“Özünü yorma, Eldəniz” – Qaranlıq zirzəmilərin “rejissoru”backend

"Özünü yorma, Eldəniz" - Qaranlıq zirzəmilərin "rejissoru"

Bu dünyada fərqli düşüncə, fərqli dünyagörüşə sahib olan insanların öz amalı, öz yolu var. Bu yol bəzən hamar, bəzən kələ-kötür, daşlı – kəsəkli olur. Əksər vaxtlar isə hamar yolda özlərini axsaqlığa vurub yolun yararsız olduğunu sübut etməyə çalışanlar var.

Azərbaycan cəmiyyətində də belə hallarla rastlaşırıq. Belə insanlar bulanıq suda balıq tutmağın mahir ustalarıdır. Özünü cəmiyyətə iqtisadçı, siyasətçi, müxalifətçi kimi təqdim etməyə çalışan Qubad İbadoğlunun elektoratı sadəcə çayxana təfəkkürlü adamlardır. Səhərdən axşama çayxanalarda laqqırtı vuran bir sıra “siyasətçilər” özlərini ən ağıllı adam kimi göstərməklə dünyanın bütün regionlarında baş verən siyasi hadisələri “semiçka kimi çırtlayırlar”. Ağız deyənin qulağı eşitməyən yarıqaranlıq zirzəmilərdəki çayxanaların sakinlərinə çevrilən tüfeyli siyasətçilər və reket jurnalistlər bəzən uydurduqları illüziyalara az qalırlar özləri də inansınlar. Kənardan ağıllı mühakimə təsiri bağışlayan “siyasi dialoq”un mövzusu isə cəmi beş-on dəqiqəyə unudulur və qaranlıq zirzəmidə əriyib gedir.

Sabah eyni məkan, eyni adamlar və eyni mənzərə təkrar olunur. Həmin qaragüruhda alovlu nitq söyləyənlərdən biri də daim ictimai fikri yayındırmağa çalışan Eldəniz Quliyevdir. Əsl sənəti rejissor olan bu çayxana adamı öz sənəti ilə məşğul olmur. Eldəniz Quliyevin işi siyasi platformaları əlcək kimi dəyişmək və özünü siyasət adamı kimi təqdim edib ictimai yerlərdə boş-boş danışmaqdır. Bu tip adamlar bir qrup çayxana “siyasətçisi” ilə böyük işlərdən danışıb ürəklərini boşaltdıqdan sonra ölkənin ictimai-siyasi həyatını təftiş edib, burunlarını lap dərinlərə soxurlar. Özünü ziyalı hesab edən bu adam bir zaman “Ziyalılar forumu”nda, Milli şurada və digər təşkilatlarda Azərbaycan dövləti əleyhinə kampaniyalarda fəal iştirak edirdi.

Daim dövlətçilikdən və onun əsaslarından danışan bu cür adamlar Azərbaycanda qarşıdurma yaratmaqda, ictimai-siyasi proseslərin gərginləşməsində maraqlıdırlar. Dünya bazarında neftin ucuzlaşmasını az qala bayrama çevirən belə “siyasi qüvvələri” düşündürən milli maraqlar deyil. Əslində, dövlətə dəyən ziyandan mənəvi həzz alan bu cür “siyasətçilər”in məqsədi cəmiyyətdə narazılıq yaratmaq və bununla da özlərinin marağını təmin etməkdir.

ABŞ-dan Azərbaycana müxtəlif böhtanlar yağdıran Sevinc Osmanqızı və ona dəstək verən qüvvələrdə ölkəmizdəki stabillik az qala qıcıq doğurur. “Kaş mənim prezidentim Paşinyan olaydı” deyən Osmanqızının nisgilini başa düşmək olmur. Bəlkə erməni diasporundan alınan vəsait atasını 1-ci Qarabağ müharibəsində itirən bir insana faciəni unutdurmağa mane olur. Hər halda görünən budur.

Deməli, boş-boş vətən, millət, xalq deyib sosial şəbəkələrdən, internet televiziyalarından haray çəkənlərin mahiyyəti sadəcə eynidir. Dərhal özlərinin kim olduğunu və hara xidmət etdiklərini büruzə verən adamların “vətənpərvərlik” çağırışlarını eşitmək isə faciədir. Özlərindən daha çox vətənpərvər obrazı yaradan adamlar isə yenə iş başındadırlar. Eldəniz Quliyev və onun çağırışına hay verən dostları bu gün fərqli mövqe nümayiş etdirirlər. Günaşırı düşərgəsini dəyişən Eldəniz Quliyevin səsinin bu dəfə hansı siyasi düşərgədən gəlməsi müəyyən deyil. Amma yenə siyasi gündəmə gəlmək üçün qaranlıq zirzəmilərdə qatı siqaret tüstüsündən dumanlanan başların arasında adamın ağır-ağır başını yelləməsi və özünü daha “təmkinli” aparmasından sonra “dostları” ona biət edib və bu missiyanı onun başlamasına etiraz etməyiblər. Yəqin özünü yeni ampulada sınamaq istəyən, kinonun sirlərini az-çox bilən rejissorun könlünə yeni “siyasi rol” düşüb.

Amma sınaq çəkilişlərində heç nəyə yaramayan birinin bundan sonra nəyəsə yaraması ağılabatan deyil. Özünü yormasın.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*