Oturaq həyat tərzi keçirmək hansı təhlükələrə səbəb ola bilər? – Müsahibəbackend

Oturaq həyat tərzi keçirmək hansı təhlükələrə səbəb ola bilər? - Müsahibə

“Oturaq həyat piylənməyə də səbəb olur. Piy isə öz növbəsində ürəyi qanla təmin etməyə maneə yaradır. Bütün bunların nəticəsində çəki artır, çəkinin artması da qan təzyiqini yüksəldir”.

KONKRET.az xəbər verir ki, bunu Qaynarinfo-ya müsahibəsində həkim kardioloq Nurlana Əliyeva deyib.

– Son zamanlar oturaq işdə işləyən şəxslər ürək ağrısından əziyyət çəkdiklərini bildirirlər. Oturaq həyat tərzinin ürək-damar xəstəliklərində rolu varmı?

– Əslində aktual mövzuya toxunmusunuz. Son zamanlar oturaq və stressli şəhər həyat tərzinin hökm sürməsi, düzgün olmayan qidalanma nəticə etibarilə orqanizmdə müxtəlif səpkili pozğunluqların geniş vüsət almasına yol açır.

– Oturaq həyat tərzi sağlamlığımızda hansı fəsadlara yol aça bilər?

– Belə deyim, bu “rahat” yaşam tərzi sağlamlığımıza bir çox problemlər vəd edir. Bu problemləri aşağıdakı kimi sadalaya bilərik.

1. Dayaq hərəkət sistemində, onurğa sütununda problemlər. Skalioz və osteoxondroz xəstəlikləri;

2. Fəqərə yırtıqları;

3. Ürək-damar xəstəlikləri;

4. Xərçəng xəstəliklərinə tutulma riskinin artması;

5. Baş ağrıları;

6. Görmə qabiliyyətinin zəifləməsi;

7. Radikulit;

8. Xroniki yorğunluq;

9. Yuxunun pozulması;

10. Sinir gərginliyi, əsəbilik, depressiya və stress;

11. Mədə-bağırsaq sisteminin pozulması, qəbzlik;

12. Babasil xəstəliyi;

13. Qan durğunluğunun yaranması və qan təzyiqi;

14. Cinsi zəiflik və prostat problemləri;

15. Çəki artımı və piylənmə.

Xəstəliklər siyahısını bir az da uzatmaq olar. Böyük Britaniya alimlərinin oturaq həyat tərzinin ürəyə yetirdiyi ziyanlarla bağlı apardığı xüsusi araşdırmalarına əsasən, oturaq həyat tərzi dərin venoz trombuna səbəb olur. Venoz trombu səbəbi ilə ürək damarları tutulur ki, bu da ağır ürək xəstəliyinə gətirib çıxarır. Oturaq həyat piylənməyə də səbəb olur, piy isə öz növbəsində ürəyi qanla təmin etməyə mane olur. Bütün bunların nəticəsində çəki artır, çəkinin artması da qan təzyiqini artırır. Bu isə hipertoniya xəstəliyinə də gətirib çıxarır. Onurğa sütunu xəstəliklərini qeyd etmək olar. Bildiyiniz kimi, onun da ürəyə təsiri qaçılmazdır.

– Bu problemlərdən az da olsa, özümüzü necə qoruya bilərik?

– Oturaq həyat tərzi keçirənlər qida rasionlarına ciddi diqqət yetirməlidirlər. Belə ki, kalorisi az, vitamin və mikroelementlərlə zəngin qidalar rasiona daxil edilməlidir. Meyvə və tərəvəzə daha çox üstünlük verilməlidir. İşdən evə qədər məsafəsi az olan insanlar nəqliyyatdan istifadə etməsələr təxminən 50% hardasa qorumuş olarlar. Ən gözəl profilaktika təmiz havada gəzməkdir. Həm ağciyərlər, həm də ürək və onurğa sütunu istirahət edir. Və ən nəhayət unutmayın ki, sağlamlıq ən təxirəsalınmaz işdən də önəmlidir. Can, Allahın bizlərə bəxş etdiyi əmanətdir, hər zaman onu qorumağa çalışaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*