“Paşinyan sülh müqaviləsini Türkiyədə imzalamağı təklif EDƏCƏK” – İLGİNC MÜSAHİBƏbackend

"Paşinyan sülh müqaviləsini Türkiyədə imzalamağı təklif EDƏCƏK" - İLGİNC MÜSAHİBƏ

“Hər fürsətdə Türkiyə ilə münasibətləri normallaşdıracağını bəyan edən Ermənistanın Baş naziri Nikol Paşinyanın Türk dünyası ilə mübarizəsinə son qoyaraq sülh müqaviləsinin Türkiyədə imzalanmasını təklif etməsini gözləyirəm”.

Bu sözləri Türk Xarici Siyasəti Araşdırma Mərkəzinin (TUDPAM) sədri, siyasi ekspert Hüseyin Yeltin KONKRET.az-a müsahibəsində deyib.

TUDPAM sədri ilə özəl müsahibəni təqdim edirik:

– Hüseyin bəy, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi hansı ölkədə imzalana bilər?

– Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması olduqca mühüm məsələdir. İllərdir davam edən münaqişənin sona çatması Azərbaycanla yanaşı, Türk dünyası üçün də olduqca dəyərlidir. Sülh müqaviləsinin imzalanmasının bu qədər vacib olması onun harada və necə baş verəcəyi sualını da gündəmə gətirir. Əslində burada ən mühüm məsələ sülhün əldə olunmasıdır. Təbii ki, müqavilənin imzalanacağı yerin belə mənası olduğunu nəzərə alsaq, hansı ölkənin seçiləcəyi də çox önəmlidir.

Hər fürsətdə Türkiyə ilə münasibətləri normallaşdıracağını bəyan edən Ermənistanın Baş naziri Nikol Paşinyanın Türk dünyası ilə mübarizəsinə son qoyaraq sülh müqaviləsinin Türkiyədə imzalanmasını təklif etməsini gözləyirəm. Məncə, bu addım Azərbaycan, Türkiyə və türk dünyasında inam yaradar. Amma təbii ki, Fransa və ABŞ-ın bu vəziyyətlə razılaşmayacağını da unutmaq olmaz. Çünki erməni lobbilərinin Paşinyanla mübarizə apardığı göz qabağındadır.

Ona görə də Fransa və ABŞ-dakı erməni lobbilərinin buna imkan verməyəcəyini görünür. Dolayısı ilə hazırda ölkə ilə bağlı proqnoz vermək çox çətindir. Amma qeyd etdiyim kimi, Paşinyan normallaşma məsələsində səmimi olduğunu sübut etmək üçün bu məsələdə Türkiyəni tövsiyə etməlidir.

– Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesində ABŞ, Rusiya, Fransa, Almaniya və Avropa İttifaqı vasitəçi olmağa çalışır. Bəs Türkiyə də bu müzakirələrə qatıla bilərmi?

– Əslində Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesinə bir çox regional və qlobal aktorların qatılmaq istəməsi geosiyasi cəhətdən gözləniləndir. Burada vacib olan əsas məsələ iki ölkə arasındakı problemin tamamilə həll olunmasıdır. Vasitəçi olacaq aktorlardan danışarkən də mövzunun əsas mahiyyətini nəzərdən qaçırmamalıyıq. Təbii ki, bu danışıqlarda iştirak edəcək aktor və ya aktorlar olacaq.

Ümumiyyətlə, Qafqaz həm Qərbə, həm də Asiyaya açılan bir qapıdır. Həmçinin, Türkiyə, Rusiya və İran kimi regional və qlobal aktorlar da bölgəyə yaxın olduqları üçün Qafqaz hər zaman diqqəti cəlb edir. Dolayısı ilə Azərbaycan və Ermənistan arasında danışıqlar hər iki ölkə üçün vacib olsa da, bu məsələ regional və qlobal qüvvələrin də diqqət mərkəzindədir.

Məsələn, ABŞ-ın bu baxımdan məqsədi erməni lobbisi ilə Rusiya və İranı nəzarətdə saxlamaq və onların bölgədə söz sahibi olmasına mane olmaqdır. Fransa isə açıq şəkildə ermənilərə dəstək verir. Düşünürəm ki, Almaniyanın da vasitəçi olmaq istəyinin arxasında iqtisadi maraqlar dayanır. Çünki Rusiyadan enerji təchizatının azalması və rus enerji kartından tez-tez istifadə etməsi Almaniyaya çox ciddi şəkildə təsir edib. Rəsmi Berlin bu səbəblərə görə Rusiyanın regionda həll yolları təklif edən güc olmasına imkanı vermək istəmir. Almaniya həmçinin, Rusiyanın bölgədəki gücünü və təsir dairəsini azlatmağı hədəfləyir.

Bütün bunların fonunda, Türkiyənin belə bir şahmat taxtasında yer almaması düşünülə bilməz. Yəni Türkiyə həm Azərbaycanla mədəni, tarixi və emosional bağlarına görə, həm də Ermənistanla normallaşma addımları atmaq baxımından danışıqlar prosesində vasitəçi olmalıdır. Üstəlik, Türkiyənin Türk dünyası ilə əlaqələrini gücləndirməsi baxımından da masa arxasında olması vacibdir. Bu vəziyyət həm Türkiyənin regional aktor kimi diplomatiyadan yaxşı istifadə etdiyini göstərəcək, həm də Azərbaycanın əlini gücləndirəcək.

– Rusiya bir müddətdir Zəngəzur vilayətinin Qafan şəhərində Baş konsulluq açmaq istəyir. İrəvanla Moskva arasında bu qədər gərginliyin olduğu bir zamanda belə addımın atılmasını necə dəyərləndirirsiniz? Bu, Ermənistana dəstək məqsədi daşıyır?

– Rusiyanın iki ilə yaxındır qaynar müharibə şəraitində olmasına rəğmən, ətrafında baş verənlərlə yaxından maraqlanması təbiidir. Qlobal güc olmaq və ya olmaq arzusu bunu tələb edir. Əlbəttə ki, belə vəziyyətlərdə sabitlik üçün qlobal aktorların yaxın ətraflarında sülhün bərqərar olmasını istəmələri vacibdir. Fəqət Rusiyanın Qafanda Baş konsulluq açmaq düşüncəsi birbaşa Ermənistana dəstək xarakteri daşımır. Nəzərə almaq lazımdır ki, İran yaxın zamanlarda Qafanda Baş konsulluq açıb və Fransanın da belə planı var. Region ölkələrindən olan Rusiyanın da belə bir siyasət yürütməsi başadüşüləndir. Yəni regiondan kənar bir qüvvənin lobbilərin dəstəyi ilə bölgədə Baş konsulluq açma planına qarşı Rusiyanın da regional və qlobal güc olaraq cavab verməsi normaldır. Əhəmiyyətli olan bu fikrin arxasında duran səbəbdir.

Onu da qeyd edim ki, Ermənistanın bu yaxınlarda Roma Statutunu təsdiqləməsi Rusiya ilə gərginlik yaşamasının əsas səbəblərindən biridir. Rəsmi İrəvan bunu Azərbaycana qarşı siyasi gediş kimi istifadə edəcəyini iddia etsə də, Kremlin Vladimir Putinin həbsi orderini icra etmək öhdəliyi götürən Ermənistana belə bir dəstək verəcəyini düşünmürəm. Məncə, Rusiyanın Qafanda Baş konsulluq açmaq istəməsinin əsas səbəbi regional və qlobal rəqabətdir.

– Son zamanlarda Rusiya-Ukrayna müharibəsinin gündəmdən düşdüyünü görürük. Xüsusilə, başda ABŞ olmaqla Qərb ölkələri Kiyev rejimini əvvəlki kimi dəstəkləmir. Maraqlıdır, bunun əsas səbəbləri nədir?

– Rusiya Prezidenti Vladimir Putinin 2022-ci il fevralın 24-də “xüsusi hərbi əməliyyat” adlandırdığı işğalın ikinci ilinə doğru gedirik. Müharibə başlayandan Rusiyanın işğalçı yanaşmasına müqavimət göstərməyə çalışan Ukraynanın mövcudluğu Qərb ölkələrinin milli və qlobal maraqları üçün qaçılmaz fürsət idi. Ukraynanın Qərbə inteqrasiya olmaq cəhdləri Rusiyanı çox narahat edirdi. Çünki Ukraynanın Avropa İttifaqına və NATO-ya daxil olması Rusiyanın milli maraqlarına uyğun gəlməyən bir vəziyyət idi. Həmçinin, NATO-nun öz missiyasını başa vurduğuna inanan Rusiyanın sərhədləri yanında Şimali Atlantika blokunu görmək istəmədiyi də məlumdur. Ona görə də bu vəziyyətə cavab olaraq Rusiya Ukraynanı demilitarizasiya etmək üçün işğala başladı. Hər nə qədər Kreml bunu “xüsusi hərbi əməliyyat” adlandırılsa da, yaşananların işğal olduğu ortadadır.

Qərb dövlətləri, xüsusən də ABŞ Ukraynaya həm müharibədən əvvəl, həm də ilk günlərdə intensiv dəstək vermişdi. Ukrayna bir növ “proksi müharibəsi” aparan aktora çevrilmişdi. Təbii ki, bunun arxasında bir çox səbəb dayanırdı. Məsələn, ABŞ-ın əsas məqsədi qlobal supergüc rolunu itirməmək və Avropa İttifaqı ölkələrini enerji cəhətdən özündən asılı vəziyyətə salmaq idi. Əslində, müharibədən az əvvəl Rusiyanın “Şimal axını-2” layihəsini ləğv etməsi və Avropaya qaz axınını azaltması Qərb ölkələrinin Ukraynaya dəstək verməsi üçün əsas səbəb oldu. Həmçinin, Ukraynanın zəiflədə biləcəyi Rusiyanın Avropa, Qafqaz, Yaxın Şərq və Asiya-Sakit okean hövzəsində əsas müəyyənedici aktor olmaqdan uzaqlaşdırılacağını nəzərə alan ABŞ və Qərb dövlətləri rəsmi Kiyevə dəstək verdi.

Məncə, bu gün Rusiya-Ukrayna müharibəsinin gündəmdən düşdüyünü iddia etmək bir az çətindir. Lakin gündəmin əsas mövzusundan uzaqlaşdığını söyləmək olar. Çünki dünyadakı döyüş meydanları günü-gündən genişlənir. Yaxın zamanda Azərbaycanın qələbəsi ilə nəticələnən İkinci Qarabağ müharibəsi, Yaxın Şərqdə davam edən qeyri-sabitlik, İsraillə HƏMAS arasında davam edən müharibə ABŞ və Qərb dövlətlərinin bir çox məsələlərlə məşğul olmasına səbəb olub. Bu regionlarda öz milli maraqlarını hesablayan ölkələr Ukraynanı taleyin ümidə buraxmasalar da, gündəmlərinin arxa sırasına salıblar. Bundan əlavə, Rusiya ilə Ukraynanı diplomatik üsullarla barışdıra bilməyəcəklərini dərk edən ölkələr diqqətlərini digər vacib məsələlərə yönəltməyə üstünlük verirlər.

– Bəzən Ukrayna Prezidenti Volodimir Zelenskinin devriləcəyi və ya seçki ilə göndəriləcəyi iddiaları yayılır. Ümumiyyətlə, Zelenskinin vəzifəsindən getməsi ilə müharibənin dayanma ehtimalı var?

– Bu, çox tez-tez yayılan iddiadır. Bu cür iddiaların necə və ya kim tərəfindən gündəmə gətirildiyi də nəzərə alınmalıdır. Gündəmin sosial şəbəkələr tərəfindən müəyyən olunduğu və yönləndirildiyi bir dövrdə yaşayırıq. Ona görə də sözügedən iddiaların dezinformasiyadan ibarət olduğu qənaətindəyəm. Çünki Zelenski müharibə başlayandan bu günə kimi Rusiyanın həm daxildən, həm də xaricdən gələn güclü təzyiqlərinə müqavimət göstərə bilib. Təbii ki, burada Qərb dövlətlərinin dəstəyini də unutmaq olmaz.

Rusiya-Ukrayna müharibəsində iki əsas fikir var. Bunlardan birincisi, Zelenskinin Qərbin dəstəyi ilə ölkəsini müharibəyə sürüklədiyi, ikincisi isə Putinin geri addım atmayacağıdır. Hər iki ehtimalı birlikdə nəzərdən keçirsək, Zelenski ölkəsini müharibəyə apardığı kimi, sona qədər müqavimət göstərməklə xalqının gözündə yarana biləcək mənfi rəyi silmək istəyəcəyini düşünə bilərik. Ona görə də Zelenskinin hakimiyyətdən gedə biləcəyini iddia etmək məntiqli deyil. Putin isə başladığı müharibənin uğursuzluqla bitməsini istəməyəcək.

Rusiyanın Ukraynaya qarşı müharibə apardığı görünsə də, Putin arxa plandakı aktorların kim olduğunu yaxşı bilir. O, buna uyğun olaraq lazımi gedişləri hazırlayır. Rəsmi Moskva müharibənin başından bəri Ukraynanın mahiyyət etibarı ilə Rusiyanın bir hissəsi olduğu və bununla bağlı lazımi prosesin davam edəcəyi bildirilir. Bu o deməkdir ki, Putin müharibəni ağlında bitənə qədər davam etdirəcək.

Ümumiyyətlə, Zelenski hakimiyyətdə qaldıqca və Putin bu düşüncədə olduqca, müharibənin qısa müddətdə bitməsi mümkün görünmür. Üstəlik, iddia edildiyi kimi, Zelenski hakimiyyətdən getsə və ya vəzifəsindən uzaqlaşdırılsa belə, Rusiyanın irəliləməkdən imtina edəcəyini də düşünmürəm.

Elmir Kamal,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*