Ermənistan parlamentində bu gün 2026-cı ilin büdcə müzakirələri zamanı qalmaqal yaşanıb. Qeydiyyata cəmi 46 deputatın düşməsi səbəbindən yetərsay alınmayıb və iclas baş tutmayıb. Baş nazir Nikol Paşinyan isə əsəbi şəkildə zalı tərk edib. Hadisə ölkədə siyasi böhran ehtimallarını gündəmə gətirib.
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, bu hadisə Ermənistanda yaxınlaşan parlament seçkiləri ərəfəsində baş verən siyasi proseslərin tərkib hissəsidir:

“Gələn ilin yayında Ermənistanda parlament seçkiləri keçiriləcək. Düşünürəm ki, bu cür hadisələr təsadüfi deyil. Seçkilərə doğru gedən müddətdə Paşinyanın rəqibləri onun əleyhinə müxtəlif planlar quracaq. Bu hadisə də həmin planların bir hissəsidir”.
Ekspertin sözlərinə görə, Ermənistanda ümumi siyasi böhran mövcuddur, lakin bu, hələlik açıq şəkildə dərinləşməyib:
“Paşinyanın gücü revanşist qüvvələrə nisbətən daha yüksək olduğu üçün böhran tammiqyaslı deyil.
Ermənistanda cəmiyyətin böyük əksəriyyəti sülh tərəfdarıdır. Rusiya meyilli revanşistlər hələ də müharibə istəyirlər, amma onların sayı 20-25 faizdən çox deyil”.
Cavanşir Abbaslının fikrincə, yaxın aylarda Ermənistanda siyasi gərginlik davam edəcək:
“Hakim partiyanın müəyyən boşluqları belə situasiyaların yaranmasına səbəb olur. Amma növbəti iclasda yetərsayın təmin olunacağı gözlənilir. Bununla belə, Ermənistanda qarşıdan gələn seçkilər öncəsi siyasi mübarizənin daha da kəskinləşəcəyi aydın görünür”.
Ekspert əlavə edib ki, Paşinyanın reytinqi 50 faizdən yuxarı olsa da, beş il əvvəlki səviyyədə deyil və müəyyən qədər səs itkiləri müşahidə olunur.
Müşviq Tofiqoğlu
KONKRET.az
