Özbəkistanda GƏRGİN VƏZİYYƏT: İnsanlar evlərində donur, hökumət isə etirazlardan qorxur – İLGİNC DETALLARbackend

Özbəkistanda GƏRGİN VƏZİYYƏT: İnsanlar evlərində donur, hökumət isə etirazlardan qorxur – İLGİNC DETALLAR

Özbəkistanda inkişaf etməkdə olan enerji böhranı (elektrik enerjisinin kəsilməsi, qaz və elektrik enerjisi təchizatının ümumi azalması) fonunda ictimai-siyasi vəziyyətin ciddi şəkildə destabilləşməsi təhlükəsi mövcuddur.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hazırda ölkədə anomal şaxtalar hökm sürür. Məsələn, Daşkənddə son 50 ildə meteoroloji müşahidələr zamanı ən aşağı temperatur qeydə alınıb. Bununla əlaqədar mənzil-kommunal təsərrüfatı ilə bağlı problemlər özünü daha qabarıq göstərib. Hazırda Özbəkistan paytaxtının bir sıra rayonlarında insanlar küçələrdə yemək bişirmək üçün ocaq yandırmağa məcburdur. Eyni zamanda şəhərdə səyyar istilik məntəqələri açılır, lakin onların sayı əhalinin tələbatını ödəmək üçün kifayət etmir. Yerli hakimiyyət Daşkənd sakinlərini sakit olmağa çağırır və mövcud vəziyyəti bir neçə gün ərzində düzəltməyə söz verir. Lakin elektrik enerjisi və qazla bağlı vəziyyət daha da kritik həddədir. Belə ki, paytaxtı istiliklə təmin etmək üçün Özbəkistanın regionlarında təchizat praktiki olaraq sıfıra endirilib. Bir sıra bölgələrdə özbəklər hətta kəsilməsi qadağan olunan ağacları qıraraq odun kimi istifadə edirlər. Buna görə də cəmi bir həftə ərzində standart bir kisə kömürün qiyməti 30 min sumdan ( Özbək pul vahidi) 85 minə yüksəlib.

Verilən məlumatlara görə, artıq bir neçə gündür ki, Daşkənd şəhərindəki mənzillərdə temperatur 10 dərəcəni keçmir. Şəhərin özündə isə gecələr havanın temperaturu -20 dərəcəyə çatır ki, bu da Özbəkistanın paytaxtı üçün çox soyuq hal hesab olunur. Bu şəraitdə təkcə kommunal xidmətlər deyil, həm də hüquq-mühafizə orqanları fövqəladə iş rejiminə keçirilib. Hətta hərbi hissələrə də xəbərdarlıq olunub. Çünki hökumət baş verənlərin genişmiqyaslı etirazlar və iğtişaşlar üçün təkan olacağından ciddi şəkildə qorxur. Bu cür qorxular Özbəkistanın hüquq-mühafizə orqanları tərəfindən 800-ə qədər etirazçının saxlanılmasından sonra yaranıb. Ona görə ki, müxtəlif ərazilərdə artıq üçüncü gündür ki, evlərdə işıq və istilik yoxdur. Vətəndaşlar sadəcə olaraq evlərində donub qalıblar.

Özbəkistan prezidentinin mətbuat katibinin açıqlamasına görə, Prezident Şavkat Mirziyoyev fövqəladə iclasda Daşkənd meri Jaxongir Artıxojayevi, ölkənin energetika nazirinin müavini Şerzod Xocayevi və “İssiqlik Elektr Stasionar” ASC-nin idarə heyətinin sədri Farhod Abduraxmanov tutduqları vəzifələrdən azad edib. Onların işlərindəki ciddi nöqsanlara görə vəzifələrini itirdikləri açıqlanıb. Üstəlik, Mirziyoyev açıq şəkildə Özbəkistanın Dövlət Təhlükəsizliyi Xidmətinə işdən çıxarılan məmurların fəaliyyətinin araşdırılmasını tapşırıb. Ehtimal olunur ki, Daşkəndin mövcud vəziyyətinə və istilik mövsümünə hazır olmamasına görə, hakim Artıxojayev şəxsən məsuliyyət daşıyır və o, korrupsiyada ittiham oluna bilər. Çünki Daşkəndin bəzi rayonlarında Özbəkistan SSR dövründə çəkilmiş su və elektrik şəbəkələri hələ də işləyir. Artıxojayevdən başqa, Əfqanıstan və Qırğızıstana elektrik enerjisi və təbii qaz tədarükünü davam etdirən Özbəkistan hökumətinin başçısı Abdulla Aripova qarşı da oxşar iddialar var. Lakin hələlik prezident Mirziyoyev onun istefası ilə bağlı qərar qəbul etməyib.

Qeyd edək ki, Özbəkistanın paytaxtından kənarda qaz və elektrik təchizatı ilə bağlı vəziyyətin nə dərəcədə kritik olduğu dəqiq məlum deyil. Çünki özbək jurnalistlər kütləvi şəkildə hakimiyyətin təzyiqi ilə üzləşiblər. Belə ki, Özbəkistan Dövlət Təhlükəsizlik Xidməti bəzi nəşrlərin nümayəndələri ilə profilaktik söhbətlər apararaq onları onsuz da gərgin olan vəziyyəti daha da çətinləşdirməməyə çağırıb. Xüsusən də, Özbəkistan hakimiyyəti şiddətli şaxta səbəbindən bütün beynəlxalq avtobus daşımalarını, o cümlədən Rusiyaya reysləri dayandırdıqdan sonra yolda qalan insanlar barədə heç nə məlum deyil. Jurnalistlərə yalnız faciəvi olmayan hadisələr barədə məlumat yaymağa icazə verilir. Özbəkistanın bölgələrində hava şəraiti ilə bağlı vəziyyət çox ağırdır.

Məsələn, Özbəkistanla Tacikistan sərhədində, Surxandərya vilayətinin Saryasi rayonunda Sanqardak şəlaləsi donub. Və bu vəziyyət Özbəkistanın əsas ixrac məhsullarından birinə – meyvə ixracına ciddi ziyan vurur. Şiddətli şaxtalar praktiki olaraq nar, xurma və gilas bağlarını məhv edib. Bu baxımdan, çox güman ki, ictimai-siyasi vəziyyətin hazırkı qeyri-sabitliyi hakimiyyətlə açıq qarşıdurmaya çevriləcək. Çünki Özbəkistanın hakimiyyət orqanları kənd təsərrüfatı rayonlarının sakinləri olan dexkanlara itirilən məhsula görə kompensasiya verməkdən imtina edirlər.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*