Şagirdlərə mətn yazdırdım və mətnə aid bir neçə qrammatik tapşırıq verdim. Tapşırıqlardan biri mətnin abzaslarını müəyyənləşdirməkdən ibarət idi. Aygün adlı qız üzündə narazı ifadə soruşdu:
– Müəllim, bütün abzasları tapmalıyıq?
– Əslində hamısını. Amma ən azı birini mütləq qeyd eləməlisiiniz.
Bu cavabımdan Aygünün üzü işiqlandi və əyilib parta yoldaşının qulağına nəsə demək istəyəndə mən cəld uca səslə əlavə elədim:
– Lap birinci abzas nəzərə alınmır ha!.
Aygün əlini partaya çırpıb yarı gülər, yarı dilxor halda:
– Eey, ay məliiim!… – deyə şikayətlə səsləndi. Mən onun üzünə yanıq verirəmmiş kimi baxıb şən-şən gülümsədim. O da mənim bu zarafatyana təşəxxüsümə təbəssümlə cavab verdi. İkimiz də məmnun idik: mən onun fəhmindən, gözüaçıqlığından məmnun olmuşdum, o isə mənim onun fəhminə göz qırpmağa aman verməmiş arifliyimdən.
Dərsin müəyyən bir məqamıdır. Heç bir giriş sözü söyləmədən qəfil deyirəm:
– Onların papağı olur, amma ayaqqabısı olmur, ayaqları yalın qalır.
Soruşurlar:
– Nəyin, müəllim?
– Sizcə, nəyin?.. Bir az düşünək, lövhəyə, divardakı sxemlərə diqqətlə baxaq, bəlkə, görərik onları.
Baxırlar, düşünürlər, pıçıldaşırlar. Qəfil bir neçəsi birdən hay-küylə səslənir:
-Qrammatik şəkilçiləriiin!…
-Gözəl!.. Əhsən!..
Məmnunluqla gülümsəyirlər.
Davam edirəm:
– Amma hərdən onların bəzilərinin bəxti gətirirr: ayaqları ayaqqabı görür. Sizcə, nə vaxt?
Çoxbilmiş birisi dərhal yerindən sıçrayıb səslənir:
– Qrammatik səkilçi leksik şəkilçidən əvvəl gələndə, – misal çəkməyə çalışır, – hmm.., eee, əmimgil, evimizdəki…
– Əla!.. Afərinn!..
“Yesss” deyə qolunu qatlayıb əzələ jesti göstərir yoldaşlarına.
–“Yes”i bundan sonrakı dərsdə Məlahət müəllimə deyərsən. Bu dərsdə olmaz. Yeri gəlmişkən, “yes” nə idi, ay uşaqlar?
Hay-küylə bütün “-izm”ləri qarmaqarışıq sadalayıb axır ki, lazim olanı tapırlar:
–Varvarizm!.. Varvarizm!…
–Düzdür! Afərin!..
Hay-küylə “Yeees!” deyə sevinclə qışqırir və dərhal da gülüşurlər. Mənim də əllərimi yana açıb başımı bulamaqdan və gülümsəməkdən başqa bir çarəm qalmır.
İmarət CƏLİLQIZI,
KONKRET.az