Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefa verməsi ilə bağlı xəbərlər ölkənin gündəmini zəbt edib. Bir çoxları Talıbovun vəzifəsindən getməsinə sevincini ifadə etsə də, buna hələ də inanmayanların sayı da kifayət qədərdir.
Talıbovun istefa xəbərini KONKRET.az-a şərh edən AĞ Partiya Başqanı Tural Abbaslı bildirib ki, son zamanlar Muxtar Respublikada aparılan yoxlanışlar, həbslər və korrupsiya ilə bağlı elan olunan rəqəmlər “Naxçıvan xanı”nın ya həbs ediləcəyi, ya da könüllü vəzifəsindən gedəcəyi ehtimalını artırırdı: “Doğrusu, onun həbs olunacağı ilə bağlı ehtimallar o qədər də inandırıcı deyildi. Çünki adətən Talıbov ranqlı məmurlar həbs edilmirlər, yalnız vəzifələrindən kənarlaşdırılırlar. Talıbovun istefası gözlənilən idi. Amma prosesin bu qədər sürətli və rahat olacağını düşünmürdük. Sevindirici haldır ki, nəhayət Naxçıvanın və naxçıvanlıların canı Talıbovlar ailəsindən qurtuldu”.
Tural Abbaslının sözlərinə görə, may ayına qədər referendum keçirilməli və Muxtar respublikanın statusu ləğv edilməlidir: “Naxçıvan da Azərbaycanın digər regionları kimi idarəetmə mexanizminə qaytarılmalıdır. Oranın ayrıca idarəetmə statusunda olmasına heç bir ehtiyac yoxdur. Hətta əksinə Qarabağ danışıqlarda Naxçıvanın Muxtar Respublika statusunda olmasını bizim əleyhimizə arqument kimi işlədirlər. Bu baxımdan Naxçıvanın statusunun ləğv edilməsi daha məqsədəuyğundur. Əgər bu, baş versə, o zaman Naxçıvana Prezidentin səlahiyyətli nümayəndəsi göndərilə bilər”.
Partiya sərdi əlavə edib ki, Talıbovun istefası fonunda Naxçıvanı Azərbaycana qatmaq lazımdır: “ İdarəçilik, yanaşma və qayda-qanun baxımından bunu etmək zəruridir. Heç kimə sirr deyil ki, bu günə qədər Naxçıvan özünü sözün əsl mənasında ayrıca Respublika kimi aparıb. Hətta pandemiya qaydalarına belə orada fərqli yanaşılıb. Bakı və Naxçıvan arasında fərqlər mövcud olub. Bu baxımdan düşünürəm ki, Naxçıvanı Azərbaycanın hüquqi yurisdiksiyasına qaytarmaq lazımdır. Əlahiddə bir statusa malik region olmamalıdır. Bu, gələcək üçün çox təhlükəlidir. Siyavuş Novruzovun və bəzi digər şəxslərin bunu nəyə görə müdafiə etdiklərini anlamıram”.
Müşviq Tofiqoğlu,
KONKRET.az