Fevralın 6-da Türkiyədə böyük dağıntılara və minlərlə insanın ölümünə səbəb olan zəlzələ bütün dövrlər üçün aktual olan mövzunu yenidən gündəmə gətirib. Məktəblərdə “Zəlzələ zamanı nə etməli?” mövzusunda təlimlərin keçirilməsi diqqətdə saxlanılırmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, məktəbdə şagirdlərin təlimatlandırılması üçün təlimlərin keçirilməsi vacibdir:
“Ümumiyyətlə,məktəblərdə şagirdlərə zəlzələ və təbii fəlakətlərlə bağlı mütəmadi məlumat verilməli, eyni zamanda praktik məşğələlər keçirilməlidir. Dərsliklərimizdə təəssüf ki, yalnız ibtidai təhsil pilləsində “Həyat bilgisi” fənnində zəlzələlərlə bağlı qısa bir məlumat verilir. Amma yaxşı olar ki, yuxarı təhsil pilləsinin dərsliklərində də müvafiq olaraq bununla bağlı mövzular olsun. Eyni zamanda mülki müdafiə və tibbi biliklərlə bağlı ən azı həftədə, ya da ildə bir neçə dəfə dərslər, ya da praktiki məşğələlər keçirilsin. Düşünürəm ki, şagirdlərin bu istiqamətdə ümumi biliklərinə töhvə vermiş olacaq. Nəzərə alsaq ki, bu gün Azərbaycanda 4440-dan çox məktəb, burada isə 1 milyon 600 mindən çox şagird təhsil alır. Şagirdlərin məktəbdə olduğu zamanlarda belə hadisə baş verərsə, şagirdlər təxliyə planına əsasən, hansı tədbirləri görməli olduqlarını bilməlidirlər.
Qeyd edim ki, bu sahədə Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq təlimlər keçirilir. Yanvar ayında müxtəlif regional təhsil idarələrində təlimlər keçirilİb. Amma düşünürəm ki, bu silsilə formada istər Bakı şəhər məktəblərini, istərsə də rayon məktəblərini əhatə etməlidir. Ümumilikdə bu tədbirlərin icrasına çox ehtiyac var. Azərbaycan da zəlzələ kimi təbii fəlakət hallarının baş verə biləcəyi bir ərazidə yerləşir. Təkcə Şamaxı zəlzələsini, sonuncu dəfə Bakıda baş verən zəlzələni diqqətdə saxlamalıyıq. Ona görə də xüsusilə bu istiqamətdə dərslərin keçirilməsi, məktəblilərin məlumatlandırılması vacibdir”.

Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən təhlükəsizlik eksperti Elmar Nurəliyev də bu tədbirlərin davamlı, eyni zamanda bütün ümumtəhsil məktəblərində keçirilməsinin zəruri olduğunu bildirib:
“Təbii ki, məktəblərin tikintisi zamanı bütün təbii fəlakətlərə, təbiət hadisələrinə qarşı davamlılığı nəzərə alınıb. Ancaq orada təhsil alan şagirdlərin, məktəbin inzibati heyətinin, pedaqoji heyətinin təhlükəsizlik qaydaları barədə məlumatlandırılması və bu biliklərin praktikada da yerinə yetirilərək mənimsənilməsi olduqca vacibdir. Təbii ki, iş yerlərinə, inzibati binalara, çoxmənzilli yaşayış binalarına, fərdi yaşayış binalarına aiddir. Ancaq bu gün məktəblərdən danışırıqsa, təbii ki, məktəbə təhsil alan bütün şagirdlərin yaş həddini nəzərə almaq lazımdır. Hər hansı bir təhlükə anında fövqəladə vəziyyətdə, təbiət hadisələri zamanı nə edəcəyini, necə davranacağını bilməməsi, müstəqil qərar qəbuletmə iqtidarının hələ formalaşmaması hadisə vaxtı onların davranışına öz təsirini göstərir. Ona görə də bununla bağlı şagirdlər üçün təlimlər təşkil edilməli, onlar mütəmadi olaraq təlimatlandırılmalıdır.
Bunu dərslər zamanı da etmək olar. Əmək və idman dərslərində uşaqlar üçün əyləncəli şəkildə etmək olar ki, uşaqların yaddaşında rahat qalsın. Dərs zamanı zəlzələ olarsa, nə etməli olduqları onlara öyrədilməlidir. Partanın altına girməli, titrəyiş bitdikdən sonra bir-bir sinif otağını tərk etməli və məktəbin həyətində təhlükəsiz toplanış yerində yığışmalıdırlar. Bu zaman hansı ərazilərdə toplaşmaq lazım olduğu əvvəldən müəyyənləşdirilməlidir. Artıq burada məlumatları kimdən və necə alacağı onlara bildirilməlidir”.
Tədbirlər planı haqqında danışan ekspert hadisə baş verən zaman hansı tədbirlərin alınmalı olduğunu bildirib:
“Nəzərə almaq lazımdır ki, prosesə məktəbin inzibati heyəti nəzarət etdiyi üçün onların da bu barədə biliyinin olması vacibdir. Hesab edirəm ki, bu bir sistem olaraq qurulmalıdır və bütün məktəblərdə təşkil olunmalıdır. Bəzi məktəblərdə bu formada təlimlər həyata keçirilsə də, bu bir ənənə halını almalıdır. Şagirdlərdə belə bir vərdişin formalaşdırılmalıdır ki, artıq onlar zəlzələ zamanı təşvişə düşmədən nə etməli olduqlarını bilsinlər. Heç kəs təbii fəlakətlərdən sığortalanmayıb, ona görə də ilkin biliklərin olması vacibdir. Bu tip təbiət hadisələr baş verməmişdən əvvəl və hadisədən sonra görülən tədbirlər planı var. Birincisi, yəni hadisə baş verməmişdən əvvəl maariflənmək lazımdır. Hadisə baş verdikdən sonra isə, bu biliklər əsasında özünə təhlükəsiz toplanış yeri seçsin, təhlükəli yerdən (pəncərə kənarı, yüngül konstruksiyaların altı, sinif otaqlarında şkaflar) uzaqlaşsın. Bu zaman qapıların arakəsməsini, partaların altını özünə təhlükəsiz yer seçə bilər. Hadisədən sonra isə həmin yerdə olan müvafiq qərargahın məlumatlarını almalı, göstərişsiz oranı tərk etməməli, dağılmış və uçma təhlükəsi olan yerlərə, binanın içinə girməyə cəhd etməməlidir.
Xüsusilə də, məktəbin bütün heyətinin ilkin tibbi yardımın göstərilməsi barədə məlumatlı olması, yardım üçün lazım olan dərman ləvazimatlarını əldə etməsi vacibdir”.
Fidan Ali,
KONKRET.az