KONKRET.az xəbər verir ki, Ermənistanın Baş Naziri Nikol Paşinyan Corriere della Sera qəzetinə müsahibəsində Ankara ilə diplomatik münasibətlər barədə sualı cavablandırarkən söyləyib ki, “soyqırımdan bir əsrdən çox vaxt keçməsinə baxmayaraq, Türkiyə hələ də ermənilər tərəfindən mümkün təhlükə mənbəyi kimi qəbul olunur”.
Baş Nazirin sözlərinə görə, lakin Ermənistan heç bir şərt olmadan Türkiyə ilə diplomatik münasibətləri bərpa etməyə hazırdır: “Biz demişdik və yenə də təkrar edirəm ki, heç bir şərt olmadan Türkiyə ilə diplomatik münasibətləri bərpa etməyə hazırıq. Erməni Soyqırımının beynəlxalq səviyyədə tanınmasını Türkiyə ilə münasibətlərimizin ilkin şərti hesab etmirik. Bu tanınma, onlarla münasibətlərimiz üçün deyil, dediyim kimi, soyqırımların qlobal qarşısının alınması üçün zəruri olan çox vacib bir prosesdir”.
Baş Nazir ABŞ Nümayəndələr Palatası tərəfindən Erməni Soyqırımının tanınmasına da toxunub, bunun insanlığa qarşı gələcək cinayətlərin qarşısını almağa kömək edəcək çox vacib bir addım olduğunu qeyd edib. Onun sözlərinə görə, Ermənistan xarici tərəfdaşlarla işləyir ki, mümkün qədər çox ölkə “erməni soyqırımı”nı tanısın və nəticədə bu həqiqətin dünya miqyasında tanınmasına nail olsun: “Üstəlik, bu cür qərarlar bizim regionda atmosferi dəyişdirir. Hamı bilməlidir ki, təcavüzkar siyasətin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməyəcək. Təəssüf ki, soyqırımdan bir əsrdən çox keçəndən sonra Türkiyə hələ də ermənilər tərəfindən təhlükə mənbəyi kimi qəbul olunur. Sərhədimizin bizim tərəfimizdən deyil, Türkiyə tərəfdən bağlanmasından təxminən 30 il ötür. Biz tərəfdən sərhəd açıqdır”.