Əksəriyyətimiz cəmi 70 il ömür sürən SSRİ adlı dövlətin vətəndaşları olmuşuq. Həmin dövrdə hakimiyyətdə baş verənlər xalqdan gizlədilsə də, SSRİ dağıldıqdan sonra bir çox mətləblər üzə çıxıb. Şər imperyasının mövcud olduğu dövrlərdə ölkədə yalnız bir partiya hakimiyyətdə idi. Kommunistlərin rəhbərlik etdiyi SSRİ-ni idarə edən Baş Katiblər də biri-birilərindən təzadlı insanlar olublar. Bunlardan biri də 50-ci illərdə hakimiyyətə gələn Nikita Xruşşovdur. Xruşşovun rəhbərliyi altında bəzi islahatlar aparılsa da, həmin dövr SSRİ-nin ən çətin dövrü kimi xarakterizə olunur. 60 il əvvəl 1964-cü il oktyabrın 16-da Sovet mətbuatında yayılan xəbər açıq səmada şimşək effekti yaratdı. SİTA-nın yaydığı məlumatda bildirilirdi ki, SOV.İKP.MK-nın Baş katibi Nikita Xruşşov səhhətində yaranan problemlə əlaqədar vəzifəsindən istefa verib. Bundan sonra onu Leonid İliç Brejnev əvəz edəcək.
SSRİ tarixində dövlət başçısı dəyişikliyi belə təsadüfi təqdim olunmamışdı. Xruşşovun hakimiyyətdən gedişi ani baş vermişdi və Nikita Sergeyeviç gündəmi sakit-rahat tərk etdi. Sadəcə onu xartırlayanlar Xruşşovu mübahisəyə meyilli rəhbər kimi xatırlayırdı. Kolxozçulardan tutmuş, sənət adamlarına qədər, hər kəsin yaddaşında o, belə qaldı. Xruşşov Stalin qvardiyasını ifşa etməklə şəxsiyyətə pərəstiş dövrünə son qoydu. Bununla da Xruşşovu yenilikçi rəhbər kimi qəbul edən xalq daha sonra islahatlardan əməlli-başlı əziyyət çəkməyə başladı. Əvvəlcə Xruşşovu alqışlayan yaradıcı insanlar ondan birbaşa təhqirlər eşidərək rəhbərə olan inamlarını itirdilər. Müharibədən sonrakı dövrdə dövlətin ona verdiyi nisbi azadlığa öyrəşən Rus Pravoslav Kilsəsi 1920-ci illərdən bəri görmədiyi təzyiqlərə məruz qaldı.
Diplomatlar Xruşşovun beynəlxalq səhnədəki qəfil addımlarının nəticələrini həll etməkdən yorulmuşdu. Orduda düşünülməmiş kütləvi ixtisarlar isə hərbçilərin qəzəbinə səbəb olmuşdu. Sənaye və kənd təsərrüfatının idarəetmə sistemində islahatlar xaosa gətirib çıxartdı. Ölkədə geniş qarğıdalı əkmək kampaniyası başladı. Bu da düşünülməmiş addım idi. Qaqarinin kosmosa uçuşundan və 20 ildə kommunizm qurmaq vəzifəsini elan etməsindən cəmi bir il sonra Xruşşov ölkəni beynəlxalq aləmdə Kuba böhranına sürüklədi. Ölkədə onunsuz da ağır olan həyat səviyyəsi bir qədər də çətinləşdi. Ərzaq qiymətləri sürətlə artmağa başladı. Mağaza rəfləri boşaldı, çörək qıtlığı yarandı. Stalinizm dövründən salamat çıxan Xruşşov hakimiyyət uğrunda mübarizədə əvvəlcə Malenkov və Beriyanı zərərsizləşdirdi.
Bundan sonra rəhbər Molotov, Malenkov, Kaqanoviç və Şepilovun “antipartiya” qrupunu ifşa etdi. Növbədə isə ən ciddi rəqib Georgi Jukov idi. Tezliklə Jukov da “təqaüdə” göndərildi. Lakin Xruşşovu hərbi dəstəkdən məhrum edən təkcə Jukovun istefası deyildi. Bu işdə Silahlı Qüvvələrdə genişmiqyaslı və düşünülməmiş ixtisarlar da öz töhfəsini verdi. Nikita Sergeyeviç öz tərəfdarlarına arxalanaraq, ölkəyə rəhbərlik edə biləcəyinə əmin idi. Ancaq Xruşşovun fırtınalı və gözlənilməz davranış tərzi tərəfdarlarının ondan üz döndərməsinə səbəb oldu.
1963-cü ildə Xruşşovun silahdaşı, Sov.İKP MK-nın ikinci katibi Frol Kozlov səhhətiylə bağlı vəzifəsini tərk etdi və onun vəzifələri SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Leonid Brejnev və Nikolay Podqornı arasında bölündü. Təxminən bu andan Brejnev Sov.İKP MK üzvləri ilə onların əhval-ruhiyyəsini öyrənərək gizli danışıqlar aparmağa başladı. Adətən belə söhbətlər Brejnevin ov etməyi çox sevdiyi Zavidovoda olurdu. Xruşşova qarşı çıxanlar Brejnevdən başqa, DTK sədri Vladimir Semiçastnı, Sov.İKP MK-nın katibi Aleksandr Şelepin və Podqornı idi. Brejnev ətrafını daha da genişləndirir və hakimiyyəti ələ almaq üçün Siyasi Büro üzvü və ölkənin gələcək baş ideoloqu Mixail Suslov, müdafiə naziri Rodion Malinovski, SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini Aleksey Kosıgin və başqalarını öz ətraflarına cəlb edə bilmişdi. Kremldə Xruşşova qarşı əməlli-başlı müxalifət formalaşmışdı. Rəhbərə bu barədə məlumatlar çatdırılırdı.
Elə buna görə də 1964-cü ilin yayında Nikita Sergeyeviç Brejnevi SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsindən uzaqlaşdıraraq, onun yerinə Anastas Mikoyanı təyin etdi. Eyni zamanda, Xruşşovun çıxışlarının tonu Leonid İliç üçün yaxşı heç nə vəd etmirdi. Rəhbər Brejnevi yüksək vəzifələr üçün uğursuz kadr hesab edirdi. 1964-cü ilin sentyabrına qədər Xruşşov onlarla yüksək vəzifəli partiya və dövlət xadimini hədələyərək inzibati aparatda geniş rotasiya həyata keçirmək niyyətində olduğunu bildirdi. Artıq Nikita Sergeyeviç ona qarşı hücum planından məlumatlı idi. Amma Xruşşov bunu ciddi qəbul etmirdi.
“Brejnev qrupu” isə ciddi işlərlə məşğul idi və Xruşşovu vəzifədən uzaqlaşdırmaq üçün plan tam hazır idi. Oktyabrın əvvəlində Xruşşov məzuniyyətə getdi və noyabr ayına planlaşdırılan kənd təsərrüfatı üzrə MK-nın plenumuna hazırlaşmağa başladı. Sov.İKP MK Rəyasət Heyətinin üzvü Dmitri Polyanski öz xatirələrində yazırdı ki, oktyabrın 11-də Xruşşov zəng edərək ona qarşı intriqalardan xəbərdar olduğunu dedi və üç-dörd gündən sonra paytaxta qayıdacağını bildirdi. Xruşşovun mesajından xəbərdar olan Brejnev qəti addımlar atmağa başladı. Oktyabrın 12-də Kremldə Sov.İKP MK Rəyasət Heyətinin iclası keçirildi.
Qərara alındı ki, yaranmış fundamental xarakterli qeyri-müəyyənliklərə görə, növbəti iclası oktyabrın 13-də yoldaş Xruşşovun iştirakı ilə keçirilsin. Artıq ordu və DTK “Brejnev qrupunun” nəzarəti altında idi. Xruşşovun yerdəki təhlükəsizlik qüvvələri də tam zərərsizləşdirilmişdi. Oktyabrın 12-də axşam Xruşşovdan təcili olaraq Sov.İKP MK Rəyasət Heyətinə gəlməyi xahiş etdikdə, Nikita Sergeyeviç heç bir cavab tədbiri görmədi. Xruşşov yenə öz otağında rəqiblərinin üstünə qışqırmağa ümid edirdi. Amma bu dəfə baş katibin planları alt-üst oldu. Oktyabrın 13-də saat 15-də Kremldə Sov.İKP MK Rəyasət Heyətinin iclası başladı. Moskvaya gələn Xruşşov sonuncu dəfə sədr kürsüsünə əyləşdi. İlk söz alan Brejnev Xruşşova hansı sualların yarandığını izah etdi. Xruşşova özünün təcrid olunduğunu başa düşmək üçün Brejnev sualları vilayət komitələrinin katibləri tərəfindən qaldırıldığını vurğuladı. Xruşşovun özü təşəbbüsü ələ keçirməyə çalışsa da, artıq gec idi. Onun səhvlərini etiraf etməkdən başqa yolu qalmamışdı. Tənqidi çıxışlar iki gün davam etdi və oktyabrın 14-də Nikita Sergeyeviçin istefası qəbul edildi. Qərar saat 18-də Sov.İKP MK-nın növbədənkənar plenumunda rəsmiləşdirildi. Heç bir müzakirə aparılmadan “Yoldaş Xruşşov haqqında” qərar tez və yekdilliklə qəbul edilmişdi. Xruşşovun başına gələnlərdən ölkə xəbərsiz idi. Rəhbərin istefa xəbəri iki gün sonra yayıldı. Bu hadisədən ən çox zərərçəkən üç nəfərlik “Vosxod-1” kosmik gəmisində uçan kosmonavtlar oldular. Onlar oktyabrın 12-də kosmosa uçmuşdular. Ənənəyə görə, uğurlu enişdən bir gün sonra Xruşşova telefonla məlumat verməli idilər.
Lakin zəng baş tutmamış və ekipaj gözləməyə məcbur olmuşdu. Nəticədə oktyabrın 19-da kosmonavtlar Leonid Brejnevə hesabat vermişdilər. Yeri gəlmişkən, Leonid İliç də SSRİ rəhbəri kimi birmənalı qəbul edilmədi. Onun da xeyli sərgüşətləri var. Brejnev mükafat həvəskarıydı və sinəsinə orden, medal taxmaqdan xüsusi zövq alırdı. Onun bu həvəsinə görə günahlandıranlar bildirirdilər ki, Brejnev bunu Xruşşovdan öyrənib. Nikita Sergeeviç on illik hakimiyyəti dövründə üç dəfə Sosialist Əməyi Qəhrəmanı və Sovet İttifaqı Qəhrəmanı olmağı “bacarmışdı”. O, son titulunu təqaüdə çıxmasına 6 ay qalmış 70 illik yubileyi münasibətilə almışdı.
Vəli Həsənov,
KONKRET.az