“Orta Asiyalılar 40 hərfdə təkid edirdilər, çətin oldu” – Ortaq türk əlifbası necə ərsəyə gəldi? + DETALLARbackend

“Orta Asiyalılar 40 hərfdə təkid edirdilər, çətin oldu” - Ortaq türk əlifbası necə ərsəyə gəldi? + DETALLAR

Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumunun təşkilatçılığı ilə keçirilən Türk Dünyası Birgə Əlifba Komissiyasının üçüncü iclasında ilk dəfə 1991-ci ildə irəli sürülən Latın əsaslı Ortaq Türk Əlifbası layihəsi hərtərəfli nəzərdən keçirilib. Nəticədə 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılıq əldə olunub. Təklif olunan əlifbadakı hər hərf türk dillərində olan müxtəlif fonemləri təmsil edir.

Mövzu ilə bağlı KONKRET.az-a danışan filologiya elmlər doktoru, professor Nadir Məmmədli bildirib ki, 34 hərfdən ibarət Ortaq Türk Əlifbası barədə razılıq əldə olunması sevindirici haldır:

"Məzhər üt-türki" kitabının müəllifi haqqında - Nadir MƏMMƏDLİ

“Mən komissiyanın üzvüyəm, bütün tədbirlərdə iştirak etmişəm. Türk Akademiyasının prezidenti, Türk Dil Qurumun sədri əlifbanın 34 hərfdən ibarət olmasını istədi. Lakin Orta Asiya xalqları əlifbanın 40 hərfdən ibarət olmasında təkid edirdi. 34 hərf onlar üçün qorxulu rəqəm kimi gəlirdi. Düşünürdülər ki, bu oğuzların quramasıdır. Onlar müzakirələr zamanı danışırdılar ki, kompromisə gedə bilərlər, lakin qərara gələndə narazılıq edirdilər. Orta Asiya xalqları narazılığın səbəbi kimi əlifbalarının başdan sona Sağır nun hərfindən ibarət olmasını göstərirdilər. Odur ki, indi əlifbanın 34 hərfdən ibarət olaraq qəbul olunması çox böyük hadisə və sevindirici haldır. Bu təkliflər 1991-ci ildən irəli sürülürdü. Bu günə qədər də tədbirlər keçirilir lakin o formada da qalırdı”.

Atatürk Mərkəzinin direktoru, filologiya elmlər doktoru, professor Nizami Cəfərov isə deyib ki, əlifba ilə bağlı elə məqamlar var ki, onlar alimlərin, mütəxəssislərin səlahiyyətlərindən kənardır, bunlarla Türk Dövlətləri Təşkilatı məşğul olacaq:

Ziyalılığımızın Nizami Cəfərov ünvanı

“Bizim müzakirələr məsələnin daha çox elmi tərəflərinə aiddir. Bütün türk xalqları latın əlifbasına keçməlidir. Bu, artıq dövrün tələbidir. Bu tədricən olacaq. Onlar eyni əlifbadan, eyni səs üçün eyni işarələrdən istifadə etməlidirlər. Pərakəndəlik olmamalıdır. Bütün türk xalqları çalışmalıdır ki, dilində hansısa səs, nə hərflə işarə edilirsə, başqa türk dillərində də eyni işarələnsin. Hazırda Azərbaycan dilində ə hərfi var, ortaq türk əlifbasına da bu hərf düşüb. Bir də bu, qazaxlarda var. Hələ ki, başqa türk xalqlarında yoxdur. Çalışırıq ki, bu ortaq dəyərləri gözləyək. Əlbəttə türk dünyası ilk növbədə diferensasiya dünyasıdır, eyni zamanda isə bir inteqrasiya gedir. Bizim əsas baxış nöqteyi-nəzərimiz də daha çox inteqrasiya, daha az diferensasiya üzrədir. Qəbul edilən əlifba mükəmməldir. Bu mükəmməllik apardığımız müzakirələrin keyfiyyəti ilə yanaşı daha çox illərin təcrübəsinə bağlıdır. Burada Azərbaycanın təcrübəsi bütün türk dünyası ilə müqayisədə daha çoxdur, çünki biz hələ 20-ci illərdən bu əlifbaya keçmişik”.

Professor “ortaq əlifbanın işlənmə arealı ilə bağlı nə deyə bilərsiniz?” sualını belə cavablandırıb:

“Belə bir ədəbi dil yaranmayacaq. Bəzən deyirlər ki, gələcəkdə guya türk dilləri birləşəcək. Elə şey yoxdur. Türk dillərinin tarixi diferensasiya, ayrılma tarixidir. Heç bir türk dili hələ hər hansı türk dilində birləşməyib. Bu romantik bir maraqdır, heç bir elmi əsası yoxdur. Ortaq ünsiyyət dili isə gözlənilir. Bu funksiyanı da hələlik Türkiyə türkcəsi öz üzərinə götürüb. Lakin hələ lazımi keyfiyyətdə ortaya çıxmayıb”.

O bildirib ki, bu əlifba hər bir dövlətə tövsiyə olunacaq və qəbul ediləcək:

“Artıq bəziləri bu əlifbaya keçiblər. Digər qəbul edəcək olanlarda hər hansı sual, problem yaranarsa, yenidən Türk Dövlətləri Təşkilatı əlifbanı alimlərin müzakirəsinə göndərəcək. Amma biz belə bir müzakirənin yenidən olacağını gözləmirik. Əlifba bütün türk dillərində işlənəcək. O ki qaldı latın əsaslı ortaq türk əlifbasına, bu, ən müxtəlif türk dillərində mövcud olan hərflərin ümumi yığımıdır. Hansı türk dilinin hansı işarəyə ehtiyacı varsa, həmin əlifbadan götürməlidir ki, başqa yerdən götürməsin və ümumilik pozulmasın”.

Aygün Mirakif,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*