Ermənistanın Baş naziri Nikol Paşinyan artıq ikinci ildir ki, 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə təbrikində Şuşanın adını çəkmir.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak”ın məqaləsində qeyd olunur.
Nəşr yazır ki, ermənilər son 30 ildə Şuşanın işğalının ildönümü kimi 9 may tarixində böyük şənlik keçirirdilər. Ölkə rəsmiləri də hər zaman İkinci Dünya müharibəsindəki qələbə ilə Şuşanın alınmasını eyni mətnlə qeyd edir və xalqa təbrik ünvanlayırdı. Lakin Paşinyan son iki ildə Şuşanın ümumiyyətlə adını çəkmir.
Hətta mayın 9-u keçmiş qondarma rejimin “ordusunun” da yaranma günü olub. Hər zaman bu münasibətlə ölkədə üç günlük bayram tətili elan edilib. Lakin son illərdə bu məsələ də sıradan çıxarılıb.
Məlumata görə, Paşinyan və komandası yerli hökumət idarələri, bələdiyyələr və digər qurumlara, o cümlədən siyasətçilərə təbrik mesajlarında Şuşanın adını çəkilməməsi əmrini veriblər. Ölkədə hakim Mülkü Müqavilə Partiyasına tabe olan bütün qurumlar bu əmrə riayət ediblər.