“Paşa Bank” Səlim Müslümovun oğlunu məhkəməyə verdibackend

“Paşa Bank” Səlim Müslümovun oğlunu məhkəməyə verdi

“Paşa Bank” ASC sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun oğlu barəsində yenidən məhkəmə iddiası qaldırıb.

KONKRET.az xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Ziya Şirinovun icraatına verilib.

“Paşa Bank” məhkəmə iddiasını kredit müqaviləsi üzrə mübahisələrlə əlaqəli olaraq qaldırıb.

Bank Səlim Müslümovun böyük oğlu Turqay Müslümlü ilə birgə ona məxsus “Orion Global” MMC (VÖEN – 1005080711) şirkətini də məhkəməyə verib.

Xatırladaq ki, “Paşa Bank” ötən ilin avqust ayında da Turqay Müslümlüyə qarşı bənzər iddia qaldırıb.

Barəsində iddia qaldırılan “Orion Global” MMC Səlim Müslümovun nazir vəzifəsində işlədiyi dövrdə – 23 noyabr 2017-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov, ev 7A ünvanında dövlət qeydiyyatına alınıb. Eyni ünvanda Səlim Müslümovun oğlanları – Turqay və Asim Müslümlü qardaşlarının rəhbərlik etdiyi başqa şirkətlər də qeydiyyata alınıb.

Turqay Səlim oğlu Müslümlü “Orion Global” MMC, “Orion Construction” MMC və “Orion Cars” MMC-nin qanuni təmsilçisi, Asim Səlim oğlu Müslümlü isə “Orion Creativ Solutions” MMC-nin qanuni təmsilçisidir.

“Paşa Bank”ın barəsində iddia qaldırdığı “Orion Global” MMC-yə hazırda Sadıqov Mirsadiq Sadıq oğlu rəhbərlik edir. Ötən ilin avqust ayında dövlət büdcəsinə böyük həcmdə – 102 min manatdan çox vergi borcu olan “Orion Global” MMC-nin hazırda (13 may 2024-cü il tarixinə) 5 min 841 manat 61 qəpik vergi borcu var.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. (yeniavaz.com)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*