Özbək politoloq: “Ermənistanın informasiya siyasəti qonşularına qarşı düşmən təbliğatı aparır”backend

Özbək politoloq: “Ermənistanın informasiya siyasəti qonşularına qarşı düşmən təbliğatı aparır"

Ötən il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi baş tutmadı. Buna səbəb Ermənistanın qeyri-konstruktiv siyasəti idi. Ermənistanın Qərblə əməkdaşlığı, sülh gündəliyini onlarla müzakirə etməsi, Azərbaycanın maraqlarına zidd olan bəzi prinsiplər iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını təxirə saldı. Azərbaycan – Ermənistan münasibətlərini daim diqqətdə saxlayan xarici ekspertlər isə güman edir ki, sülh müqaviləsi bu il imzalana bilər. Amma fərqli düşünənlər də var. Bunlardan biri də özbəkistanlı politoloq Rafael Səttarovdur.

KONKRET.az politoloqla müsahibəni təqdim edir:

– Cənubi Qafqazda sülh prosesinin perspektivlərini necə görürsünüz? 2024-cü ildə Ermənistanla sülh müqaviləsi imzalamaq mümkün olacaqmı?

– Azərbaycanla Ermənistan arasında dialoqun qeyri-sabit səviyyəsini nəzərə alaraq güman edirəm ki, yaxın vaxtlarda sülhdən söhbət gedə bilməz. Baxmayaraq ki, Ermənistan sülh müqaviləsinin hazırlanması ilə bağlı təmaslara girir. Amma onların silahlanmağa çalışdığını nəzərə alaraq,  ortamüddətli perspektivdə sülh müqaviləsinin imzalanmasının mümkünlüyünə nikbin baxmıram. Ermənistanın informasiya siyasəti öz cəmiyyətini sülhə hazırlamır. Onlar qonşularına qarşı düşmən təbliğatı aparır.

2024-cü il həm müsbət, həm də mənfiliklərlə yadda qala bilər. Bir sözlə, 2024-cü il xeyli siyasi sürprizlər vəd edir. Və bu dalğa sülh müqaviləsinin imzalanmasının dinamikasına da təsir edə bilər. Mənə elə gəlir ki, sülh müqaviləsinin əsas hissəsi Zəngəzur dəhlizi ilə bağlıdır. Bakı və İrəvan vacib məsələdə ortaq məxrəcə gəlməyincə, çətin ki, sülh müqaviləsi imzalansın. Azərbaycanla Naxçıvan arasında quru əlaqə qurulmayınca Bakı hesab edəcək ki, Azərbaycan qalib dövlət kimi öz məqsəd və vəzifələrini hələ tam həyata keçirməyib. Bu da müqavilənin taleyinə təsir edə bilər. Mənə elə gəlir ki, İranın tranzit imkanlarına 100 faiz güvənmək lazım deyil. İran marşrutu Zəngəzur dəhlizinə alternativ ola bilməz.

– Qərb Mərkəzi Asiya ölkələrinə Rusiya ilə münasibətləri şaxələndirmək tələblərini irəli sürür. Bununla nə demək istəyirlər?

– Özbəkistanın Rusiya və Qərblə bağlı strategiyası sırf iqtisadi praqmatizmdən, yəni ticarət və maliyyə səmərəsinin əldə edilməsindən ibarətdir. Buna əsaslanaraq, Daşkənd, bir qayda olaraq, tərəfdaşlıq əlaqələri qurur.  Özbəkistan öz iqtisadiyyatını fəal şəkildə diversifikasiya etsə belə, burada benefisiar cəmiyyət deyil, oliqarxiya və onun biznes strukturları ola bilər. Qərblə münasibətlərə gəlincə, indi Mərkəzi Asiya ölkələrinin onlara yanaşma metodu yalnız işgüzar münasibətlərə çevrilib. Qərb də öz növbəsində Mərkəzi Asiya ölkələrinin enerji resurslarına təhlükəsiz çıxış əldə etməyə çalışır. Məsələn, Fransa Qazaxıstan və Özbəkistanın uran ehtiyatlarına çıxış əldə etmək üçün dəridən-qabıqdan çıxır.  Qərb Mərkəzi Asiya ölkələrinin neft və qaz sənayesinə böyük sərmayələr qoyub. Bu baxımdan Özbəkistan və regionun digər dövlətləri artıq Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsinə qoşulublar. Münasibətlər elə səviyyəyə çatıb ki, bütün iştirakçılar birbaşa iqtisadi faydalarda maraqlıdır. Bununla belə, əlaqələrin tamamilə Qərbin xeyrinə şaxələndirilməsi və Rusiya ilə münasibətlərin kəsilməsi ümidləri özünü doğrultmadı.

– Bu mənada Mərkəzi Asiya ölkələri hələ də iki yolayrıcında qalırlar…

– Burada üstünlüklər də var. Məsələn, Avropa İttifaqından bizə gələn rəsmilər, xüsusən də sanksiyaların icrasına cavabdeh olan şəxslər demək olar ki, açıq şəkildə bildirdilər ki, onlar region ölkələrinin Rusiya ilə əlaqələrini tamamən məhv etmək niyyətində deyillər. Əsasən, Qərb Rusiya hərbi sənaye kompleksi üçün komponentlərin tədarükü ilə birbaşa məşğul olan müəssisələrə qarşı sanksiyalar tətbiq edir. Digər istehsallara münasibətdə Aİ tərəfindən total nəzarət və təftiş yoxdur. Ona görə də deyə bilərik ki, indi Özbəkistanın həm Qərblə, həm də Rusiya ilə iqtisadi əlaqələri yüksəlişdədir.

Hazırda nə qədər şirkətin baş ofisini Moskvadan Almatı və Daşkəndə köçürdüyünü nəzərə alsaq, deyə bilərik ki, yeni reallıqda əsas strategiya mümkün qədər çox maliyyə imkanları əldə etməyə hesablanıb.

Vəli Həsənov,

KONKRET.az

Mənbə: Caliber.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*