayətlərinin sərhədyanı ərazilərində isə vəziyyət daha acınacaqlıdır. Əhali çox vaxt dama taxtası qaydasında yaşayır. Belə ki, bütün sərhədyanı ölkələrdə qırğız, özbək və tacik icmaları var. Bundan başqa, Fərqanə vadisi regionunda qeyri-sabitliyin əsas mənbəyi olan anklavlar mövcuddur.

Əsas problem Qırğızıstan ərazisi ilə əhatə olunmuş 45 min əhalisi olan Tacikistanın Vorux anklavıdır. Taciklər özləri Voruxun Tacikistanın əsas ərazisi ilə bağlı olduğuna inanaraq onu anklav saymırlar. Bu dəhlizdə qırğız yaşayış məntəqələrinin olması onları narahat etmir. Taciklər hesab edirlər ki, bunlar Sovet dövründə orada peyda olan yad köçkünlərdir. Belə görünür ki, sovet dövrünün xəritəsinə baxmaqla bir mübahisəni asanlıqla həll etmək olar. Qırğızıstan tərəfi sonuncu xəritəni 1989-cu ildən, yaxud 1958-ci ildən etibarən götürməyi təklif edir. Onlar aydın şəkildə göstərirlər ki, Vorux Qırğızıstan ərazisi olan anklavdır. Öz növbəsində Tacikistan tərəfi iddia edir ki, Voruxun anklav olmadığı, yarımada şəklində Qırğızıstan ərazisinə sıxışdırıldığı 1924 və 1927-ci illərin xəritələrinə baxmaq lazımdır. Lakin problem ondadır ki, həmin illərdə hər iki ittifaq respublikası hələ mövcud deyildi. Belə ki, Tacikistan SSR yalnız 1927-ci ilin sonunda yaradılıb. Ondan əvvəl Özbəkistan SSR-in tərkibində olub. Qırğızıstan SSR isə yalnız 1936-cı ildə meydana çıxıb, ondan əvvəl RSFSR-in bir hissəsi idi. Görünən odur ki, siyasi həll tapılmasa, növbəti silahlı münaqişə qaçılmaz olacaq. Qırğızıstan burada başqa torpaqların müqabilində ərazi güzəştinə gedə bilməz (Özbəkistanda olduğu kimi). Çünki bu halda 150.000 əhalisi olan Qırğızıstanın Leylek bölgəsi anklav olacaq. Leyleki Batken rayonu ilə birləşdirən yeganə yol Voruxla Tacikistanın qalan hissəsi arasındakı ərazidən keçir.

“Bu problemləri həll etmək üçün hər iki tərəfdən silahlı qüvvələr geri çəkilməli, ərazinin özü isə kənardan sülhməramlı qüvvələrin nəzarətinə verilməli və tamamilə silahsızlaşdırılmalıdır. Yəqin ki, KTMT bu funksiyanı üzərinə götürə biləcək. Başqa variant görmürəm”, – deyə ekspert Alekandr Knyazev vurğulayıb. Onun sözlərinə görə, bu halda tədricən yerli əhalini sakitləşdirmək, millətlərarası münasibətlərdə, məişət səviyyəsində gərginliyi aradan qaldırmaq mümkün olacaq. Eyni zamanda qarşılıqlı güzəştlər yolu ilə sərhədin delimitasiyası və demarkasiyası həyata keçiriləcək. Əks halda nəticələr gözlənilməz ola bilər.

“Uzun müddətdir ki, Qırğızıstanda çoxsaylı QHT-lərin yaradılması və qeyri-sabitliyin özünü bərpası mexanizmi formalaşıb. Odur ki, hadisələrin istənilən istiqamətdə inkişaf etməsi mümkündür. Bu isə başqa bir inqilaba səbəb ola bilər”. – ekspert fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*