“Müharibədə ermənilərin mülki obyektlərə və əhaliyə hücumu insanlıq ciayətidir”.
Bunu KONKRET.az-a açıqlamasında Azərbaycan Yüksəliş Partiyasının qurucusu Anar Əsədli bildirib.
Anar Əsədli qeyd edib ki, bu, hələ 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyalarının tələblərinin birbaşa pozulması deməkdir: “Hansı ki, Ermənistanda bu konvensiyaların şərtlərini qəbul edib. Bu konvensiyaların qısa məzmunu odur ki, Azərbaycan, Ermənistan və digər müharibə aparan digər ölkələr heç bir halda mülki əhalini hədəf almamalı, onların təhlükəsizliyi təmin edilməlidir. Azərbaycan Ordusu sadəcə bizim torpaqlarımızda yerləşən Ermənistanın hərbi infrastrukturunu və obyektlərini hədəfə alıblar. Biz müharibəyə başlayan dönəmdə Müdafiə Nazirliyi müraciət edərək bildirirdi ki, hərbi infrastrukturun yaxınlığında yerləşən mülki əhali mütləq oranı tərk etsin.
Azərbaycan müharibənin bütün qayda-qanunlarına hörmətlə yanaşır. Amma təəssüf ki, Ermənistan buna əməl etmir. Çünki Ermənistan terror dövlətidir. Ermənilər münaqişədə hər zaman mülki vətəndaşları hədəf alırlar. Xocalı soyqırımı yaxın tarixdir, bunu heç kim unutmur. Ermənilər hər zaman bu kimi mübarizələrdə soyqırıma, mülki əhalini qətlə yetirməyə meyillidir. Bu dövlətin vətəndaşları uzun illərdir ki, başqa etniklərə qarşı nifrətlə böyüyüblər, qidalanıblar. Bu baxımdan mülki əhalini hədəf seçməsi və beynəlxalq hüquq normalarını gözləməməsi normaldır”.
Anar Əsədli vurğulayıb ki, Zəngilanda doğulub və orada yaşayıb: “27 ildir ki, Zəngilandan məcburi köçkün düşmüşəm. Dəfələrlə qeyd etmişəm ki, nə qədər yaxşı cəmiyyətdə yaşayırsansa yaşa, istər-istəməz işğalın yaratdığı mənəvi və psixoloji travmanı hiss edirsən. Biz də uzun müddətdir ki, bu travma ilə yaşayırdıq. Amma əmin idik ki, bu torpaqlarımızı geri qaytaracağıq. Mən Ali Baş Komandana və Ordumuza təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət etsin. Təbii ki, biz öz torpaqlarımızı geri qaytaracağıq. Təsəvvür edin, mənim övladımın 16 yaşı var. Mən övladıma bu 16 ildə Zəngilandan danışan zaman başımı aşağı dikirdim. Amma bu gün qürurla danışıram. Bunun üçün də Ordumuza təşəkkür edirəm. İnanıram ki, biz yaxın zamanda Şuşaya bayrağımızı sancacağıq və bütün işğal olunmuş torpaqlarımız geri qaytarılacaq. Azərbaycan böyüyəcək, bütövləşəcək və güclənəcək”.
Nərgiz Mirzəyeva,
KONKRET.az