2025-ci il 24 iyun tarixində Ermənistanın Baş naziri Nikol Paşinyan özünün sosial şəbəkə hesabında növbəti paylaşım edərək, Erməni Apostol Kilsəsi ilə gərgin mübahisəni daha da dərinləşdirdi və bu dəfə mövzuya şəxsi həyatına dair detallar da daxil oldu.
KONKRET.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, Ali Ruhani Lider – Katolikos II Qareginin (əsil adı Ktriç Nersesyan) mətbuat katibi onun guya sünnət olunduğuna dair iddia irəli sürüb.
Baş nazir bu iddialara cavab olaraq bəyan edib:
“Ktriç Nersesyanın mətbuat katibi bəyan edib ki, guya mən sünnət olunmuşam. Mən Ktriç Nersesyanı və onun nümayəndəsini qəbul etməyə və əksini sübut etməyə hazıram”.
Bu qeyri-adi bəyanat həm yerli ictimaiyyətdə, həm də mətbuatda geniş rezonans doğurub.
Daha sonra Paşinyan Kilsə rəhbərinə daha ciddi sualla müraciət edib:
“Gəlin o da, nəhayət, cavab versin: subaylıq andını pozubmu, övladı varmı, ya yox?”
Bu bəyanatlar, xüsusilə də Kilsə rəhbərinə qarşı səsləndirilən şəxsi xarakterli ittihamlar, son günlər Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında artan gərginliyin tavan nöqtəsinə çatdığını göstərir.
Xatırladaq ki, Paşinyan daha əvvəl də Kilsənin ünvanına bir sıra ittihamlar səsləndirmiş, hətta Katolikosun istefasını tələb etmiş və Kilsə rəhbərliyini korrupsiyada ittiham etmişdi.
Natiq Səlim,
KONKRET.az