Öz dilini bilməyən gəncə azərbaycanlı demək olarmı?! – KİMDİR GÜNAHKAR?backend

Öz dilini bilməyən gəncə azərbaycanlı demək olarmı?! - KİMDİR GÜNAHKAR?

Eldar Sabiroğlu

Tərifi indiki gənclik çox sevir. Əvvəllər bu həddə deyildi. Utancaqlıq deyilən bir söz vardı, böyük yanında gənc ədəb-ərkanla dayanar, özündən yaşlılara hörmət-izzət göstərərdi. Aldıqları təhsil, ailənin və mühitin tərbiyəsi gəncliyi cəmiyyət üçün yararlı vətəndaş simasında böyüdərdi. Gənclər valideynləri, onlara dərs verən, bilikli vətəndaş olaraq böyüdüb cəmiyyət üçün layiqli vətəndaş qismində yetişdirən müəllimləri önündə dərin bir məsuliyyət hiss edərdilər.

İndi gənclər müəllimləri ilə restoran və istirahət mərkəzlərində stəkan stəkana vururlar. Əvvəllər belə şeylərin sədasını eşidəndə heyrətlənərdik. İndi bəli, adiləşib. İrad tutarkəndə köhnə fikirli, keçmişin qalıqlarının daşıyıcısı deyə tənbeh edilirsən.

Rəhmətlik babam deyərdi:Səni tərifləyənin yanında yox, ağladanın yanında otur”. Gənclərdə doğrudan bir məsuliyyət, həqiqətsevərlik vardı. Tənqidi qəbul edərdilər. Müasir gəncliklə, çox yox 20 il bundan əvvəlki gəncliyi müqayisə etsək, fərqin nə qədər böyük olduğunu etiraf edə bilərik. Mənim indiki gəncliyi bütünlüklə qaralamaq məqsədim yoxdur. İstedadlı, geniş dünyagörüşlü, mənsub olduğu millətin və xalqın tarixini, ədəbiyyatını, mədəniyyətini gözəl bilən və ona canı-qanı ilə bağlı olan, əxlaqi-mənəvi dəyərlərin üstünlüyünü uca tutan, ictimai yerlərdə bu dəyərləri xüsusi ilə mühafizə etməyi unutmayan gənclərimiz az deyil. Onları gördükcə fərəh və iftixar hissi keçirirəm.

Lakin gənc oğlanın atası-dədəsi yaşında ağsaqqalın yanında damağında siqaret tüstüləyə-tüstüləyə şit zarafatlarına, yaxud özündən böyüklərin qarşısında gödək əlbisədə oturub, ayağını ayağının üstünə aşıraraq əyləşən gənc bir qızın davranışına sadəcə dözmək olmur.

Sizləri bilmirəm, mənim ürəyim ağrıyır. Bu cür “yeni təfəkkürlü” gənclərimizin sayı təəssüf ki, az deyil. Getdikcə artır!!! Çünki çağdaş demokratiyanın müasir gəncliyə bağışladığı çağdaş davranış hədiyyəsi bundan artıq ola bilməzdi ki!!! Mən belə demokratiyanın, gəncliyi öz milli-tarixi köklərindən ayırıb onu Avropalaşdıran, Qərbləşdirən təlimlərin ölüsü deyiləm? İndi necə baxırsınız, öz ana dilində kəlmə kəsə bilməyən, lakin ingilisi, fransızı, ispanı bülbül kimi ötən, Axundovu, Mirzə Cəlili, Sabiri tanımayan gəncə necə azərbaycanlı deyə bilərəm? Hüseyn Cavidin, Mikayıl Müşfiq və Əhməd Cavadın bir misrasını deməyə çətinlik çəkən soydaşımı necə bağrıma ala bilərəm?

Bəlkə ifrata varıram?! Ancaq bunlar həm də yaşadığımız dövrün gerçəkləridir. Soruşsanız ki, bəs günahkar kimdir, tərəddüd etmədən deyərəm: Ailə və təhsil!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*