Əbülfəz Elçibəyin tələbəsi, gəncəli, hazırda Rusiyada yaşayan, REGNUM informasiya agentliyinin Şərq redaksiyasının baş redaktoru, rusiyalı politoloq Stanislav Tarasovun sensasiya doğuracaq müsahibəsi hələ də diqqət mərkəzindədir. Müzakirələrin aktual olduğunu nəzərə alaraq onun daşnaklar, pantürkizm və digər tarixi məsələlərlə bağlı açıqlamalarını ixtisarla KONKRET.az-ın oxucularının da diqqətinə çatdırmaq istədik.
Qeyd edək ki, Stanislav Tarasov özünün bağlı qalan hansısa dissertasiyası barədə danışır və müsahibəsində Rusiya arxivlərində yatan bəzi məqamlara diqqət yönəldir. Onlardan biri də erməni daşnakları ilə bağlıdır. Politoloq öz müsahibəsində deyir:
“Daşnaklar çar administrasiyasının əsas rəqibi və eyni zamanda əsas tərəfdaşı idilər. Daşnaksütyun partiyasının Şərq və Qərb olmaqla iki bürosu var idi. Təşkilatın Şərq bürösu Tiflisdə, Qərbi bürösu isə Cenevrədə və qismən də Parisdə idi. Onların vəzifəsi belə idi: Ermənilərin siyasiləşmiş təşkilatının Şərq bürosunun əsas məqsədi Rusiya imperiyasının resurslarından istifadə etmək idi, Qərb bürosu isə Qərbin resurslarından. Əsas hədəf isə böyük Ermənistan qurmaq idi. Tapşırıq belə idi – Şərq bürosunu Rusiya tərəfinə çəkmək, Qərb bürosu isə başqa cür işləməli idi. Yeri gəlmişkən, bu, ermənilərin faciəsinə damğasını vurdu. Çünki Şərq bürosu özbaşına qərar verdi, o dövrün gənc nüfuzlu türklərilə – Ənvər paşa, Nazim paşa və başqaları ilə əlaqə saxladı.
Çar Rusiyası isə daşnak partiyasını maliyyələşdirdi. Və daşnaklar pantürkizmin rus variantının tətbiqinə öz töhfələrini verdilər. Buradan bir nəticə də var: pantürkizm çar hərbi kəşfiyyatının məhsulu idi.
Stanislav Tarasov müsahibəsində mühüm tarixi məqamlara diqqəti çəkir: “Türklərin sayca çoxluq təşkil etdiyi imperiya çoxmillətli idi. Burada anklavlardan söhbət gedir. Osmanlı İmperiyasında güclü erməni, yunan, yəhudi anklavları mövcud idi. Türklər ikinci yerdə olsalar da, dominant türk ideologiyası yox idi. Türk dili dövlət dili deyil, Osmanlı imperiyasında üstün dil frankofon, frankofil idi. Bu imperiyanı necə məhv etmək olardı? Məsələnin sadə həlli belə idi: Aparıcı etnik qrupa eyham vurulur ki, milli dövlətinizi qurun. Bu o deməkdir ki, digər etnik qruplar titrəməyə başlayır. Bu incə, nəfis təlim iki mərkəzdə tətbiq olunurdu: Sankt-Peterburqda, universitetdə və Baş Qərargahın zabitləri ilə şərq alimlərinin birlikdə təlim keçdiyi Kazanda. Və bu ideologiya Türkiyəyə gətirildi. Qasprinski, Akçura – bunlar hamısı onun məhsullarıdır. Onlar Osmanlı İmperiyasını zəiflətmək və Osmanlı İmperiyasının fraqmentləri üzərində psevdo-dövlət birləşmələri yaratmaq üçün hərəkətə keçdilər. Və 1908-ci ildən 1914-cü ilə qədər Osmanlı İmperiyasında pantürkist tipli bütün nəşrlər çar hökuməti tərəfindən maliyyələşdirilirdi.
Qeyd edək ki, Stanislav Tarasov bununla bağlı dissertasiya müdafiə etdiyini bildirir. O, hərbi-tarixi arxivdə Vorontsov-Daşkovun xüsusi fondunda gizli materialların mövcudluğundan danışır. Müəllif deyir ki, bu fonda yalnız xüsusi icazə ilə daxil olmaq olar.
S.Tarasov öz mənbələrinin də qısaldılmış adını deyir: “P2832 …
Politoloqa görə, bəzi mənbələr Müdafiə Nazirliyinə məxsus Podolskdakı arxivlərdə yerləşir.
Yeri gəlmişkən bu mənbələr agent vəsaitlərindən təşkil olunub. Belə fondlar hələ ki, tam qapalı sayılır.
KONKRET.az-ın ANALİTİK QRUPU