Paşinyan nə üçün Rusiyaya qarşı çıxır? – Türk siyasətçi ilə MÜSAHİBƏbackend

Paşinyan nə üçün Rusiyaya qarşı çıxır? - Türk ekspertlə MÜSAHİBƏ

“Azərbaycan və Ermənistan heç bir vasitəçi olmadan hər məsələni öz aralarında müzakirələrlə həll edə bilər”.

Bu sözləri Türkiyənin Demokratiya və Sıçrayış Partiyasının (DEVA) üzvü, “Polletika” platformasının sədri, siyasi ekspert Emirhan Yörük KONKRET.az-a müsahibəsində deyib.

Ekspertlə müsahibəni təqdim edirik:

– Emirhan bəy, 30 noyabrda Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı görüş keçiriləcək. Tərəflər arasında vasitəçi olmadan görüşlərin keçirilməsi sülh üçün daha faydalı ola bilərmi?

– Azərbaycanla Ermənistan arasında uzun illərdir gərginlik yaşanır. Əslində bu problem bir anda ortaya çıxmayıb, tarix boyu baş verib. Lakin artıq hər iki dövlət bu gərginliyi bitirmək niyyətindədir. Düşünürəm ki, Azərbaycan və Ermənistan heç bir vasitəçi olmadan hər məsələni öz aralarında müzakirələrlə həll edə bilər. Bununla yanaşı, həm can qardaşımız olan Azərbaycanla qopmaz bağlarımız olduğuna görə Türkiyə, həm də tarixi əlaqələr səbəbilə Rusiya masada yer ala bilər. Bu, sülhü daha da inkişaf etdirər. 30 noyabrdakı görüşün isə sülh üçün xeyirli olmasını arzulayıram.

– Sizcə, Türkiyə ilə Ermənistan arasında sərhədlər nə zaman açıla bilər?

– Sərhədlərin bağlı olmasına görə ən çox əziyyət çəkən tərəf məhz Ermənistandır. Türkiyə istər təbii qaz nəqli, istərsə də digər məsələləri Ermənistan olmadan Azərbaycan üzərindən həyata keçirə bilir. Yəni bizim üçün hər hansı problem yoxdur. Amma Ermənistanda uzun illərdir ticarət, enerji və kənd təsərrüfatı cəhətdən böyük və dərin böhranlar yaşanır. Bu səbəbdən də sərhədlərin açılması ən çox onların xeyrinə olacaq.

Düşünürəm ki, artıq regionda müharibəyə daimi şəkildə son verəcək addımlar atılmalıdır. Bunun üçün rəsmi İrəvan da öz iradəsi ilə qərarlar qəbul etməlidir. Ermənistan rəhbərliyinin ölkələrinin taleyini imperialist dövlətlərin ümidinə buraxması məntiqli deyil.

Türkiyə-Ermənistan sərhədlərinin açılması və münasibətlərin normallaşması üçün rəsmi İrəvan müharibə yönümlü siyasətindən əl çəkdiyini açıq şəkildə göstərməli, eləcə də keçmişdə etdiyi səhvləri etiraf etməlidir. Bunlar olacağı təqdirdə, yavaş-yavaş hər addım atıla bilər.

– Son zamanlarda Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) əleyhinə addımlar atmağa davam edir. Ümumiyyətlə, Ermənistanın KTMT-dən çıxmaq ehtimalı nə dərəcədə realdır?

– KTMT postsovet məkanında olduqca nüfuzlu bir təşkilatdır. Hətta Şərq və Qərb doktrinaları arasında zəif formada olsa belə, hələ də Şərqin ən görkəmli simvollarından biridir.

Lakin Ermənistanın indiki vəziyyətdə KTMT-dən çıxması real görünmür. Hazırda Ermənistanın sadəcə Rusiya və İranla sərhədlərinin açıq olduğunu nəzərə almaq lazımdır. Yəni İrəvan hakimiyyətinin Azərbaycan, Türkiyə və Gürcüstanla münasibətlərini tam düzəltmədən, sərhədlər açılmadan KTMT-dən çıxmaq kimi bir qərar verəcəyini düşünmürəm. Amma Ermənistanın KTMT-dən çıxmaq ehtimalı uzaq perspektivdə yüksəkdir.

– Həmçinin, Ermənistanın açıq-aşkar anti-Rusiya siyasəti apardığını da görürük. Necə düşünürsünüz, Nikol Paşinyan nə üçün davamlı şəkildə Rusiyaya qarşı addımlar atır?

– Ermənistan hakimiyyəti məğlub olduqları İkinci Qarabağ müharibəsində Rusiyadan kifayət qədər dəstək almadığını iddia edir. Nikol Paşinyan iqtidarı da bu səbəbdən anti-Rusiya addımları atır. Onu da nəzərə almaq lazımdır ki, Ukrayna müharibəsinə görə küncə sıxışan Rusiyaya qarşı bu addımları atmaq artıq hər zaman olduğundan daha çox mümkündür.

Üstəlik, hər seçkidə zəfər qazanan Paşinyanın Rusiyaya qarşı atdığı addımlarına xalq da dəstək verir. Düşünürəm ki, Rusiyanın mövcud vəziyyəti və xalqın Paşinyana dəstəyi nəzərə alınarsa, onun anti-Rusiya siyasəti səhv sayılmaya bilər.

– Mixail Saakaşvili Gürcüstan Prezidenti Salome Zurabişvilidən onu əfv etməsini istəyib. Bəs oradakı siyasi gərginlik fonunda Zurabişvili Saakaşvilini əfv edə bilər?

– Mövcud vəziyyətdə demokratik təsisatların fəaliyyəti və qanunun aliliyi böyük əhəmiyyət kəsb edir. Əfv etmək səlahiyyəti, ümumiyyətlə, dövlət başçılarına məxsusdur. Lakin bu səlahiyyətin həyata keçirilməsində demokratik prinsiplər, ədalətli məhkəmə prosesləri və qanunun aliliyinə hörmət də çox böyük önəm daşıyır.

Əgər Salome Zurabişvili Mixail Saakaşvilinin əfv edilməsi ilə bağlı qərar qəbul edəcəksə, bu qərarın demokratik proses çərçivəsində və hüquqi normalara uyğun qəbul edilməsi çox vacibdir. Hər bir şəxsə bərabər və ədalətli münasibət, məhkəmə prosesinin müstəqilliyi və şəffaflığı demokratik cəmiyyətin təməl daşlarıdır. Lakin bu prosesin siyasi gərginlik olduğu bir şəraitdə sülh yolu ilə həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edəcək.

Qərar demokratik dəyərlərə, qanunun aliliyinə və ədalətli məhkəmə proseslərinə hörmətlə yanaşaraq verilməlidir. Ümid edirəm ki, bu proses ölkənin birlik və həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində müsbət addımların atılmasına gətirib çıxaracaq. Lakin konkret olaraq, Zurabişvilinin Saakaşvilini əfv edəcəyini düşünmürəm.

Elmir Kamal,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*