Paşinyan Əliyevə ikitərəfli görüş təklifi edib? – Pərdəarxası detallarla bağlı İLGİNC AÇIQLAMAbackend

Paşinyan Əliyevə ikitərəfli görüş təklifi edib? - Pərdəarxası detallarla bağlı İLGİNC AÇIQLAMA

Erməni deputat Sərkis Xandanyan Moskva görüşü ilə bağlı bəzi təfərrüatları açıqlayıb və Paşinyanın Əliyevə ikitərəfli görüş təklif etdiyini deyib.

Hərçənd Xandanyanın bu açıqlaması real qarşılanmır və Ermənistan tərəfinin növbəti riyakarlığı kimi qarşılanır.

Mövzunu “KONKRET.az“a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Ermənistan tərəfindən verilən məlumatların əhəmiyyətli hissəsi dezinformasiya və ya manipulyasiya xarakterli olur:

“Xandanyanın açıqlamalarının bir çoxunun dezinformasiya olduğu açıq-aşkar görünür. Öncə qeyd edim ki, ikitərəfli formatda görüş təklifi bir il öncə Azərbaycandan gəlib. Bu, daha uyğun platforma hesab olunub. Ermənistan isə hər zaman bu formatdan yayınmağa çalışıb. Bu və ya digər formada özünə yaxın saydığı yeni himayəçilərinin görüşlərdə iştirak etməsini istəyib. Bu fikir Ermənistanın həm hakim, həm də müxalifət partiyalarında qəbul edilən bir düşüncədir. O ki, qaldı Paşinyanın belə bir təklif verməsinə və rəsmi Bakının bundan imtina etməsinə, bunu real saymıram. Digər tərəfdən, Ermənistan tərəfi son dövrlər sülhə və görüşlərə hazır olduğunu bəyan edir. Bütün bu məlumatların hamısı təbliğat kampaniyasının tərkib hissəsidir. Yaxud onlar sülh istəyən tərəf imicini yaratmaq üçün bu cür açıqlamalar verirlər. Amma məsələ ondan ibarətdir ki, Ermənistanın istədiyi sülh müqaviləsi yarımçıq sənəddən ibarətdir. Prinsipial məsələlər həll olunmadan sülh müqaviləsi imzalana bilməz. Bu, Ermənistan tərəfinə açıq şəkildə izah edilib”.

Politoloqun sözlərinə görə, ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı məsələ öz həllini tapmalıdır. Eyni zamanda minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməməsi Azərbaycanda ciddi etimadsızlıq yaradır. Ona görə də, İrəvanın öz öhdəliklərini yerinə yetirəcəyinə ümid azdır. Azərbaycan tərəfi isə bunu bildiyindən yarımçıq sülhə razılaşmır. Bütün məsələlər razılaşdırılmayana qədər sülhdən danışmaq mümkün deyil. İndi vəziyyət dəyişib və Ermənistan özü-özünü təkzib edərək Azərbaycanla yarımçıq sülhə can atır. Təbii ki, Azərbaycan bunu qəbul etməyəcək. Ona görə də, nəzəri baxımdan Paşinyanın bu təklifi etdiyinə inansaq belə, ikitərəfli görüşün heç bir mənası və nəticəsi olmayacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*